PDF Oxu

Sosial

  • 33

Rumıniyalı gənclər Milli Məclisdə olublar

Rumıniyalı gənclər Milli Məclisdə olublar

Ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində həmin dövlətlərin hakim partiyalarının rolu inkaredilməzdir. Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası mütəmadi olaraq bu və ya digər dövlətlərin hakim partiyalarının dəvəti ilə həmin ölkələrdə olur, yaxud da partiyanın dəvəti ilə Azərbaycana səfərləri gerçəkləşir. YAP-ın Gənclər Birliyi də hər zaman beynəlxalq əlaqələrin inkişafına maraq göstərir. Bu əlaqələr çərçivəsində YAP Gənclər Birliyi təcrübə mübadiləsi, ikitərəfli görüşlər, səfərlər həyata keçirir və münasibətlərin inkşafı üçün ciddi səylər göstərir.

Məlum olduğu kimi, YAP Gənclər Birliyinin dəvəti ilə Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin nümayəndə heyəti iyulun 22-dən ölkəmizdə səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Qəbələ, Oğuz, Şəki rayonlarına səfər edərək, region gəncləri ilə təmas yaratdılar. Xarici ölkə gənclərinin ölkəmizin tarixi yerlərinə səfərlərinin təşkili öz növbəsində onların ölkəmiz haqqında daha dolğun məlumatların əldə olunmasına böyük imkanlar açır.

Qeyd edək ki, bu ilin iyun ayında Rumıniyanın hakim Liberal Demokrat Partiyasının dəvəti ilə YAP Gənclər Birliyinin nümayəndə heyəti bu ölkədə səfərdə olmuş, siyasi rəsmlərlə görüş keçirmiş, bölgənin tarixi əhəmiyyət kəsb edən məntəqələrini ziyarət etmişdir.

Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın Liberal Demokrat Partiyası arasında sıx dostluq münasibətləri mövcuddur. Belə ki, bu ilin fevral ayında YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olmuş, Liberal Demokrat Partiyası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalamışdır. Əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin təsdiqi kimi Liberal Demokrat Partiyası Gənclər Birliyinin nümayəndə heyətindən öncə Rumıniyanın paytaxtı Buxarest şəhərinin ikinci sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərini qeyd edə bilərik. Səfər çərçivəsində ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət edəcək məsələlər ətrafında fikir mübadiləsi aparılmış, görüşlər keçirilmişdir.

Dünən Ruminiyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Milli Məclisdə oldu. Parlamentlə tanışlıq zamanı qonaqlara Azərbaycanda demokratik şəraitdə keçirilən parlament seçkiləri barədə geniş məlumat verildi. Qeyd edildi ki, demokratik prinsiplərə hörmətlə yanaşan Azərbaycan bunu hər addımında sübuta yetirir. Seçki qanunvericiliyinin ildən-ilə təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması ölkədə keçirilən seçki proseslərində özünü qabarıq şəkildə nümayiş etdirir. Seçicilərin seçki hüququndan yüksək səviyyədə istifadə edərək istədikləri namizədə dəstək olmaları yaradılan demokratik şəraitin göstəricisidir. Azərbaycan parlamentində 125 deputatın təmsil olunduğu qonaqların diqqətinə çatdırıldı.

Nümayəndə heyətinin üzvləri iclas zalı ilə tanış oldular. Burda yaradılan şərait barədə qonaqlara ətraflı məlumat verildi. Deputatların gündəlikdə duran məsələlər barədə necə məlumat əldə etdikləri, səsvermənin necə həyata keçirildiyi ətraflı şəkildə qonaqlara çatdırıldı.

Bildirildi ki, Milli Məclisin binası 2006-cı ildə tam təmirdən çıxıb. Dünya standartlarına cavab verən texnologiyalarla təchiz edilib. İclasın gedişini izləmək üçün mətbuat nümayəndələrinə yaradılan şəraitdən də bəhs olundu.

Sonra qonaqlar "Heydər Əliyev xatirə zalı"nda oldular. Burda əks olunan foto şəkillər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə qonaqlarda aydın təsəvvür yaratdı. Qonaqlara məlumat verildi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

O da bildirildi ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmişdir. Həmin ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xatirə zalında əksini tapan foto şəkillərdən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri aydın şəkildə özünü göstərir. Qonaqlar dahi şəxsiyyət haqqında dolğun məlumatlar əldə etmələrindən böyük sevinc hissi keçirdilər. Xüsusilə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası, "Əsrin müqaviləsi"nin imzalanması barədə məlmatlar rumıniyalı gənclərdə böyük maraq doğurdu.

Sonra parlamentin görüş zalı ilə tanışlıq oldu. Bildirildi ki, Milli Məclisin Sədri rəsmi qonaqlarla görüşlərini məhz bu zalda keçirir. Eyni zamanda parlamentin komitə iclasları da bu zalda təşkil olunur. Milli Məclislə tanışlıqdan böyük məmnunluq hissi nümayəndə heyətinin üzvlərinin açıqlamalarından da aydın oldu.

Digər xəbərlər