Müasir dövrümüzdə Azərbaycanda aparılan islahatlar, Dövlət Proqramlarının həyata keçirilməsi ölkənin simasının dəyişməsinə, onun yeniləşməsinə gətirib çıxarıb. Ölkənin artan gəliri onun infrastruktrunun yenilənməsi ilə nəticələnir. Ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamlar müstəqil Azərbaycanın sürətli inkişafına daha da təkan vermiş olur. Belə ki, yeni parkların salınması, körpülərin tikilməsi, aparılan abadlıq və quruculuq işləri məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, Abşeron rayonu ərazisində yeni Zooloji Park tikiləcək. Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 (üç) milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Abşeronun Qobu kəndində tikiləcək Zooloji Park beynəlxalq səviyyədə qurulacaq. Bu gün fəaliyyətdə olan Bakı Zooparkı dünya standarlarına cavab vermir. Belə ki, heyvanxananın yaradılması ötən əsrin 20-ci illərinə təsadüf olunduğundan, əvvəlcə zooparkın özəyi indiki Nizami parkında guşə şəklində qoyulub. Sonralar bir neçə dəfə yeri dəyişilən zooparkın son məkanı "Gənclik" metro stansiyasının yaxınlığı olub. 4 hektara yaxın ərazidə yerləşən zoopark 1984-cü ildə istifadəyə verilib. 170 növdə 1200-dən çox heyvan, quş, sürünən və balıqlar üçün indiki ərazi çox kiçikdir. Bakı Zooparkı digər ölkələrin zooparkları ilə əməkdaşlığı davam etdirir. Bura ən çox mübadilə əsasında heyvan gətirilir. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin paytaxt bazarlarında mütəmadi olaraq apardığı reydlər nəticəsində qanunsuz satılan heyvanlar müsadirə olunaraq zooparka verilib. Asiya, Avropa və Afrikadan gətirilmiş müxtəlif növ quşlar, aslan və yaquarlar Bakı Zooparkında saxlanılır. Nəsli kəsilməkdə olan heyvan növü olan və Azərbaycanda da geniş yayılan nəcib marallara ölkəmizdə nadir hallarda rast gəlinir ki, həmin növdə Bakı zooparkının sakinidir.
Müasir dövrümüzdə dünyada heyvanlar qapalı şəraitdə deyil, açıq ərazilərdə saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıdan kənarda Qobu kəndi ərazisində müasir standartlara cavab verən zoopark salınarkən, bu prinsiplərə diqqət yetiriləcək. Artıq zooparkın layihələndirilməsini və tikintisini aparacaq şirkət də müəyyənləşib. Bu zooparkın tikintisinə 70-ə yaxın ölkədən mütəxəssislər cəlb olunub. Tikinti işlərini Almaniya və Türkiyənin birgə müəssisəsi həyata keçirəcək. Həmin müəssisə 1 il əvvəl tenderdə qalib gəlib.
Qeyd edək ki, yeni yaradılacaq Zooloji Park 55 hektar ərazini əhatə edəcək. Zooloji Parkda qəfəs sistemi olmayacaq. Divarlar təbii landşaftlardan ibarət olacaq.
Ərazidə ekoloji turizmin inkişaf etdirilməsi üçün imkanlar olacaq. Yeni yaradılacaq zooparkda heyvanlar qəfəsdə yaşamayacaq və onları bir-birindən təbii maneələr ayıracaq.
ZÜMRÜD BAYRAMOVA