Zaman-zaman İran dövlətinin əsas məqsədi və qayəsi rəsmi Moska və ermənilərlə münasibət yaradıb Azərbaycanı parçalamaqdan ibarət olub. Daha doğrusu, bu, farsların strateji planı olub ki, say tərkibinə görə azəri türkləri çox olsa, İran onların əlindən çıxa bilər. Ona görə də, dini təəssübkeşlikdən, islam həmrəyliyindən danışan farslar şeytanla da müqaviləyə girməklə arzularını reallaşdırmağa çalışır. Son yüz ildə mövcud olmuş bu məsələ hələ də davam etməkdədir. İndi isə, əlindən hər şey çıxdığına görə və rəsmi Moskva ilə bəzi siyasi nöqtələri kəsişə bilmədiyinə görə, böyük bir "jest" edərək artıq erməni kartına üz tutublar. Müsahiblərimiz İranın rəsmi dairələrinin şeytan libası geymiş bir qrup dinsiz və imansız insanlardan ibarət olduğunu bildirdilər.
Gülər Əhmədova, millət vəkili:
- İran islam dövləti Qurana və Allahın buyurduğu qayda-qanunların heç birinə riayət etmir. Bütün müsəlmanların qardaş və bacı olması Quranda buyurulub. Lakin rəsmi Tehran müsəlman həmrəyliyini deyil, onun müsəlman bacı və qardaşlarını öldürmüş, işğalçılıq siyasəti yürüdən bir xristian ölkəsi olan Ermənistanla dostluğu daha vacib bilir. Rəsmi Tehran çalışır ki, Azərbaycan problemlər içində boğulsun, Dağlıq Qarabağ kimi Azərbaycan xalqının qaysaq bağlamayan yarası irin versin. Əslində, Azərbaycanda cənubla bağlı məkrli fikir yoxdur. Azərbaycan ona qarşı yönəlmiş təxribat oyunlarına baxmayaraq, bütün məsələlərdə özünün həm ərazi bütövlüyünü, həm də suverenliyini qoruyacaq. Nə qədər İran İslam Respublikası Azərbaycana qarşı sərt mövqedə olsa və qatil donu geymiş erməniləri dəstəkləsə belə, bu, Azərbaycanı sarsıtmayacaq. Yenilməz olan və 20 illik müstəqilliyi olan Azərbaycan onun üçün yaranmayıb ki, hansısa şeytan xislətli farslar və ermənilər ölkəmizə zərbə vursun. Amma İran üçün utandırıcı nüans ondan ibarətdir ki, öz müsəlman bacı və qardaşına dəstək olmur, şeytana qucaq açır. Bu, Allah-Taalaya və islama xoş getməyən amildir. Artıq İran dövlətinin bu mövqeyinə öyrəşmişik və bundan başqa da bir şey də gözləmirik. Çünki bütün hallarda İslam Respublikası adı altında gizlənən İran təhqir və şantajla məşğuldur. Maraqlı bir nüans ondan ibarətdir ki, İran dövlətinin rəhbərliyi falçıların, cadugərlərin sözü ilə oturub-durur. Və bunların içərisində, təbii ki, xristian falçıları da mövcuddur. Təsdiqini tapmış faktdır ki, İran prezidenti aparatının rəhbəri falçılarla sıx dostluq münasibətindədir və bütün məsələləri birgə planlaşdırırlar. İran islam ölkəsi olsa da, islami dəyərlərdən tamamilə uzaq, şeytani əməllərlə məşğul olan ölkədir. Ermənistanla da yaxınlaşma məhz buradan qaynaqlanır.
Əgər İranın rəsmilərinin məqsədyönlü düşüncə tərzi olsaydı, heç zaman din pərdəsi altında öz məkrli siyasətini yürütməzdi. İranı idarə edənlərin hamısı əyyaş və bambılı mollalardır. Bu ölkədə dini ali təhsil alan çox azdır. İranda islami qaydalardan uzaqlaşma göz önündədir. Yəni islam o qədər fanatikləşdirilib ki, artıq ayrı-ayrı mollalar səviyyəsində fitvalar verilir. Allahın səbri nə qədər böyük olsa da, bu qədər haqsızlığı qəbul etməyəcək.
Fəzail Ağamalı, millət vəkili:
- İran İslam Respublikası hakim dairələrinin Azərbaycanın daxili işinə qarışmağa haqqı yoxdur. Ümumiyyətlə, İranın baş qərargah rəisi Firuzabadinin məlum bəyanatı onun səlahiyyələri çərçivəsindən kənarda olan bir məsələdir. Din pərdəsi altında siyasi şoular, oyunlar düzəldən rəsmi Tehran, faktiki olaraq, işğalçı Ermənistanı qaz və işıqla təmin edib. 2008-ci il Gürcüstan və Rusiya arasında baş verən məlum münaqişədən sonra, faktiki olaraq, Ermənistanın rəsmi Moskva ilə əlaqəsi kəsildi. Bu gün işğalçı Ermənistan İran vasitəsilə quru əlaqələrinə malikdir. İran bütün imkanlarından istifadə edərək, təcavüzkar ölkə Ermənistanın problemlərinin həllində kifayət qədər rol oynayır. İran və Ermənistan arasında enerjiyə olan tələbatın ödənilməsində rəsmi Tehran rol oynayır. Digər tərəfdən də İran Azərbaycanda ayrı-ayrı dindarlar vasitəsilə müxtəlif daxili qarşıdurmalar, təxribatlar yaratmağa çalışır. Azərbaycanda qarşıdurma və gərginlik yaranmasında İran maraqlı tərəfdir. İranın Azərbaycana qarşı əlaqələrində heç vaxt dostluq münasibəti özünü əks etdirməyib. Baxmayaraq ki, İran dövlətinin rəsmi dairələri verdikləri bəyanatlarda ölkəmizə qarşı olan xoş dostluq münasibətilərini nümayiş etdirməyə çalışır, lakin əməldə isə, bunun tam əksini edirlər. Müsəlman bir ölkənin digər müsəlman bir ölkəyə olan qərəzli mövqeyi, təbii ki, Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə pislənilir. Rəsmi Tehrana gəldikdə isə, bu ölkənin tutduğu qərəzli mövqe tezliklə İranın dağılması ilə nəticələnəcək.
AYLANA RZAYEVA