PDF Oxu

Sosial

  • 58

Bədnam “907-ci düzəliş”in ləğv olunması istiqamətində işlər hansı səviyyədədir?

Bədnam “907-ci düzəliş”in ləğv olunması istiqamətində işlər hansı səviyyədədir?

SSRİ parçalanandan sonra müstəqil ölkələr yarandı və Amerika Konqresi yeni yaranmış dövlətlərin inkişafına yönəlmiş "Azadlığın dəstəklənməsi aktı"nı qəbul etdi. Həmin qanuna görə, müstəqil dövlətlərə müəyyən yardımlar ayrılmalıydı. Lakin təcavüzə məruz qalmış Azərbaycan Ermənistanla əlaqələri kəsdiyi üçün sözügedən qanuna yardımları qadağan edən "907-ci düzəliş" əlavə edildi. Və indiyədək tam ləğv olunmayıb. Bu gün işğala məruz qalan Azərbaycana qarşı beynəlxalq aləm tərəfindən ikili standartlar irəli sürülür.

Təcavüzkar Ermənistan, demək olar ki, dəstəklənir və bu işğalçı dövlət zaman-zaman Birləşmiş Ştatların ayırdığı yardımlardan gen-bol bəhrələnir.

ABŞ Konqresində "907-ci düzəliş"in ləğv olunması ilə bağlı təkliflərin artması Azərbaycanın ədalətli mövqeyinin dünyada daha da gücləndiyini göstərir. Amerikalı konqresmenlər "Azadlığın dəstəklənməsi aktı"na "907-ci düzəliş"in ləğv edilməsi məsələsi ilə əlaqədar ABŞ Konqresinə müraciət ediblər. Azərbaycan üzrə işçi qrupun həmsədri, Texas ştatından olan konqresmenlər də bildiriblər ki, Azərbaycana münasibətdə "907-ci düzəliş" ləğv edilməlidir. Bu, ədalətsiz düzəlişdir, ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqi və strateji tərəfdaşına münasibətdə tətbiq edilməməlidir.

ABŞ-ın əvvəlki prezidentlərinin administrasiyaları kimi, prezident Obamanın administrasiyası da Azərbaycan və Ermənistan üçün yardımın məbləğinin daha ədalətli və bir-biri ilə müqayisə edilə biləcək həcmdə olmasını təklif edir, Azərbaycan kokusunun (siyasətçilər birliyinin) üzvləri isə "907-ci düzəliş"in və "Cekson-Venik düzəlişi"nin ləğv edilməsi üçün səy göstərirlər. Lakin erməni kokusunun üzvləri, dağıdıcı erməni lobbisi məsələyə müdaxilə edir və permanent neqavitizm şəraiti yaratmaqla, hər şeyi ABŞ-ın milli mənafelərinə və administrasiyanın sorğularına zidd olaraq dəyişirlər".

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə qeyd edilən düzəlişlə bağlı ABŞ Konqresində baş verən hadisələri şərh edərkən deyib ki, ABŞ Konqresində "907-ci düzəliş"in ləğv olunması ilə bağlı təkliflərin artması Azərbaycanın ədalətli mövqeyinin dünyada daha da gücləndiyini göstərir: "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasında münasibətlərə adekvat deyil. ABŞ-da da bu reallıq qəbul edilir və buna görə də, dövlətlərin əməkdaşlığına xeyir gətirməyən bu düzəlişin ləğv olunması istiqamətində təşəbbüslər artır.Həmvətənlərimiz tez-tez sual edirlər: Ağ Evin yeni administrasiyası dövründə "907-ci düzəliş"in tamamilə ləğv edilməsi perspektivləri necədir? Etiraf etməliyik ki, ayrı-seçkilik xarakterli bu düzəlişin tamamilə ləğv edilməsi üçün çox böyük siyasi kapitaldan istifadə etmək lazım gələcəkdir. Bu ədalətsiz qanun ləğv edilməlidir, bunun üçün müəyyən səy göstərilməlidir. Lakin hər il buna nail ola bilmədikdə, ruhdan düşməyə dəyməz. Bu, böyük siyasətin çox kiçik bir hissəsidir, həlli xeyli vaxt tələb edən siyasi prosesdir".

Millət vəkili, politoloq Rasim Musabəyov da "907-ci düzəliş"in ləğvi məsələsinə toxunub. Onun fikrincə, bu düzəliş artıq Azərbaycan üçün əhəmiyyətini itirib. Belə ki, o vaxt "Azadlığın dəstəklənməs aktı" yenicə müstəqillik qazanan postsovet ölkələrinə yardımı nəzərdə tuturdu. İndi isə Azərbaycanın həmin yardıma ehtiyacı yoxdur. Lakin politoloq "907-ci düzəliş"in mövcudluğunu Azərbaycana qarşı ədalətsizlik hesab edir: "907-ci düzəliş" - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığın dəstəklənməsi aktı" qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. İkili standartlara, bu halda ABŞ-ın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara misaldır".

Politoloq Rüstəm Məmmədov isə adıçəkilən bu kimi məsələlərin Amerikadakı sadə və mürəkkəb sistemin mövcudluğundan irəli gəldiyini düşünür. R.Məmmədov bildirib ki, ABŞ Konqresində "907-ci düzəliş"in ləğv olunması ilə bağlı təkliflərin artması Azərbaycanın ədalətli mövqeyinin dünyada daha da gücləndiyini göstərir: "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. ABŞ-da bu reallıq qəbul edilir və buna görə də dövlətlərin əməkdaşlığına xeyir gətirməyən bu düzəlişin ləğv olunması istiqamətində təşəbbüslər artır".

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa görə "907-ci düzəliş"in hələ də qüvvədə olduğunu deyən politoloq 1997-2000-ci illər ərzində Klinton administrasiyasının Konqresin "907-ci düzəliş"i ləğv etməsi üçün dəfələrlə cəhd etdiyini vurğulayıb.

R.Məmmədov onu da bildirib ki, Azərbaycanın ədalətli mövqeyini ABŞ-ın Azərbaycan üzrə işçi qrupunun həmsədrləri də dəstəkləyib və bildiriblər ki, "907-ci düzəliş" ədalətli deyil və ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqi və strateji tərəfdaşına münasibətdə tətbiq edilə biləcək tədbir deyil. Politoloq onu da vurğulayıb ki, son zamanlar prezident Obamanın Azərbaycan üzrə işçi qrupun qarşı çıxdığı və qarşı çıxmaqda davam etdiyi düzəlişdən imtina etməsi üçün çoxlu cəhdlər edildiyini qeyd etməsi və "907-ci düzəliş"in ləğv edilməsinin vaxtının gəlib çatdığını deməsi, onu sübut edir ki, ABŞ-Azərbaycan münasibətləri gələcəkdə daha da möhkəmlənəcək. Çünki dövlətlərin əməkdaşlığına xeyir gətirməyən bu düzəlişin ləğv olunması istiqamətində təşəbbüslər də artmaqdadır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər