PDF Oxu

Sosial

  • 46

Azərbaycanlı gənclərin dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil alması sistemli şəkildə aparılır

Azərbaycanlı gənclərin dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil alması sistemli şəkildə aparılır

Son vaxtlar Azərbaycanın sürətli inkişafı ölkənin iqtisadiyyatına, elminə, təhsil və mədəniyyətinə öz təsirini göstərib. Bu sahələr bütövlükdə inteqrasiya proseslərinə cəlb olunub. Təbii ki, bu sıçrayışlar Azərbaycan Prezidenti tərəfindən yürüdülən məqsədyönlü fəaliyyətin nəticəsidir. Sözsüz ki, həyata keçirilən dövlət proqramlarının, islahatların, layihələrin icrasında güclü kadr potensialı dayanır. Qloballaşma prosesinin fəal iştirakçısı olan Azərbaycan iqtisadiyyatının dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi, öz növbəsində, yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaradıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daxili və xarici siyasətin təmin edilməsi, regionların inkişaf səviyyəsinin artırılması, iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsəd olaraq qarşıya qoyulmuşdur. Eyni zamanda, dövlət quruculuğu istiqamətində uğurlu addımlar atılmışdır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri etmişdir.

Qeyd edək ki, Azərbaycanda elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı, əsasən, 1970-1980-ci illərdə gənclərin kütləvi şəkildə SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilməsi ölkənin qabaqcıl mövqeyə çıxmasına yeni imkanlar yaradıb. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə, sözün əsil mənasında, dirçəliş başlanıb. Təsadüfi deyil ki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra vətənə qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə layiqli töhfələrini verdilər.

Xaricdə təhsilə olan Ümummilli Lider qayğısı bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Müasir mərhələdə mövcud intellektual potensialın zənginləşdirilməsi ehtiyacı respublikamızdakı elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırıb. Respublikanın inkişaf perspektivləri müasir standartlara cavab verən yeni bir mərhələyə keçidi təmin etmək vəzifəsini qoyub. Bütün bunların müqabilində dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurəti meydana çıxıb. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Cərəncamına uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı gənclərinin xaricdə təhsil almasına töhfələrin verir. Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

Dövlət Proqramına əsasən, müasir dövrdə gənclərimizin dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil alması prosesi sistemli şəkildə aparılır. Xarici ölkələrə tələbə göndərilməsi məqsədilə ixtisaslar seçilərkən ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi və s. müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınır.

Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı əsasında Azərbaycan gəncləri Avropa ölkələrinin əksəriyyətində təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər diplomdan sonrakı proqramlar üzrə təhsil alırlar. Azərbaycan gəncləri müxtəlif təhsil mübadilə proqramları çərçivəsində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə də elmi biliklərə yiyələnirlər. Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra Azərbaycanda işlə təmin olunması prosesinin tənzimlənməsi və bu sahədə vahid sistemin yaradılması məqsədilə normativ hüquqi baza təkmilləşdirilib. Gənclərin xarici ölkə ali məktəblərində təhsil almalarının təşkili prosesi dövlət, ictimai və özəl təşkilatların qarşılıqlı əlaqələri prinsipi üzərində qurulur. Gənclərin xaricdə təhsil almaları ilə bağlı təhsil haqlarının və tələbələrin sosial, mədəni-məişət xərclərinin ödənilməsi də Dövlət Proqramı əsasında həllini tapır. Tələbələrin bütün xərcləri - viza məsələləri və qəbul edən ölkədə onların qeydiyyata alınması, təhsil haqqı, yaşayış, yemək, tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, gediş-gəliş biletlərinin alınması dövlət hesabına maliyyələşdirilir. Bu gün müxtəlif proqramlar üzrə xaricdə təhsillərini bitirib Azərbaycana qayıtmış yüzlərlə məzun müxtəlif sahələrdə çalışaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini verməkdədirlər.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər