PDF Oxu

Sosial

  • 26

İran-erməni həmrəyliyi

İran-erməni həmrəyliyi

Dövlət səviyyəsində terrorizmi dəstəkləyən, işğalçılıq siyasəti yürüdən Ermənistana İran bu gün qucaq açır. Təbii ki, bu faktın mövcudluğu fonunda İranın, sadəcə, müsəlman həmrəyliyindən, birliyindən danışmağa heç bir haqqı çatmır. İran zaman-zaman Azərbaycan dövlətinin əleyhinə təbliğat aparır. Rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlı tərəf kimi çıxış edir.

Əgər İran həqiqətən də, sözdə dediyi kimi əməldə də müsəlman birliyinin tərəfdarı olsa idi, işğalçı erməniləri deyil, müsəlmanların da sayı çox olan demokratik Azərbaycanı müdafiə edərdi. Söhbət etdiyimiz millət vəkilləri və politoloqlar İranın bəzi rəsmi şəxslərinin Azərbaycan dövlətinə qarşı səsləndirdikləri məsuliyyətsiz fikirləri açıq-aşkar qərəzkarlıq kimi dəyərləndirdilər.

Rasim Musabəyov, millət vəkili:


- Məlum məsələdir ki, İran İslam Respublikasını Azərbaycanın inkişafı narahat edir. Bu gün Azərbaycan bütün sahələrdə uğurlu nailiyyətlər əldə edir, dünyada söz və nüfuz sahibinə çevrilir. Təbii ki, ölkəmizin qısa zaman kəsiyində belə tez uğur və nailiyyət qazanması İranı və Ermənistanı narahat etməyə bilməz. İranın Azərbaycanla bağlı tutduğu mövqe qərəzli və düşünülmüş addımdır. İran Azərbaycanı özündən asılı vəziyyətə salmağa çalışır. Düşünür ki, bu yolla hansısa çirkli niyyətinə nail olacaq. İslamdan, həmrəylikdən, müsəlmançılıqdan pafosla danışan İran dövlətinin bəzi dairələri qondarma "Dağlıq Qarabağ Respublikası"nın separatçılarını, eləcə də, Ermənistan hakimiyyətini dəstəkləyir, maddi köməklik göstərir və silah-sursatla yetərli qədər təmin edir. Budur, İranın din oyunbazlığı. İran din pərdəsi altında hələ çox təxribatlara imza atacaq.


Mübariz Əhmədoğlu, politoloq:


- Artıq İranın, demək olar ki, dünyada heç bir hörməti yoxdur. İran İslam Respublikasının baş qərargah rəisi düşünür ki, verdiyi sərsəm və əsassız bəyanatla Azərbaycanın imicinə hansısa bir xələl gətirilməsinə nail olacaq. Amma İranın rəsmi dairələri yanılırlar. Firuzabadinin dilindən səsləndirilən həmin fikirlər İranın onsuz da olmayan imicinə bir daha zərbə vurdu. Əslində, belə bəyanatlar vermək Firuzabadinin səlahiyyətləri çərçivəsindən kənar olan bir məsələdir. O, daha çox öz vəzifə səlahiyyətlərini yerinə yetirsə, yaxşı olar. Rəsmi Tehran düşünür ki, Azərbaycan əleyhinə yönəlmiş belə bəyanatla cəmiyyətdə bir ajiotaj yaradacaq. Lakin burada uduzan elə rəsmi Tehranın özü oldu. İran bütün iyrənc vasitələrdən istifadə edərək, çalışır ki, hansısa məqamda Azərbaycanı özündən asılı etsin. Amma nə qədər ki, Azərbaycana Prezident İlham Əliyev rəhbərlik edir, heç zaman Azərbaycan sarsılmayacaq və yenilməyəcək. Azərbaycan həm müstəqil, demokratik, hüquqi-dünyəvi, həm də çox müasir bir ölkədir. Azərbaycana gələn İran vətəndaşları ölkəmizin çox yaraşıqlı olduğu və inkişaf etdiyini bildirirlər. Və bir daha öz vətənlərinə-İrana geri dönmək arzusunda olmurlar.


Rüstəm Məmmədov, politoloq:


- Təbii ki, İran İslam Respublikası heç zaman Azərbaycana rəğbətlə yanaşmayıb. Əksinə, çalışıb ki, hər dəfə Azərbaycanı sarsıdacaq, imicinə kölgə vuracaq fikirlər bildirsin. Hər zaman Azərbaycanla apardığı siyasətdə xudpəsəntlik ideyasını üstün tutub. Onsuz da İranın parçalanmasına çox zaman qalmayıb. Rəsmi Tehran çox çalışır ki, Azərbaycanın Qərblə əlaqələrini tamamən üzsün və sırf islamçılıq dəyərləri üzərində qurulmuş bir dövlətə çevrilsin. Azərbaycanda islam dəyərləri ilə Avropa dəyərlərini müqayisə edəndə, Azərbaycan, təbii ki, Avropa dəyərlərinə üstünlük verir, bu da təbiidir. İran Azərbaycanı özləri kimi bir dövlətə çevirmək iddiasında və ölkəmizi idarə etmək arzusundadırlar. Bu arzu isə xülya olaraq qalacaq.


AYLANA RZAYEVA

Digər xəbərlər