Dünyanın ən sirli açarı elmdə və mütaliədədir. Həyat yarandığı zamandan bu günə qədər insanlar əxz etdiklər həyatla bağlı düşüncələrini məhz yazılı mənbələr, kitablar vasitəsi ilə əldə etmişdilər. Kitab insan həyatının əsas meyarıdır. Buradakı hikmət dünyanın heç nəyi ilə əvəz oluna bilməz. Kitab oxumaq hava-su qədər dəyərlidir. Kitab oxumaq həyat sevgisi gətirər. Kitab oxumaq düşüncələri yetkinləşdirər. Bütün bunlarla yanaşı, kitab oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.
Müasir dövrümüzdə kitaba olan münasibət fərqli məzmun daşıyır. Ötən onilliklərlə müqayisədə kitaba maraq bir qədər azalıb. "Akademiya kitab mərkəzi", "Dostum", "Bukinist", "Əli və Nino", "Kitab Evi", "Əl Huda" kimi kitab mağazaları paytaxtımızın mərkəzi küçələrində yerləşir. Burada çeşid-çeşid kitablar satışa çıxarılsa da, alıcıların sayı qənaətbəxş deyil. Sovet dövründə yaşadığımız zamanlarda olduğu kimi kitab mağazalarına oxucu axını müşahidə olunmur. Bakıda hazırda 3 milyona yaxın adamın yaşadığını nəzərə alsaq, təqribən 400 min nəfərə bir kitab mağazası düşür.
Kitaba olan marağın bu dərəcədə az olmasının müxtəlif səbəbləri göstərilir. Bəzi mütəxəssislərin rəyinə görə, müəyyən keçid dövründə, iqtisadi münasibətlərin dəyişdiyi zamanda kitab az oxunur. Bu mənada, oxucuların azalmasında müəyyən iqtisadi və keçid dövrünün təsirləri var. Amma müəyyən mənada, istehlakçı bazarı qalır. Sadəcə olaraq, işi qurmaq lazımdır. Azərbaycanda bu bazar kiçik olduğu üçün obyektiv olaraq ölkədə çap edilən kitabın orta tirajı çox aşağı olur. Məsələn, ölkədə orta tiraj 500 nüsxədir. Bu isə kitabın maya dəyərinin qalxmasına səbəb olur. Qiymətin yüksək olması da bazarda alıcılıq qabiliyyətinə bir qədər də mənfi təsir göstərir. Ümumiyyətlə, bu gün dünya kitab bazarının təcrübəsinə istinad olunmalıdır. Belə ki, kitab bazarında olan tələbata uyğun məhsul buraxılmalıdır. Elə tədbirlər görmək lazımdır ki, artıq mövcud olan məhsula bazarda tələbat yaransın. Reklam vermək, təbliğat aparmaq və s.
Kitaba marağın azalmasının digər səbəbi cəmiyyətdə baş verən dəyişikliklərlə əlaqəlidir. Son dövrlər yeni telekanalların açılması, kompyuter və internetin inkişafı daha çox insanların diqqətini çəkir. Unutmamalıyıq ki, internet heç vaxt kitabı əvəz edə bilməz. Bir məqama da nəzər salaq ki, Avropada internetin inkişaf tarixi daha qədimdir. Almaniyada internet Azərbaycandan əvvəl yaransa da, bu gün Almaniyada kitaba maraq ildən-ilə artır.
Psixoloqların fikrincə, ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının səbəbi ailə qayğıları, səbirsizlikdir. Bir qrup insanlar "mənə oxumaq lazım deyil, hər şeyi bilirəm" düşüncəsi ilə yaşayırlar. İnsanlarda kitaba marağı artırmaq üçün nə etmək lazımdır? Ekspertlərin fikrincə, bu yolda ən optimist variant təbliğat mexanizmini gücləndirməkdir. Məsələn, valideynlər kitabı evdə təbliğ etməli, imkan varsa, kitabxana qurmalı, övladları ilə birgə kitab oxumalıdırlar. Beləliklə, zaman keçdikcə, insanların kitaba marağı artacaq, kitabı həyatlarının bir parçasına çevirəcəklər.
Bəli, kitab mütaliə etmək həyatımızın mənəvi tələbatına çevrilməlidir. Kitab oxumaq, ilk növbədə, zehni məşq etdirməkdir. Daimi mütaliə yaddaşı, məntiqi gücləndirir, öyrənmə qabiliyyətini artırır. İnsan həyat hadisələrini daha düzgün analiz edə bilir. Hətta kitab oxumaq tibbi nöqteyi-nəzərdən orqanizmə faydalıdır. Britaniyalı mütəxəssislər tərəfindən maraqlı nəticələr əldə edilib. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stressin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir. Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehnlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.
Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer isə belə deyir:"İnsan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehini məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin".
Aparılan araşdırmalardan belə qənaətə gəlmək mümkündür ki, bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Daha gözəl cəmiyyət üçün, daha çox oxumaq vacibdir.
ZÜMRÜD BAYRAMOVA