PDF Oxu

Sosial

  • 29

Dövlət Sərhəd Xidməti İdarəsi ötən ayın hesabatını açıqladı

Dövlət Sərhəd Xidməti İdarəsi ötən ayın hesabatını açıqladı

Hər il olduğu kimi, cari ilin iyul ayı ərzində Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilibdir. Ay ərzində dövlət sərhədini pozduqlarına görə 38 halda 74 nəfər saxlanılıbdır. Sərhəd nəzarət buraxılış məntəqələrində 27 halda 52 nəfər saxta sənədlə, 1 halda 1 nəfər özgəsinə məxsus sənədlə, 2 halda 2 nəfər gizli şəkildə dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 127 nəfər aşkarlanaraq, aidiyyəti orqanlara təhvil verilibdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 19 halda 17 kiloqram 231,7 qram narkotik maddənin, o cümlədən, 12 kq 89,3 qram həşişin, 4 kq 878,2 qram heroinin, 250 qram tiryəkin, 14 qram narkotik tərkibli həbin, 0,15 qram marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıbdır. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Astara Sərhəd Nəzarət Məntəqəsində iyul ayı ərzində gömrük orqanları ilə birgə aparılan yoxlamalar zamanı İrandan Azərbaycana keçmiş şəxslərdə 11 halda müxtəlif miqdarda narkotik maddələr aşkarlanıbdır. İyulun 2-də Astara rayon sakini Nəsirov Ceyhun Səttar oğlunun dizdən aşağı ayaqlarına bağlanmış halda 197 qram heroin, 4-də Lənkəran rayon sakini Adıgözəlov Nəsimi Vidadi oğlunun ayaqqabılarının daban hissəsində 101 qram heroin, 6-da Astara rayon sakini Yusubov Mahir Əbdülağa oğlunun ayaqqablarına bağlı şəkildə 213 qram tiryək, 10-da Lənkəran rayon sakini Tağıyeva Həqiqət Əlimuxtar qızının əl çantasında 94 qram heroin, 11-də Lerik rayon sakini Məmiyev Mübariz Eldar oğlunun ayaqqabılarının içərisindən 71 qram həşiş, 12-də İİR vətəndaşı Fared Rəsul Şükürün idarə etdiyi "Neoplan" markalı avtobusun salonunda sürücüyə məxsus çantada olan ayaqqabıların alt hissəsində gizlədilmiş halda 333 qram heroin, 14-də Gəncə şəhər sakini Yusifov Elçin Sabir oğlunun idarə etdiyi "LADA-06" markalı avtomobilin kardanının içərisindən 3 kiloqram 45 qram heroin, 15-də Salyan rayon sakini Salahov Rüfət Sabir oğlunun qoltuğunun altından 24 qram tiryək, 16-da Lənkəran rayon sakini Qafarov Şakir Əlipaşa oğlunun anusundan 45 qram heroin və 6 qram həşiş, Astara rayon sakini, ölkəmizdə qeyri-rəsmi fəaliyyət göstərən "Azərbaycan İslam Partiyası"nın üzvü Axundov Feyzulla Höcətulla oğlunun anusundan 53 qram heroin və 12 qram həşiş aşkar olunaraq götürülübdür. İyul ayının 14-də Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikası istiqamətindən dövlət sərhəddini pozarkən 1 nəfər silahlı İİR vətəndaşı saxlanılıbdır. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən bir ədəd KİNG-2500 markalı tapança, 1,2 qram heroin aşkarlanıb. İyulun 19-da Astara rayonunun Sım kəndi istiqamətində İran İslam Respublikasından qaçaqmalçı qrup tərəfindən respublikamıza 12 kq həşiş və 1 kq heroinin keçirilməsinin qarşısı alınmışdır. Qaçaqmalçılar sərhəd naryadının komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq, havanın qaranlıq və relyefin dağlıq olmasından yararlana bilmiş və əllərindəki qaçaqmalı hadisə yerində ataraq geriyə - İİR-ə qaçmağa müvəffəq olmuşlar.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən "Xaş-xaş-2011" şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 20-də Zaqatala rayonunun Ağdamkələl kəndi ərazisində 7 hektar sahədən 13 ton yabanı şəkildə bitmiş çətənə kolu yığılmış, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq, məhv edilibdir. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 62 halda ümumi dəyəri təqribən 730 min manat olan qaçaqmal, o cümlədən, 1 ədəd 16 mm-lik tüfəng, 300 min ABŞ dolları, 225 ədəd mobil telefon, 171 ədəd mobil telefon aksessuarları, 283 baş xırdabuynuzlu mal-qara, 5 baş camış, 1 baş at, 1108 qutu siqaret, 524 qram qızıl zinət əşyaları, müxtəlif spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıbdır.

Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 5 halda 8 nəfər sərhəd rejim pozucusu saxlanılıb, dənizdən 5545 metr tor aşkar olunaraq götürülübdür.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


AYTƏN SƏMƏDOVA

Digər xəbərlər