PDF Oxu

Sosial

  • 26

Gənc heykəltəraşın Mübariz abidəsi

Gənc heykəltəraşın Mübariz abidəsi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi hər bir azərbaycanlının qəlbində yaşamaqla bərabər, onun qəhrəmanlıq salnaməsi bir zirvə tək ucalmaqda, gənclərimizə örnək olmaqdadır.

Mübarizin qısa, lakin şərəfli həyat yolu vətənini, millətini, xalqını sevən hər bir Azərbaycan övladının ruhunu riqqətə gətirmiş, onlarda mərdliyin, igidliyin aşılanmasında xüsusi rol oynamışdır. Əbəs yerə deyil ki, bu şərəfli oğul haqqında artıq yüzlərlə nəğmələr bəslənilmiş, şeirlər, hekayələr, roman və poemalar yazılmış, onun barəsində bədii, sənədli filmlər çəkilmişdir. Bu, milli qəhrəmanın sərgilədiyi möhtəşəm şücaətin tükənməyən davamı, onun xəyallarda deyil, əbədi həyatda yaşadılmasıdır.

Bu dəfə milli qəhrəman Mübariz İbrahimovu əbədiləşdirən bir sumqayıtlı gənc, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetirməsi Vüqar İmanquliyevdən bəhs edəcəyik. Bu gənc təhsil aldığı akademiyada diplom işini hazırlayarkən, bir çox mövzular üzərində dayanmış, lakin sonradan qərara gəlmişdir ki, milli qəhrəmanın heykəlini ucaldaraq, onun adını əbədiləşdirsin. Bu haqda onun özü danışarkən bildirdi ki, əslində, bir çox milli mövzular üzərində eskizlər işləyib:" Milli rəqslər və ornamentlər üzərində bir neçə eskiz hazırladım. Lakin sonradan həm müəllimim, həm də emalatxana rəhbərim olan Tokay Məmmədovla məsləhətləşdim və qərara gəldim ki, milli qəhrəman Mübariz İbrahimovun heykəlini işləyim və onu diplom işim kimi təqdim edim".

Qeyd edək ki, Vüqar öz hərbi xidmətini Naxçıvanda yerləşən Dövlət Sərhəd Xidmətində keçirib və orada DSX-nin əsgər və zabitlər arasında keçirdiyi yaradıcılıq müsabiqəsində "1941-1945-ci illərdə Azərbaycan neftinin rolu" mövzusunda iş hazırlayaraq, ikinci fəxri yerin sahibi olub.Hətta bu uğuruna görə, rəhbərlik tərəfindən 10 günlük məzuniyyətə də buraxılıb.

Onu da bildirək ki, Mübariz İbrahimova həsr edilən bu abidə artıq Tovuz rayon icra hakimiyyətinin gəldiyi qərara əsasən rayonun ən görməli yerlərinin birində ucaldılacaq. Artıq bunun üçün xüsusi yerin ayrıldığı da bildirilib.


RÖVŞƏN

Digər xəbərlər