Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan, Azərbaycan xalqının milli maraqlarının, dövlətçilik ənənələrinin qorunmasında mütəşəkkil siyasi qüvvə kimi iştirak edən Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının yaranmasından 18 il ötür. Bu münasibətlə dünən YAP Zərdab rayon təşkilatının fəallarının iştirakı ilə "YAP Azərbaycanın bu gününə və gələcəyinə xidmət edən partiyadır" mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər. YAP Zərdab rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən rayon təşkilatının sədri Tofiq Abdullayev yubiley münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını çatdırdı. Bildirdi ki, bu gün Azərbaycanın hamını heyrətləndirən iqtisadi inkişafında fəal iştirak edən, birlik, həmrəylik, demokratiya uğrunda mübarizədə mətinləşən, hər zamanın partiyası olduğunu real işi ilə doğruldan YAP-ın cəmiyyətdə möhkəmlənən mövqeyi var. Partiyanın yarandığı o çətin anları xatırlayan, tarixə "91-lər"in xidməti kimi yazılan, ölkənin tanınmış ziyalılarının Ulu Öndərə müraciətini bugünkü xoşbəxt, firavan həyatımız üçün çəkilən zəhmət adlandıran T.Abdullayev qeyd etdi ki, ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan MR Ali Məclisinin sədri işləsə də, tək Muxtar Respublikanın sosial-iqtisadi problemlərinin həlli ilə deyil, ümumilikdə, Azərbaycanın müstəqilliyinin əbədi olması naminə tarixi xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə yaranan Yeni Azərbaycan Partiyasını təsadüfən milyonların partiyası adlandırmırlar: "Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərinin yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Azərbaycan tarixini gözəl bilən və ölkəmizdəki mövcud reallıqları incəliklərinə qədər qiymətləndirməyi bacaran Ulu Öndərimiz xalqa və xalqın, vətənin sabahı ilə bağlı ülvi arzularından doğulmuş Yeni Azərbaycan Partiyasına arxalanaraq Azərbaycanı milli-mənəvi parçalanmadan xilas etdi. Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdi. Qanunsuz silahlı birləşmələr ləğv edildi. Ölkədəki siyasi böhrana, milli və vətəndaş qarşıdurması, xaos,anarxiya,hakimiyyətsizlik mühiti aradan qaldırıldı. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi".
T.Abdullayev Zərdab rayon təşkilatının yaranma tarixindən də söz açaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının 1993-cü il avqust ayının 14-də təsis konfransı keçirildi. Hazırda 4750 nəfərdən artıq üzvü, 62 yerli özəyi olan Zərdab rayon təşkilatı üzvlərinin sayı yarım milyondan çox olan YAP-ın aparıcı rayon təşkilatlarındandır. Rayon təşkilatının sədri daha sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələrdən, milli-mədəni irsimizin qorunması və təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində uğurlu fəaliyyətindən bəhs etdi.
Azərbaycanda son illərdə dinamik sürətlə inkişaf edən quruculuq işlərinə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan islahatların, infrastruktur layihələrin uğurla nəticələnməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun aşağı salınması məsələlərinə toxunan T.Abdullayev bildirdi ki, xalqımız, o cümlədən, zərdablılar Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev ətrafındı həmişə sıx birləşib: "Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində YAP-ın mütləq qələbə qazanması milyonların, seçicilərin Prezident İlham Əliyevə, Onun rəhbərlik etdiyi partiyaya inamından irəli gəlir".
Tədbirdə YAP Zərdab rayon təşkilatının qadınlar şurasının sədri Minəgül Əliyeva, rayon Qızıl Aypara Cəmiyyətinin sədri Firuzə Qocayeva, Zərdab rayon gənclər və idman idarəsinin rəisi İlkin Əliyev, Zərdab rayon icra hakimiyyətində məsləhətçi Murad Həsənov, Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov və başqaları çıxış edərək, Azərbaycanın çiçəklənməsi və inkişafı yolunda Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti ətrafında daha sıx birləşəcəklərini söylədilər.
Tədbirin sonunda bir qrup partiya fəallarına fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olundu. Həmçinin, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verildi.
R.Hüseynova