Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi uğurla davam edir. YAP Gənclər Birliyinin təşkil etdiyi layihədə bu il 600-dən yuxarı gənc iştirak edir. Artıq "Yay məktəbi"nin 3-cü mərhələsi başlayıb. Layihə çərçivəsində gənclərdən ibarət 50-55 nəfərlik qruplar Lerik, Qəbələ, Şəki və Oğuzda 5 gün ərzində maraqlı vaxt keçirirlər.
Gənclər tanınmış şəxslərlə görüşlər keçirir, müxtəlif diskussiya və dəyirmi masalarda iştirak edir, sosial şəbəkələrdə "Yay məktəbi" ilə əlaqədar geniş proqramlar ortaya qoyurlar. Həmçinin, gənclərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar müxtəlif proqramlar hazırlanır, layihə iştirakçılarının istirahətinin daha maraqlı keçməsi üçün Azərbaycanın görməli yerlərinə ekskursiyalar da təşkil olunur.
Qeyd edək ki, iyulun 24-dən başlanan "Yay məktəbi" layihəsində Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmli, YAP GB-nin sədri Seymur Orucov, Oğuz rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. "Yay məktəbi" avqustun əvvəllərində öz fəaliyyətini yekunlaşdıracaq. Yay məktəbində respublikanın bütün rayonlarından olan gənclər iştirak edir. Qış aylarında isə gənclər üçün "Qış məktəbi" layihəsinin keçirilməsi nəzərdə tutulur.
A.SƏMƏDOVA