PDF Oxu

Sosial

  • 45

28 İyul “Dünya Hepatit Günü”dür

28 İyul “Dünya Hepatit Günü”dür

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə "Dünya Hepatit Günü" elan edilib. ÜST-ün Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, hepatit C (HCV) hər il dünyada 350 min insanın ölümünə səbəb olur. Təşkilatın hesablamalarına görə, hər il dünyada bu xəstəliyə yoluxmuş 130-170 milyon insan qaraciyər serrozu, qaraciyər xərçəngi kimi xəstəliklərə yoluxma riski ilə yaşayır.

Hepatit C bu günə qədər tapılmış altı hepatit viruslarından (A, B,C,D,E və G) biridir. HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir. Virus qaraciyərdə və qanda aşkarlanır. HCV qaraciyərə gizlicə zərbə vura bilən virusdur və onunla yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayət olmur. Zaman keçdikcə, Hepatit C virusu tədricən qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ya serroza gətirib çıxara bilər. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması - qaraciyər serrozu ilə nəticələnir. Hepatit C virusu qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. Amma infeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasiyentlərin orqanizmi antivirus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Əhali arasında bu infeksiyaya yoluxmanın sayına görə, ilk üçlükdə Misir, Pakistan və Çin yer alır.

Hepatit C yoluxucu xəstəlikdir. Belə xəstəliklər həmişə var. Amma hazırda Azərbaycanda bununla bağlı artım yoxdur, stabillikdir. Xəstəlikdən qorunma hər bir insanın öz üzərinə düşür. Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq ölkədə xəstəliyin aşkarlandığı ərazilərdə tədbirlər həyata keçirilir. Nazirlikdə qeydiyyata düşən bütün xəstələr nəzarətdə saxlanılır və onlar mütəmadi olaraq müayinə və müalicə edilirlər. Bu ilin altı ayı ərzində Azərbaycanda hepatit C virusuna yoluxma ilə bağlı 93 hadisə qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,6 faiz azdır. 2010-cu ildə ölkədə 125 yoluxma halı qeydə alınıb. Bakı şəhəri üzrə isə bu ilin altı ayı ərzində 31 belə hadisə qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 42 olub. Bu da 26,2 faiz azalma deməkdir.

Dünya əhalisinin hər 12 nəfərdən biri hepatit B və C-nin yolxucularıdırlar. Elmə məlum olan 6 virus hepatiti mövcuddur- hepatit A, B, C, D, E və G. Bunlar bir-birində törətdiyi xəstəliyin kəskinliyinə və yayılma növlərinə görə fərqlənirlər. Hepatit B və C bu sadaladıqlarımızdan ən təhlükəliləridir. Hepatit B mövcud olan 6 növ hepatit viruslarından biri və ən təhlükəlilərindəndir. Ona görə təhlükəlidir ki, insanın özünün belə xəbəri olmadan bu virus bədənə daxil olur, qaraciyərə keçir və qaraciyər hüceyrələrini zədələyir. Bu zaman qaraciyərdə normal hüceyrələr getdikcə azalır və onun yerini heç bir əhəmiyyəti olmayan birləşdirici toxumalar əvəz edir və çox vaxt da qaraciyər xərçənginə çevirir. Bu virusa yoluxandan 20-30 il sonra qaraciyərdə pozulma baş verir və öz funksiyasını yerinə yetirə bilmir. Virusun bədənə keçmə halları müxtəlifdir. Virusun cinsi yolla bədənə daxil olma ehtimalı çox azdı: cəmi 2 faiz. Əsasən, qanla venadaxili iynə vurarkən, narkomanlar bir-birlərinin iynələrindən istifadə edərkən, tibbi iynə təsadüfən ələ və ya vücudun hər hansı bir hissəsinə batarkən virus bədənə daxil olur. Hətta doğuş zamanı yoluxma riski daha böyükdür. Bu halda virus anadan uşağa keçir. Ən təhlükəlisi də odur ki, yoluxmadan insanın xəbəri olmur. Xəstəliyə yoluxma zamanı özünü büruzə verən əlamətlər əsasən bunlardır: gözlərdə və üzdə sarılıq, temperaturun qalxması, qusma, kəskin ağrılar, ümumi zəiflik. Bu hallar 7-10 gün davam edir. B virusuna qarşı heç bir spesifik müalicə üsulu yoxdur, ancaq ümumi halda bu virusun yaratdığı fəsadları müalicə etmək mümkündür. B virusunun ən tez 6 ay inkubasiya (inkişaf) dövrü var. İmmuniteti güclü olan insanlarda bu virusa yoluxma riski bir qədər aşağıdır. Yaşlı və sağlam insanlarda yoluxma 10 faizdir. Lap sağlam insanlarda bu virusa yoluxma ehtimalı cəmi 4 faizdir. Bu, daha çox insanın bədənindəki immunun gücündən asılıdır. Yaşlı insanların bədənində immunitet güclü olduğundan virus xroniki hala keçmir. 6-12 yaş arası uşaqlarda bu göstərici 50 faizdir. Uşaqlarda immunitet zəif olduğundan, tam yarı faiz virusun bədəndə qalma ehtimalı var. Yeni doğulanlarda bu faiz 1-5 arası dəyişir, yəni 95 faiz yoluxma və virusun bədəndə qalma ehtimalı var. Çünki onlarda immunitet sistemi yeni formalaşır.

Hepatit B-nin xüsusi müalicəsi yoxdur. Hepatit B-yə yoluxan kəskin və xroniki xəstələr, sadəcə olaraq, qaraciyəri qorumaq üçün mübarizə aparırlar. Virusun özünü məhv etmək mümkün deyil. Amma hepatit B virusunun bir üstün cəhəti ondan ibarətdir ki, B virusuna qarşı vaksin var. İnsanlar özlərini vaxtında vaksinasiya edərlərsə, eləcə də, bədənin immun sistemi nə qədər güclü olarsa, virusa yoluxma riski bir o qədər aşağı olar. Hər kəs mütləq ildə iki dəfə həkim müayinəsindən keçməli və bu virus əleyhinə peyvənd olunmalıdır. Periodik olaraq qara ciyərlərinin funksionallığını yoxlatmaq sağlamlığa nəzarətdir. Qaraciyər üçün zərərli olan qidalardan çəkinmək lazımdır, əsasən də, yağlı qidalardan imtina etməyə çalışmaq gərəkdi. Siqaretdən və alkaqollu içkilərdən uzaq olunmalıdır. Ümumdünya Hepatit Alyansı hər ilin 19 mayında virus hepatitlərinə qarşı aksiyalar təşkil edir. Bu, beynəlxalq bir aksiyadır. Məqsəd ondan ibarətdir ki, insanları virus hepatitləri haqqında maarifləndirsinlər.

Xatırladaq ki, Hepatit B AİDS-dən də daha çox faizlə desək, 100 dəfə çox yoluxucu xəstəlikdir.


NƏZAKƏT

Digər xəbərlər