Hal-hazırda Avropa və Asiyada tüğyan edən maliyyə böhranı artıq bir çox problemlər yaradır. Bəs, Azərbaycanın potensial təhlükə ilə rastlaşması nə dərəcdə realdır və Mərkəzi Bank belə hadisələr baş verməməsi üçün nə kimi tədbirlər görməyi planlaşdırır? Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, son qlobal maliyyə böhranının dərsləri göstərdi ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı qlobal müstəvidə yüksək açıqlıq dərəcəsinə malik olmasına baxmayaraq xarici şoklara kifayət qədər davamlıdır. Hazırda bu davamlılıq, makroiqtisadi sabitliyin, sağlam maliyyə-bank sektorunun, habelə ÜDM-in 70%-i səviyyəsində strateji valyuta ehtiyatları şəklində yaranmış "təhlükəsizlik yastığı" nın mövcudluğundan irəli gəlir.
Qlobal maliyyə böhranın təsirlərinin transmissiyası əsas ixrac xammalı olan neftin qiymətinin aşağı düşməsi, milli şirkətlərin və bankların beynəlxalq maliyyə bazarlarından vəsaitlər cəlb etmək imkanlarının məhdudlaşması, xaricdən pul baratlarının azalması kanallarından baş verdi. Lakin, xarici mühitdən gələn bu mənfi təsirlərə və risklərə baxmayaraq, ölkə iqtisadiyyatı qlobal böhrana kifayət qədər dözümlülük nümayiş etdirdi.
Böhran dövründə aparıcı dövlət tənzimlənməsi institutu kimi, Azərbaycan Mərkəzi Bankının siyasəti üç əsas məqsədə - makroiqtisadi sabitliyin qorunmasına, bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin təmin olunmasına, nəhayət iqtisadi artımın və yüksək məşğulluğun dəstəklənməsinə yönəlib. Bu çərçivədə milli valyutanın sabitliyinin təmin edilməsi Mərkəzi Bankın antiböhran siyasətinin aparıcı elementi olub. Qlobal böhranın təsirləri və qonşu ölkələrdə devalvasiyaların psixoloji təzyiqi şəraitində soyuqqanlılıq nümayiş etdirilmiş və manatın sabitliyi qorunub. Bu halda sabit manat istehlak və istehsal təyinatlı idxalın bahalaşmasının qarşısını aldı, həmçinin əmanətlərin kəskin dəyərdən düşməsi, xarici borc yükünün artması, manata ictimai etimadın aşağı düşməsi kimi potensial təhlükələri neytrallaşdırdı.
Müqayisə üçün qeyd edək ki, bu dövrdə devalvasiya (milli valyutanın dəyərdən salınması) yolunu məcburi seçmiş ölkələr eyni zamanda həm yüksək inflyasiya, həm də iqtisadi tənəzzül və işsizlik meyilləri ilə üzləşdilər.
Qeyd olunanlarla yanaşı, Mərkəzi Bank tərəfindən bank sisteminin sabitliyini qorumaq məqsədilə hələ böhranın təsirləri hiss olunmamışdan öncə bir sıra qabaqlayıcı tədbirlər görülüb.
Eyni zamanda, bazar resurslarının cəlb olunması hesabına ipoteka kreditləşməsinin aktivləşməsi Mərkəzi Bankın antiböhran proqramının mühüm alətlərindən biri olmuş, tikinti sektoru və daşınmaz əmlak bazarına stabilləşdirici təsir göstərib.
Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının qlobal maliyyə böhranının təsirlərindən yaxşı qorunması, ölkənin iqtisadi orqanlarının böhrana müvəffəqiyyətlə reaksiya verməsi, xüsusilə də Mərkəzi Bankın öz mandatına uyğun olaraq qlobal böhranın təsirlərinin neytrallaşdırılmasında fəal iştirak etməsi barədə mövqeyini rəsmən bəyan edib.
Hazırda Mərkəzi Bank öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəltmişdir. Bu hədəflərin realizasiyası çərçivəsində Mərkəzi Bank öz siyasətinə çevik korreksiyalar etməklə makroiqtisadi və maliyyə sabitliyini qoruyur, habelə iqtisadi artımı dəstəkləyir.
Perspektiv dövrdə dünya iqtisadiyyatında baş verə biləcək böhran meyillərinin ölkə iqtisadiyyatı üçün potensial təhlükələri özünü büruzə verərsə, Mərkəzi Bank çevik pul və maliyyə sabitliyi siyasəti ilə dövlətin makroqitisadi sisteminə lazımi dəstək verəcəkdir.