Məlum olduğu kimi, Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Bakıda səfərdə olarkən Qəbələ RLS-in icarə müddətinin uzadılması və stansiyanın istismarı haqqında yeni razılaşmanın imzalanması məsələləri ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, Qəbələ RLS-in müasirləşdirilməsi üzrə planlarımız var. Onun sözlərinə görə, artıq avqustun 15-dən sonra Qəbələ RLS-in icarə müddətinin uzadılması haqqında sazişin hər bəndini azərbaycanlı həmkarı ilə ətraflı müzakirə edə bilər. Bundan başqa, nazir qeyd edib ki, Bakıdakı görüşdə o, hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin, təhsil, Azərbaycanın silahlı qüvvələri üçün kadrların hazırlanması məsələlərini müzakirə edib: "Bizim hərbi və hərbi-texniki əməkdaşlıqda kifayət qədər yaxşı münasibətlərimiz qurulub. Bizim 2010-cu ildə planlaşdırdıqlarımız, praktiki olaraq, yerinə yetirilib. Biz 2011-ci il üçün planlaşdırdığımız qrafik üzrə gedirik. Biz Azərbaycan tərəfinə Azərbaycanın silahlı qüvvələri üçün kadrların hazırlanması üzrə kvotaları artırmağı təklif etdik. İndi bu sifarişə baxılacaq. Azərbaycan tərəfinin isə bunu sentyabrın 1-nə qədər etməyə vaxt tapacağına ümidvaram".
Qeyd edək ki, informasiya-analitik mərkəz statusuna malik RLS Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş "Daryal" tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Stansiya 7 min km radiusdakı (İran, Türkiyə və Hindistan daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, həmçinin, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentləri tərəfindən təsdiqlənmiş saziş əsasında Rusiya tərəfinə 10 il müddətinə icarəyə verilib. Qəbələ RLS Rusiyanın RƏM sisteminin əhəmiyyətli elementidir, stansiya cənub istiqamətindən mümkün raket zərbələri haqqında erkən xəbərdarlığı təmin edir. Stansiyanın icarə müddəti 2012-ci ilin dekabrında başa çatır. İcarə haqqı ildə 14 mln. dollardır. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Həmin bazada 4 minə qədər insan çalışır. Bu RLS ən azı 3 rayonun sərf etdiyi qədər elektrik enerjisi sərf edir.
Siyasi ekspertlər RLS-in saxlanması ilə bağlı fərqli mövqelərdədirlər. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun sözlərinə görə, Qəbələ RLS-in Rusiyanın nəzarətinə verilməsiylə bağlı müqavilənin uzadılması, əslində, Azərbaycanın maraqlarına uyğun deyil: "Daha optimal variant o ola bilər ki, Azərbaycan Rusiya ilə radiolokasiya stansiyasının birgə istifadəsi haqqında müqavilə imzalasın. Azərbaycanın qonşuları hər tərəfdən kifayət qədər narahat qonşulardır. Bu baxımdan Azərbaycanda yerləşən radiolokasiya stansiyasına da nəzarət etmək səlahiyyətini müəyyən qədər öz əlində saxlasa, bu, daha yaxşı olar".
Ekspertin qənaətinə görə, Azərbaycanın təkbaşına bu stansiyanı istifadə etməsi mümkün deyil, buna heç ehtiyac da yoxdur: "Bununla belə, onu tam olaraq, bizim ərazilərimizi işğal etmiş Ermənistanın hərbi müttəfiqi olan bir dövlətin nəzarətinə vermək də lazım deyil. Azərbaycan bundan ya imtina etməlidir, ya onu lazımi şərtlər daxilində Rusiyaya icarəyə verməlidir".
Politoloq deyir ki, Rusiyanın hazırda bu stansiyasının icarəsinə görə ödədiyi məbləğ də çox kiçikdir: "Müqavilənin uzadılması zamanı qiymətlər məsələsinə də yenidən baxmaq lazımdır. Şərtlərdən biri də Qəbələ RLS-də erməni hərbçilərinin çalışmasına qarşı olmalıdır".
R.Kamalqızı