PDF Oxu

Sosial

  • 39

İranın yarıtmaz “qonşuluq siyasəti” və ya həddini aşan mollalar

İranın yarıtmaz “qonşuluq siyasəti” və ya həddini aşan mollalar

Qonşu İranın müstəqilliyinin bərpasından sonra Azərbaycanda istər siyasi, istərsə də dini zəmində müdaxiləli fəaliyyəti heç kimə sirr deyil. Zaman-zaman məqamı düşəndə aktivliyi göz önündə olan "din qardaşlarımız"ın hələ ötən ilin sonlarında əllərinə girəvə düşən kimi, hicab məsələsi ilə bağlı vay-şivən xarakterli rolu da bəllidir. Hətta vəziyyət o həddə qədər gəlib çatmışdı ki, məsələyə dünyanın nüfuzlu mətbuat səhifələri də münasibət bildirmişdi.

Xatırladaq ki, həmin dövrlər ABŞ-ın "The Washington Post" qəzeti bu məqama toxunaraq yazmışdı:" Qafqazın bu dünyəvi ölkəsində ənənəvi islam geyimini qadağan edən vahid məktəbli forması tətbiq olunur. İslam respublikasındakı mühafizəkar dini liderlər dəfələrlə açıq şəkildə bu qərarı pisləyiblər və Azərbaycan hakimiyyətini xəbərdar ediblər ki, məktəblilərə baş örtüsünü qadağan etməklə, onlar əhalisinin əksəriyyəti şiə müsəlmanları olan ölkədə təhlükəli yola qədəm qoyurlar. Azərbaycan vətəndaşlarının əksəriyyəti İranla sıx bağlıdır, belə ki, İranda milyonlarla etnik azərbaycanlı yaşayır".

Həmin dövrlər, İran dövlət televiziyası xəbər vermişdi ki, əksər çoxluğu azərbaycanlılar yaşayan Ərdəbil şəhərində cümə namazı zamanı Faruki adlı ayətullah Azərbaycanda "yaxınlaşmaqda olan ideoloji inqilab" barədə danışıb: "Azərbaycanda ideoloji inqilab başlayıb, gələcəkdə bu ölkə dini mərkəzlərdən biri olacaq".


İran nəyə "arxalanır?"


Eyni zamanda, fars şovinizmini əhatəli şəkildə sərgiləyən İran hakimiyyəti zaman-zaman həddini aşaraq bu tipli mövzular ətrafında var-gəl edərkən, özünün düşdüyü siyasi-iqtisadi və sosial durumunu görməzlikdən gəlir. Daha dəqiq desək, molla rejimi özündə olan "söz ruporlarından" istifadə etməklə, vəziyyəti gərginləşdirməyə cəhdlər törədir, təxribat xarakterli bəyanatlar səsləndirir. General Firuzabadinin Azərbaycan xalqı və hökuməti barəsində səsləndirdiyi ifadələr öz məntiqsizliyi, bütövlükdə isə şərəfsizliyi ilə ölkə ictimaiyyətində kəskin hiddətlə qarşılandı. Lakin maraqlı məqamlardan biri də odur ki, İranın Bakıdakı səfirliyi sözügedən bəyanatı şəxsləşdirilmiş qismində verildiyini açıqladı və bir növ öz yaxasını kənara çəkməyə cəhd göstərdi. Ancaq bütün bunlara baxmayaraq, ox öz yayından çıxmışdı və onun istiqamətini dəyişmək sadəcə siyasi blef mənasını daşıyırdı. Çünki İranın bundan sonra da dövlət səviyyəsində buna bənzər addımlar atması qeyd edilənləri tam sübuta yetirmiş olur. Məsələn, qonşu dövlətin "Səhər 2" və "Kompas" telekanallarından sonra, yeni-"Azəri" telekanalını açması, bu kanal vasitəsi ilə öz çirkin siyasi metodlarını davam etdirmək məqdəsini güdməsi bu dövlətin nə qədər "ciddi" olduğunu qabardır.

Görünür, İran dövləti öz təbirincə, nəyəsə arxalandığını sərgiləmək istəyir. Sadəcə, özü də bilmir ki, kimə və nəyə arxalanır. Əgər sadə xalqı götürsək, xalq bu rejimdən qan ağlayır və hər an onu devirməyə hazırdır. Qonşuluq münasibətlərinə diqqət yetirsək, burada da ciddi irəliləyişlərin olduğundan danışmaq mümkün deyil (Ermənistandan başqa). Bəs başqa hansı amil bu dövlətin dilini uzun edir? Əlbəttə ki, daxildə çalxalanan ultramillətçi ŞOVİNİZM amili...İran dövləti islam mahiyyəti və pərdəsi arxasında bu ziyanerici nüansa "arxalanır" və bu minvalla da özünü siyasi uçuruma yuvarlayır.


Boğazdan yuxarı deyilən qara yalanlar


İran hakimiyyətinin danışdığı, ortaya qoyduğu bütün "faktlar" ona görə ağ yalan deyil, qara yalan adlandırılır ki, onlar başdan-ayağa qara rəngə boyanaraq, ölkə daxilindəki bütün çirkinlikləri gizlətməyə cəhd göstərir. Söylədikləri hər bir söz, hər bir ifadə qara ləkə, qara düşüncə və qara üzdür. Bu ölkənin bir dənə də olsun, üzağardan fəaliyyəti yoxdur və belə getsə olmayacaq da. Çünki islam kimi pak və saf dinindən öz mənfəətləri naminə sui-istifadə edənlər, ondan şəxsi məqsədləri üçün yararlanmağa səy göstərirlər. İslam dinini qorxu, təzyiq dini kimi təqdim edərək, qara rəngə bürünüb, qara xislətlərini yaşadırlar. Ona görə də mənəvi tərəfdən də qaralmış molla rejimi boğazdan yuxarı danışdıqları söz-söhbətlərini də qara yalanla malalayırlar. Bu əsnada Azərbaycan kimi müqəddəs sözü fars dilində "arran" adlandıraraq, dünyada yaşayan 50 milyonluq AZƏRBAYCAN XALQINDAN çəkindiklərini dolayısı ilə etiraf edirlər.

Bütün dünya azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman 50 milyonluq azərbaycanlının Prezidenti kimi təqdim edirlər. Bu 50 milyonun 35 milyonu İran ərazisində, daha doğrusu, Cənubi Azərbaycanda yaşayır. İran həmişə, dillə deməsə də, bunu özünə təhlükə bilib. İranda Azərbaycan adını qadağa ediblər. İndi görürlər ki, müstəqil bir respublika var və bu da Cənubi Azərbaycanda yaşayan insanlara əsas verir ki, onun varlığına söykənib öz insani, milli-mənəvi haqlarını tələb etsinlər. Molla rejimi də bunu çox gözəl başa düşür. Ona görə də burada iğtişaşlar yaratmağa cəhdlər edir, "hicab məsələsini" və digər "islami məsələləri" gündəmə gətirirlər.

İran internet saytlarında ermənilərin Dağlıq Qarabağda məscidlərə it bağladıqları, donuz fermaları açdıqları ilə bağlı yazılara diqqət çəkən soydaşımız bunun səbəbini zəruri bilir: "Azərbaycana qarşı "ideoloji müharibə" aparan mollalardan soruşmaq lazımdır ki, din və ya hicabdan bu qədər narahatsınızsa, ərazilərimizi işğal edib, məscidlərimizə it bağlayan, orada donuz fermaları yaradan ermənilər barədə niyə danışmırsınız? Çünki, onlar islam dini pərdəsi altında öz siyasətlərini yürüdürlər. Bu yol onları uğursuzluğa aparacaq. Çünki bütün dünya onların əleyhinədir".

Molla rejiminə qarşı xalq üsyanı reallığa çevrilə bilər


İranın ideoloji təbliğatı və Azərbaycanda "dini inqilab" törətmək planları nəticə verməyəcək. Çünki Azərbaycan xalqının intellektual səviyyəsi xeyli inkişaf edib. Xalqımız öz milli varlığını fars rejiminin təxribatlarından daha üstün tutur. Azərbaycan xalqı İran mollalarından fərqli olaraq, Allahını, dinini sevir, ona hörmət göstərir. Ona görə də İran hakimiyyəti ölkəmizdəki müəyyən cahil qüvvələri tərpətməyə səy göstərsə də, heç bir nəticəsi olmayacaq. Aşağı səviyyəli fars-molla rejimi yüksək dünyagörüşlü Azərbaycan cəmiyyətini dəyişmək iqtidarında deyil. Çünki Azərbaycanda milli və bəşəri mədəniyyət formalaşıb və İran mollalarının yaydığı qanlı, qərəzli ideologiyadan çox fərqlidir.Və yaxşı olardı ki, İranın molla rejimi ölkələrində hər an partlaya biləcək XALQ ÜSYANINDAN özünü qorusun, çünki həmin günün elə də uzaqda olmaması həqiqətə çevrilməkdədir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər