PDF Oxu

Sosial

  • 33

Ehtiyacı olan jurnalistlər evlə təmin ediləcək

Ehtiyacı olan jurnalistlər evlə təmin ediləcək

Bildiyiniz kimi, 2010-cu ildə milli mətbuatın 135 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən mətbuat işçilərinin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün 5 milyon manat pul vəsaiti ayrılmışdır. Jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə tikintisi nəzərdə tutulan binada mənzillərin paylanması hansı formada həyata keçiriləcək? Jurnalistlər onlara veriləcək mənzillərdən razı qalacaqmı? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.


Elçin Mirzəbəyli,

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:


- Hesab edirəm ki, mənzilə ehtiyacı olan jurnalistlər müstəqil formada KİVDF-yə müraciət etməlidilər. Burada fəaliyyət göstərən müvafiq komissiya isə həmin şəxslərin mənzil şəraitini, mediadakı iş fəaliyyətini və xidmətlərini nəzərə alaraq bir qərar çıxarmalıdır. Düşünürəm ki, bu, ən obyektiv bir seçim və yanaşma tərzi olardı. Bir sözlə, bu məsələ ilə bağlı səslənən bütün fikirləri dəstəkləyirəm. Hesab edirəm ki, bu günə kimi mətbuatın inkişaf yolunda həyata keçirilən layihələr necə obyektiv şəkildə aparılıbsa, bundan sonra da bu formada davam etdiriləcəkdir.

Paylanılacaq bu mənzillərdən jurnalistlərin razı qalıb- qalmayacağı ilə bağlı öncədən birmənalı münasibət bildirmək çox çətindir. Təbii ki, narazı qalan jurnalistlər də olacaq. Jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tikilməsi nəzərdə tutulan mənzillərin paylanması ilə bağlı müvafiq komissiya yaradılarsa, onlar da çıxarılacaq qərarın arxasında durmağı bacaracaqlar. Düşünürəm ki, mətbuat işçilərini mənzillə təmin etməyin özü çox humanist bir addımdır. Azərbaycan dövləti və mətbuatı günü-gündən daha yüksək səviyyədə inkişaf etməkdədir. Düşünürəm ki, zaman keçdikcə medianın özü öz problemlərini həll etmək gücündə olacaqdır. Arzu edərdim ki, ölkə mətbuatı elə bir səviyyəyə çatsın ki, mətbuat sahəsində çalışan hər bir müxbir öz şəxsi vəsaiti hesabına mənzil eldə etmək imkanı qazansın.


Akif Aşırlı,

"Şərq" qəzetinin baş redaktoru:


- Jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tikintisi nəzərdə tutulan binada hələ işlər başlanmayıb. Həmin binanın tikilib başa çatması iki il vaxt aparacaq. Yəni bu iki il müddətinə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini və oraya nələrin əlavə olunacağını biz bilmirik. Ona görə də, bu məsələ ilə bağlı əvvəlcədən bir fikir söyləmək çətindir. Əlbəttə ki, biz media işçiləri, çox arzu edərdik ki, həmin bina tikilib qurtarandan sonra mənzillər jurnalistlər arasında ədalətli şəkildə bölünsün.

Çalışmaq lazımdır ki, mənzillərin paylanılmasından hər bir jurnalist razı qalsın. Düşünürəm ki, mənzilə ehtiyacı olan jurnalistlər mənzillə təmin ediləcəkdir.


GÜLYANƏ

Digər xəbərlər