Türkiyə-Azərbaycan münasibətləri ictimaiyyətin diqqət mərkəzindədir. Ölkəmizin aparıcı siyasi xadimləri, politoloqlar, müxtəlif ekspertlər Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinə xüsusi önəm verirlər. Onların mövqeyinə görə, hər iki ölkə arasındakı tarixi köklərə söykənən münasibətlər bundan sonra da daha möhkəm və sarsılmaz xətt üzrə inkişaf edəcək. Eyni zamanda, bu münasibətlər ölkəmizin milli maraqları müstəvisində atılan ən mühüm addım kimi dəyərləndirilir.
Aydın Hüseynov: "Bu gün Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir"
Bu gün Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir. "Bunun mühüm göstəricilərindən biri də dövlət başçıları səviyyəsində reallaşdırılan səfərlərdir" deyən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin də indiyədək dəfələrlə Türkiyədə, Türkiyənin baş naziri və prezidenti isə Azərbaycanda səfərdə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu səfərlər hər dəfə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. "R.T.Ərdoğanın bu günlərdə Azərbaycana olan səfərini isə mən xüsusi qeyd edərdim. Bu səfər, ilk növbədə, ona görə xüsusi əhəmiyyət kəsb edir ki, səfər öncəsi ABŞ dövlət katibi Hillari Klintonun Türkiyəyə səfəri olub. Bu səfər çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri Türkiyə-Ermənistan münasibətlərinin bərpası ilə bağlı olub. ABŞ yenidən Sürix protokolları ilə bağlı məsələləri gündəmə gətirib. Vaşinqton hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Dağlıq Qarabağ probleminin həlli arasında paralellik olmamalıdır. Azərbaycanın isə bu məsələdəki mövqeyi tamamilə fərqlidir. Sevindirici haldır ki, Türkiyə bu məsələdə ABŞ-ın deyil, qardaş Azərbaycanın mövqeyini dəstəkləyir. Türkiyə rəsmiləri açıq şəkildə deyirlər ki, onlar prinsipcə Ermənistanla sərhədlərin açılmasının əleyhinə deyillər. Amma bunun üçün Ermənistan, ilk növbədə, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Buna baxmayaraq, açıq şəkildə hiss olunur ki, Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə təzyiq olunur. Zaman-zaman okeanın o tayından bununla bağlı çağırışlar eşidilir. Bu baxımdan, ABŞ dövlət katibinin səfərindən dərhal sonra Türkiyə Baş nazirinin Azərbaycana gəlməsi, əlbəttə ki, maraqlı məqamdır"- deyə A.Hüseynov əlavə edib. YAP Siyasi Şurasının üzvü, eyni zamanda, səfəri maraqlı edən cəhətlərdən birinin də Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə erməni gəncləri ilə görüşdə söylədiyi fikirlərə əks arqumentlərin gətirilməsi ilə bağlı olduğunu söyləyib. Bildirib ki, işğalçı ölkənin rəhbəri gənclərə müraciətlə "Qarabağı biz aldıq, Ağrı dağın məsələsini siz həll etməlisiniz"- deyərək, əslində, Türkiyəyə qarşı ərazi iddiasında olduqlarını büruzə verib.
A.Hüseynov, heç şübhəsiz ki, səfər zamanı siyasi məsələlərlə yanaşı, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq. O, ümumilikdə, iki qardaş dövlətin münasibətlərinin gələcək inkişafı üçün bu səfərin xüsusi əhəmiyyətli olacağını da söyləyib.
Fuad Muradov: "Türkiyənin Baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq"
"Türkiyənin Ermənistanla sərhədləri açmamasının məntiqi izahı və davamı kimi təcavüzkar ölkə ilə olan bütün iqtisadi əlaqələrin kəsilməsi mühüm əhəmiyyət kəsb edir"- deyən Milli Məclisin üzvü Fuad Muradov Azərbaycanın milli maraqlarının həm regional, həm də beynəlxalq səviyyədə dəstəklənməsində qardaş ölkənin tutduğu mövqe cəmiyyətimizin diqqət mərkəzindədir. F.Muradov məhz bu cür münasibətlər müstəvisində R.T.Ərdoğanın ölkəmizə növbəti səfərinin də əhəmiyyətini xüsusi ilə qeyd edib. Bildirib ki, son zamanlar yaranmış müəyyən situasiyalara aydınlıq gətirilməsi baxımından bu səfərin qarşıya qoyulmuş məqsədlərin həllindəki rolunu unutmaq da olmaz. F.Muradov onu da əlavə edib ki, Türkiyənin Baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.
F.Muradov, həmçinin, R.T.Ərdoğanın səfəri çərçivəsində bir çox mühüm strateji məsələlərlə yanaşı, Türkiyə ilə Ermənistan arasındakı məsələlərdə ABŞ-ın mövqeyi ilə bağlı da fikir mübadiləsi aparılıb. "Eyni zamanda, Türkiyənin Ermənistanla sərhədləri açmamasının məntiqi izahı və davamı kimi təcavüzkar ölkə ilə olan bütün iqtisadi əlaqələr kəsilməsi qardaş ölkənin milli maraqlarımızın müdafiəsi baxımından tutmuş olduğu mövqe cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir" deyən millət vəkili dövlətlərarası münasibətlərdəki yeni tendensiyaların bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tapdıq Qurbanlı