Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər iki ölkənin dövlət qulluğu məsələlərinin inkişafı və bu sahədə əməkdaşlığın gücləndirilməsi çərçivəsində, həmçinin Türkiyə Dövlət Qulluğu Başkanlığının rəhbəri Məhmət Təkinarslanın dəvəti ilə həyata keçirilib.
Nümayəndə heyəti Nevşəhir vilayətində olmuş, vali Əbdürrəhman Savaşla görüşüb. Görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, dövlət qulluğu ilə bağlı iki ölkənin mərkəzi və yerli idarəetmə orqanları arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Vali Ə.Savaş azərbaycanlı qonaqlara Nevşəhirin turizm incisi olan Kapadokya bölgəsi haqqında məlumat verib, ildə 2 milyon qonaq qəbul edən bu turizm mərkəzinin təcrübəsindən bəhs edib.