BMT Baş Məclisinin bu ilin sentyabrında keçiriləcək növbəti sessiyasının gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət"ə dair məsələnin müzakirəyə çıxarılması ölkəmizin əldə etdiyi ən əlamətdar diplomatik uğurlardan sayılmalıdır. Xatırladaq ki, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edir.
O cümlədən, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirir.
Əslində, bu qətnamə layihəsi onu göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. Rəsmi Bakı həm beynəlxalq səviyyədə, həm də işğalçı dövlətin daxilində cərəyan edən prosesləri diqqətdə saxlamaqla, münaqişənin həlli prosesinə təsir amillərini gücləndirmək istiqamətində diplomatik tədbirlər həyata keçirir. Xarici siyasətdə qarşıya qoyulan başlıca məqsəd Ermənistanın ən müxtəlif ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi tanınması, təcavüzkara iqtisadi-siyasi və ideoloji müstəvidə təzyiqlərin gücləndirilməsidir.
Cəbhə bölgəsində atəşkəsin pozulması ilə bağlı ATƏT, Avropa Birliyi, NATO və digər təşkilatların, eləcə də, ABŞ Dövlət Departamentinin narahatlığını rəsmi ifadə etməsi də deyilənləri təsdiqləyir. Bu fakt, eyni zamanda, Azərbaycanın danışıqlar prosesindəki mövqelərini gücləndirir, onun beynəlxalq hüquqa söykəndiyini tam təsdiqləyir. Xatırlatmaq lazımdır ki, BMT Təhlükəsizlik Şurası 17 il öncə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı faktı təsbit olunmuş, təcavüzkardan işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmaq tələbi irəli sürülmüşdür. Eyni zamanda, BMT Baş Məclisi Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək, 1993-cü ildə - 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. Ümumilikdə, 1992-1996-cı illərdə BMT Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaymışlar. 1996-cı ildə BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" Qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləmişdir.
Şübhəsiz, BMT-nin Ermənistanı yenidən işğalçı dövlət kimi tanıması Azərbaycan üçün hər mənada strateji əhəmiyyətli qərardır. Bu, eyni zamanda, təşkilatın ənənəvi mövqeyində hansısa dəyişikliyin baş verməməsi anlamına gəlir. Bununla belə, təşkilatın indiyə qədər qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Məhz buna görə də rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların aparılması ideyasını dəstəkləyir. Xatırladaq ki, hələ 2003-cü ilin sentyabrında Baş nazir kimi təşkilatın Baş Məclisinin 58-ci sessiyasında çıxış edən cənab İlham Əliyev bir sıra prinsipial məsələlərə toxunmuşdur. Haqlı olaraq dövlət başçısı hələ o zaman bildirmişdir ki, beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər BMT-nin yenidən strukturlaşması, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin edilməsi məsələlərini ön plana çıxarmışdır. Uzun müddət dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən, habelə, beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasını təmin edən BMT-nin hazırkı böhranlı durumu - cərəyan edən qlobal proseslərə təsir imkanlarının məhdudluğu, qətnamələrini icra edə bilməməsi, bəzən də "ikili standartlara" yol verməsi təşkilata üzv dövlətlərin böyük əksəriyyətində ciddi narahatlıq doğurur. Bu, əsasən, təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə şərtlənir. BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətini əngəlləyir. "Bu cür anlaşılmazlıqlar həm İraq ətrafında, həm də digər münaqişə və böhranlarla bağlı məsələlərdə Təhlükəsizlik Şurasının fəaliyyətinə mənfi təsir göstərməkdə davam edir. Mövcud BMT mexanizmləri zamanın tələblərinə cavab vermir, bununla bağlı təşkilatda islahatlar aparılması vacib məsələyə çevrilmişdir. Təhlükəsizlik Şurasının da islahatlara ehtiyacı var, orada həm bu günün reallıqları, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır" - deyə dövlət başçısı vurğulamışdır.
Qeyd edək ki, Azərbaycan diplomatiyasının israrla Dağlıq Qarabağ münaqişəsini növbəti dəfə BMT müstəvisinə çıxarması ölkəmizin Ermənistan üzərində üstünlüyünü təmin edir və işğalçı ölkəni diplomatik dalana sürükləyir...
R.Əliyev