Ermənistan prezidentinin yeni ərazi iddiası ilə çıxış etməsi onun işğalçılıq siyasətinin mahiyyətini bir daha açıq-aydın şəkildə göstərdi. Görünür, Serj Sarkisyan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Sanki Azərbaycan ərazisi təcavüzkar Ermənistana azlıq edirmiş kimi, üstəlik, Türkiyə ərazisi olan Ağrı dağını da zəbt etmək iddiasındadır.
Ermənistan prezidenti Sarkisyan verdiyi məlum bəyanatı ilə regionda sülhün, əmin-amanlığın, sabitliyin əleyhinə olduğunu bir daha nümayiş etdirdi. Müharibə aparmağı, yad ölkələrin torpaqlarını güc yolu ilə zəbt etməyi gənclərə tövsiyə etmək heç bir dövlət başçısına yaraşmaz. Sarkisyanın belə bəyanat verməsi, sadəcə olaraq, daxili siyasətə yönəlib. Çünki bu gün işğalçı ölkədə vəziyyət olduqca gərginləşib. Aclıq, səfalət, yoxsulluq baş alıb gedir. Bundan əlavə, işğalçı ölkədə gələn il prezident seçkiləri olacaq. Təbii ki, bütün bu proseslər Serj Sarkisyanı çox ciddi şəkildə narahat edir. Bu ildən gələn ilə müəyyən bir "hazırlıq" görmək istəyir. Ona görə də, ölkədaxili problemlərini ört-basdır etmək üçün belə bir sərsəm bəyanat verir.
"S.Sarkisyan hər zaman qeyri-adekvat addımları, qeyri-konstruktiv mövqeyi ilə seçilib. Ermənistan prezidentinin ikili siyasət yürütməsi ölkəni daha da iflasa, tənəzzülə doğru sürükləyir. Sarkisyanın, əslində, belə bir işğalçı bəyanat verməsi Ermənistan dövlətinin strategiyasıdır. Hər birimiz bir azərbaycanlı olaraq, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməliyik" deyə bununla bu məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə vurğuladı.
Millət vəkilinin sözlərinə istinadən, təcavüzkar Ermənistanın qonşu dövlətlərə ərazi iddiası ilə çıxış etməsi onun düşüncə tərzində problemin olması ilə əlaqəlidir. Mənfur ermənilərin torpaq iddiaları onların siyasətinin tərkib hissəsinə çevrilib. Xocalı soyqırımında iştirak etmiş Sarkisyan kimi bir cani bu gün "prezident"lik kürsüsündə əyləşir. Təbii ki, belə bir cinayətkar, cani dövlət başçısından hər şey gözləmək olar. Ötən zaman Ermənistanın əleyhinə işləyir. Neçə minlərlə erməni əhalisi ölkəni tərk edir, xarici dövlətlərə üz tutur. Əgər bu gün işğalçı ölkəyə havadarlıq edən qüvvələr olmasaydı, Ermənistan ümumiyyətlə, bir dövlət kimi yer üzündən silinərdi. Həmin qüvvələrin də Ermənistanı hansı səbəbdən dəstəklədiyi, havadarlıq etməsi məlum məsələdir.
Sarkisyanın gəncləri müharibəyə səsləməsinə münasibət bildirən A. Mollazadə işğalçı Ermənistanın sülhə, barışa meyilli olmadığını vurğuladı: " Serj Sarkisyan hər zaman qeyri-konstruktiv mövqeyi ilə seçilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin əleyhinədir. Ermənistan işğalçı dövlətdir və işğalçılıq ənənələri ermənilərə irsən keçib. Bu gün Sarkisyan bir erməni gəncinə yeni-yeni əraziləri zəbt etməyi tövsiyə edir. Zamanında Sarkisyana da bu cür faşist "məktəb"ini keçiblər. Hələ bu azmış kimi ermənilər törətdiyi qətliam, soyqırım əməllərinə görə fəxr edir. Əgər bu gün işğalçı ölkəyə işğalçılıq əməllərinə görə cəza tətbiq edilməsə, Ermənistan digər əraziləri də zəbt etmək iddiası ilə çıxış edəcək. Ona görə də, işğalçı Ermənistan bütün törətdiyi əməllərinə görə mütləq cəzalandırılmalıdır.
Millət vəkilinin də qeyd etdiyi kimi, Ermənistanın cəzasız qalması, cinayətlərin, təxribatların artmasına səbəb olacaq. Millət vəkili əlavə etdi ki, bu gün terroru dəstəkləyən dövlətlərdən biri də Ermənistandır. Bunu Serj Sarkisyan hər dəfə öz bəyanatında açıq-aşkar şəkildə vurğulayır. Tək Sarkisyan deyil, işğalçı Ermənistanın eks-prezidenti Robert Köçəryan da Xocalıda qətliamlar törətməsini çox böyük fəxarət hissi ilə söyləyirdi. Belə cinayətkarlara nəyisə insanın başa düşəcəyi tərzdə başa salmaq qətiyyən mümkün deyil. Cinayətkardan, canidən heç zaman insan olmaz.
Millət vəkili hansısa məqamlarda ermənilərin iyrənc iç üzlərini gizlətməyə çalışdıqlarını bildirdi. Digər bir məqama toxunan millət vəkili qeyd etdi ki, beynəlxalq təşkilatlar bu məsələyə öz münasibətlərini bildirməlidir.
Millət vəkilinin də bildirdiyi kimi, təcavüzkar Ermənistan bütün sərhəd boyu Azərbaycana qarşı işğalçılıq siyasətini, pozuculuq aktlarını həyata keçirməklə davam etdirir. Cəbhə xəttində tez-tez atəşkəs rejimi ermənilər tərəfindən pozulur. Və bunun da nəticəsində Azərbaycanın mülki əhalisi, azyaşlı körpələri erməni snayperinə tuş gəlir. Faşizm ideologiyasının ən bariz nümunəsi Ermənistandır. Körpə bəşər övladlarını terrorla qətlə yetirmək yalnız Ermənistan kimi cinayətkarlarla dolu bir ölkəyə yaraşar. Gec-tez bütün əməllərinə görə Ermənistan öz layiqli cavabını alacaq.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunan millət vəkili həmsədrlərin fəaliyyətinin o qədər də qaneedici olmadığını bildirdi.
A.Mollazadə vurğuladı ki, Minsk Qrupu həmsədrləri öz fəaliyyətlərini daha da gücləndirməlidirlər. ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən bu günə qədər mövcud münaqişənin həllində indiyə qədər heç bir real irəliləyişə, uğura nail olmayıb. Sadəcə, hər dəfə bəyanatlar verməklə kifayətləniblər. Həmsədrlər bir qədər fəaliyyətlərini gücləndirsələr yaxşıdır.
AYLANA RZAYEVA