ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq bəyanatla çıxış ediblər. SİA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ilin 11-18 iyul tarixlərində Moskva, Vilnüs, Bakı və Yerevanda səfərdə olublar.
ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə birgə həmsədrlər iyulun 11-də Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Minsk Qrupu çərçivəsindəki təmasları müzakirə ediblər. Vilnüsdə isə iyunun 13-də həmsədrlər xarici işlər naziri Audronius Ajubalisi 24 iyun Kazan görüşündən sonra atılan addımlar və sülh prosesi barədə məlumatlandırıblar.
Bakı və Yerevanda həmsədrlər müvafiq olaraq Prezident İlham Əliyev və prezident Sarkisyanla görüşüblər. Həmsədrlər prezidentlərlə görüşdə baza prinsipləri üzrə razılığın əldə edilməsinin yekun çözümə dair danışıqlar üçün vacibliyini qeyd ediblər. Onlar vurğulayıblar ki, indi region xalqlarının davamlı sülh, təhlükəsizlik və barışığa qovuşması naminə siyasi iradə nümayiş etdirmək zamanıdır.
Prezidentlər çərçivə sənədi üçün təklif edilən formullara münasibətlərini açıqlayacaqlarına və sülh çözümünün əldə edilməsi üçün həmsədrlər və həmsədr dövlətlərlə əməkdaşlığa sadiqdirlər".
Bu arada Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə hər iki nazir maraqlı açıqlamalarla çıxış ediblər. "Baza prinsipləri layihəsinin "Ermənistan və Azərbaycan prezidentləri sülh razılaşması üzərində işə başlamağı qərara alıblar" sözləri ilə başladığını söyləsəm, böyük sirr açmış olmaram.
Daha sonra hazırda razılaşdırmağa çalışdığımız və sülh razılaşmasına daxil olacaq prinsiplər sadalanır. Hələlik, o prinsiplərin heç də hamısı ilə bağlı konsensus yoxdur". İTAR-TASS agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın xaric işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həmsədrlərin düşüncəsinə əsasən, bu siyasi sənədin razılaşdırılması sülh anlaşması üzərində sonrakı iş üçün çox vacibdir: "Bu sənəddə müqaviləyə daxil olacaq xeyli məqam var. Lakin bir sıra başqa müddəalar da var ki, onların sayı az olsa da, həlledici əhəmiyyətə malikdir. Hələlik bu müddəalar üzərində iş gedir".
E.Məmmədyarov isə qeyd edib ki, hər hansı isterika olmadan problemin müzakirəsini davam etdirmək lazımdır: "Hazırda müzakirə olunan prinsiplər, doğrudan da, siyasi sənəddir və hüquqi öhdəliklər ehtiva etmir. Hesab edirəm ki, biz hüquqi məcburiyyəti olan sənədin - yəni sülh müqaviləsinin müzakirəsinə başlamalıyıq. Bunun üçün zaman yetişib".
Qeyd edək ki, E.Məmmədyarov Moskvaya səfəri zamanı Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərinə Azərbaycan Prezidentinin cavabını Dmitri Medvedevə çatdırıb.
"Azərbaycan, ümumilikdə, hesab edir ki, Kazan görüşündə tərəqqi əldə olunub. Əlbəttə, hamı Kazanda kəskin sıçrayış baş verməsini istəyirdi, lakin hər halda biz irəliyə doğru davamlı addımlar atırıq. Hamı başa düşür ki, hazırkı vəziyyət heç bir tərəfi, o cümlədən, həmsədrləri - ABŞ, Rusiya və Fransanı və qonşularımızı da qane etmir.
Bu kontekstdə biz irəliyə doğru addımlamalıyıq. Ərazilərin işğalı, etnik təmizləmə, qaçqın və məcburi köçkün problemləri arxada qalmalı, əməkdaşlıq, inkişaf, çiçəklənmə region, ilk növbədə isə, Azərbaycan və Ermənistan üçün əsas məsələyə çevrilməlidir",- deyə E. Məmmədyarov vurğulayıb.
Qeyd edək ki, Kazan görüşündən sonra danışıqların Minsk Qrupu formatında deyil, BMT formatında həll edilməsi məsələsi gündəmə gəlib. Artıq bütün siyasi müşahidəçilər Minsk Qrupunun işinin hansısa bir nəticəsinin olacağına dair də heç bir şey gözlənilmədiyini söyləyirlər. Minsk Qrupunun 3 üzvü var və hər birinin Ermənistana və Azərbaycana münasibətləri fərqlidir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri, konkret olaraq, Ermənistanı dəstəkləyən dövlətlərdən təşkil olunub. İkinci bir tərəfdən bu qrupun, ümumiyyətlə, ATƏT-in nə münaqişə həll etmək təcrübəsi, nə də bunun üçün təzyiq mexanizləri yoxdur.
Dağlıq Qarabağ münaqişəsi BMT-yə gətirilsə, ədalətli şəkildə onun həll olunması ehtimalı var. Ermənistan və Rusiya da bunun fərqindədirlər, çünki köhnə formatla məsələnin çözülmə ehtimalı sıfıra bərabərdir.
Onu da qeyd etmək lazımdır ki, bu münaqişənin həlli böyük dövlətlərin, xüsusilə də, Rusiyanın marağında olmadıqca, problemin həlli də uzanacaq. Etiraf etmək lazımdır ki, hazırda status-kvonun dəyişməsi nə Qərbə, nə Rusiyaya, nə də İrana sərf eləmir.
Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib rolu Rusiya oynayır. Heç kimə sirr deyil ki, Moskvanın Qafqazda münaqişə ocaqlarının qalmasında xüsusi maraqları var. Bununla Gürcüstanı və Azərbaycanı daim asılı durumda saxlayır. Kreml bütün dünyaya göstərmək istəyir ki, bura Rusiyanın nüfuz dairəsidir, o üzdən də ABŞ və Avropanın Qafqazda təsir imkanları, demək olar ki, sıfıra bərabərdir.
Rusiya Ermənistanı iqtisadi və siyasi cəhətdən ayaqda saxlayır. Eyni zamanda, sərhədlərin mühafizəsi də rusların əlindədir. Bütün sadalanan faktorlar isə Rusiyanın Qarabağ probleminin nizamlanamasında tutduğu mövqeyini aydın şəkildə ortaya qoyur. Münaqişənin həllində guya əlindən gələni etmək istəyən Rusiya, əslində, bütün vasitələrdən istifadə edir ki, münaqişə öz həllini tapmasın.
Azərbaycanın problemi sülh yolu ilə həll etmək üçün yalnız bir yolu var- problemi BMT səviyyəsinə çıxarıb, bu təşkilata ya özünü buraxmağı və ya qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini təmin etməsini təklif etmək lazımdır.
Sülh variantı alınmasa, sonuncu yol qalır- Azərbaycan danışıqlar prosesini dayandırmalı, Ermənistana işğal etdiyi torpaqları boşaltmaq üçün konret vaxt qoymalıdır. Bu vaxt başa çatanda antiterror əməliyyatı keçirərək ərazilərimizi terrorçu rejimin əsarətindən xilas etməliyik- bu, bizim dünya birliyi və beynəlxalq qanunvericilik tərəfindən təsdiq olunan hüququmuzdur.
Elçin Bayramlı