PDF Oxu

Sosial

  • 31

214 avtoxuliqanlıq edən sürücü saxlanılıb

214 avtoxuliqanlıq edən sürücü saxlanılıb

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin "Avtoxuliqanlığa qarşı birgə mübarizə aparaq" mövzusunda sosial şəbəkələrdə elan etdiyi karikatura müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirildi.

Tədbirdə BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov çıxış edərək, bildirdi ki, iyulun 15-də elan edilən müsabiqəyə internetdə yaradılan səhifənin 5700 istifadəçisi arasından 86 karikatura təqdim olunub. Müsabiqəyə qatılanlardan 10-u fərqlənib. V.Əsədov onu da vurğuladı ki, BŞDYPİ əməkdaşları tərəfindən 2011-ci ilin yanvarın 1-dən iyulun 30-dək Bakı şəhəri üzrə 19 avtoxuliqanlıq əlamətləri qeydə alınıb. Bunlardan 11-i ölüm, 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəticələnib. 214 avtoxuliqanlıq hadisəsi isə xüsusi texniki vasitələrlə aşkarlanıb. Şöbə rəisi bunlardan 39-nun təkrar xuliqanlıq faktı olduğunu və məhkəməyə göndərildiyini açıqlayıb.

Onun sözlərinə görə, daha çox 20-30 yaş arasında şəxslərin törətdiyi avtoxuliqanlıq hallarına əsasən Bakının "Beşmərtəbə" adlanan ərazisində, 3-cü mikrorayon dairəsində, Zərifə Əliyeva, Hüseyn Cavid parkları yaxınılığında, Babək, Tbilisi, Nobel prospektlərində, Rəşid Behbudov, Bakıxanov küçələrində, Biləcəri şosesində rast gəlinib.

Mərasimdə BŞDYPİ rəisi polkovnik Nuşirəvan Səfərov isə paytaxtda avtoxuliqanlığa qarşı zəruri tədbirlərin həyata keçirildiyini söylədi. N.Səfərov bu kimi tədbirlərin, aksiyaların avtoxuliqanlığa qarşı mübarizə məqsədi ilə keçirildiyini bildirdi: "Cəmiyyət kömək olarsa, mübarizədə nəticə əldə etmək olar".

Tədbirin sonunda müsabiqədə 1, 2, 3-cü yeri tutanlara pul mükafatları təqdim olundu. O da vurğulandı ki, elan olunan növbəti müsabiqəyə 55 iştirakçı iddialıdır.


AYTƏN SƏMƏDOVA

Digər xəbərlər