PDF Oxu

Sosial

  • 41

Ermənistan işğalçı bir ölkədir

Ermənistan işğalçı bir ölkədir

Artıq 20 ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal olunub. Azərbaycan tərəf Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində aparılan danışıqlara böyük ümidlərlə gedir. Lakin işğalçı ölkə olan Ermənistan sözügedən münaqişə ətrafında aparılan danışıqlara getsə də, son məqamda öz qeyri-konstruktiv mövqeyindən əl çəkməyərək, heç bir razılığa gəlmir. Eyni zamanda, bütün dünya ölkələri çox gözəl bilir ki, Ermənistan işğalçı bir ölkədir. Bu baxımdan, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün antiterror əməliyyatları həyata keçirərsə, dünya birliyinin buna münasibəti necə olar? Bütün bu məsələlərə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.


- Təbii ki, Azərbaycan dövlətinin bütün hüquqları var ki, öz ərazilərində Azərbaycan mərkəzi hakimiyyətinə tabe olmayan silahlı qüvvələri zərərsizləşdirsin. Buna istər beynəlxalq hüquq, istərsə də Azərbaycanın özünün cinayət məcəlləsi, Azərbaycan hakimiyyətinə bu addımı atmağa tam şəkildə imkan verir. Azərbaycan tərəfi həmin ərazilərdə antiterror əməliyyatları həyata keçirsə, buna həm Avropa, həm də ABŞ ölkələri qarşı çıxacaq. Xüsusilə də, Ermənistanın ən böyük havadarı olan Rusiya da buna qarşı çıxacaqdır. Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların indiki mərhələsində Azərbaycan tərəfi, çox güman ki, buna getməyəcəkdir. Çünki burada işğalçı ölkə olan Ermənistan bəhanə edərək deyəcək ki, bu danışıqlar prosesini Azərbaycan tərəfi pozdu. Guya Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimləməsini istəməyən Azərbaycan tərəfidir. Bu baxımdan, hesab edirəm ki, həmin ərazilərdə antiterror əməliyyatları həyata keçirilərsə, ən azından, biz ermənilərə imkan vermiş olardıq ki, onlar informasiya mübarizəsində bizə üstün gəlsinlər. Bu baxımdan, fikrimcə, hələ ki, danışıqlar prosesini davam etdirmək lazımdır. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə olan ümidlər tam şəkildə sönməyib. Bir sözlə, dünya ictimaiyyəti də Azərbaycanın öz qanuni ərazilərində bu cür hərbi əməliyyatlar aparılmasına birmənalı yanaşmayacaqdır. Azərbaycan tərəfi gözləməlidir ki, Ermənistanın bütün potensialı tamamilə tükənsin. Yəni işğalçı ölkə olan Ermənistan bu destruktiv mövqeyində dayanmaq iqtidarında olmasın. Ermənistan əvvəl-axır danışıqlar masası arxasına könüllü şəkildə oturaraq, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında bir razılığa gələcəkdir. Çünki Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsusdur.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər