Azərbaycan dövlətinin dünya xəritəsində yeri və rolu möhkəmləndikcə, gücləndikcə bu uğurları qəbul etmək istəməyən, daha doğrusu, qısqanclıqla yanaşan bəzi dövlətlər narahatlıq hissi keçirirlər. Özəlliklə də Azərbaycanla qonşu olan dövlətlərin bu məsələdə çox ciddi təşviş keçirmələri təəccüb doğurur. Ən azı, ona görə ki, bu dövlətlər Azərbaycanla hər zaman rəsmi görüşlərdə ölkəmizin uğurlu nailiyyətlər əldə etməsini alqışladıqlarını söyləyiblər. Lakin əməli fəaliyyətlərində hər zaman qeyri-etik, səviyyəsiz ifadələr səsləndirib gizli formada anti-təbliğat aparıblar. İran İslam Respublikasının bu məsələdə Azərbaycana qarşı qərəzli, kinli mövqe tutması isə, təəccüb doğurmaqla yanaşı, başa düşülən hal kimi də qiymətləndirilir. Çünki bu dövlət tarixən Azərbaycanın uğurlarına və nailiyyətlərinə qısqanclıqla yanaşıb.
Söhbət etdiyimiz millət vəkilləri də bu məsələdə rəsmi Tehranın təcavüzkar ölkə Ermənistanla mövqelərinin üst-üstə düşməsində Azərbaycanın regionda artan nüfuzuna, hörmət və uğurlarına qısqanclıqla yanaşmaları ilə əlaqələndirirlər.
Aydın Mirzəzadə, millət vəkili:
- İran dövləti torpaqlarımızın 20%-ni işğal edən, bir milyondan artıq insanları yurd-yuvalarından didərgin salan vəhşi ermənilərlə iqtisadi-siyasi əlaqələr qurmaqdan belə çəkinməyiblər. İran İslam Respublikasının bəzi özəl şirkətləri işğal olunan Dağlıq Qarabağda iş aparır, oranın dağınıq halda olan iqtisadiyyatına investisiya qoymağa çalışırlar. İran İslam Respublikası o dövlətlərdəndir ki, bu günə qədər Ermənistanı işğalçı dövlət kimi tanımayıb. İran dövləti xaos və anarxiya girdabında dağılsa da, insan hüquq və azadlıqlarının müdafiəsi hər saat, hər an tapdalansa da, demokratiyadan söhbət getmədiyi fakt olsa da, bəzən daxili işlərə qarışacaq iddialı və sərsəm bəyanatlarla çıxış edir.
Millət vəkili vurğuladı ki, bu günlərdə İran dövlətinin Azərbaycanın daxili işlərinə qarışan bəyanatlar səsləndirməsi çox təəccüb, həm də maraq doğuran nüanslardan hesab olunur. Çünki bu dövlətlərin üzdəniraq hərbçiləri bəzən isə, dirijor çubuğunun işarəsinə bənd olan ziyalıları Azərbaycanla bağlı tənqidi və iradlı fikirlər səsləndirirlər.
Millət vəkili onu da vurğuladı ki, bütün bunların hamısı Azərbaycan xalqını heç də narahat etmir. Çünki İran İslam Respublikası ilə təcavüzkar ölkə Azərbaycanın bölgədə güclənməsindən, iqtisadi yüksəlişindən qıcıqlandığını, bəzən isə, təşviş hissi keçirdiyini başa düşürlər.
Fazil Mustafa, millət vəkili:
İran İslam Respublikası Azərbaycanın müstəqilliyini qəbul edə bilmir. Və yaxud da hansısa formada Azərbaycanı İranın təsiri altında saxlamağa çalışır. Həmçinin, Azərbaycan Respublikasının 1993-cü ildən bəri əldə etdiyi böyük nailiyyətləri, uğurları, inkişafı görmək istəmir. Bu dəqiqə İran İslam Respublikasının çözə bilmədiyi çox ciddi problemləri var. Bu ölkədə iqtisadi inkişaf çox aşağıdır, təbii neft-qaz ehtiyatlarından səmərəli istifadə edilmir. İran daxildə pozulmuş insan hüquqlarına, ağır və böhranlı gününə ağlasaydı, daha yaxşı olardı. Problemləri hicab örtmək adı altında həll etmək olmaz. Azərbaycan dövləti bütün dinlərə hörmət hissi ilə də yanaşır. Dövlətimiz din pərdəsi altında ləkələmək ən azından insanlığa yaraşmaz. İran İslam Respublikasının baş qərargah rəisi iki ölkəni müqayisə etsin, daha sonra hansısa formada öz fikrini bildirsin. Əslində, müqayisə edə də bilməz. Bu gün bütün ictimaiyyətə hər iki dövlətin taleyi məlumdur. Nəinki regionda, nəinki MDB-də, bütün dünyada uğurlara, nailiyyətlərə imza atmış qüdrətli Azərbaycan dövləti hər zaman öz müasir baxışları ilə seçilib. Azərbaycan Respublikası İran kimi dağılmış, iqtisadiyyatı param-parça olmuş bir ölkə ilə heç zaman müqayisəyə gəlməz.
AYLANA RZAYEVA