PDF Oxu

Sosial

  • 40

Qız uşaqlarının ana bətnində məhv edilməsi ciddi demoqrafik problem yaşada bilər

Qız uşaqlarının ana bətnində məhv edilməsi ciddi demoqrafik problem yaşada bilər

Müasir dövrümüzdə cəmiyyətin inkişaf etdiyi zamanda insan idrakının gücü ilə əldə olunan kəşflər bəzi hallarda cəmiyyətin özünə, yer üzünün insanlarının kütləvi şəkildə məhv olunmasına doğru yönəlir. Çox zaman fərqinə varmadan törədilən hadisələr canlıların ən ləyaqətlisini insan qatilinə çevirir. Özü də ən zərif məxluqu olan qadını. Ana, dərinə varmadan övlad qatili olur. Bu, hamilə qadınların uşaq salması ilə əlaqədardır. İllərdir davam edən prosesin nəticələri təhlükə doğursa daqarşısı alınmazdır. Ana bətnində olan uşaqların cinsi müəyyən edildikdən sonra məhv olunur. Hər bir insanın hüququ vardır, hətta ana bətnində hələ rüşeym halında olan körpənin də. Həm hüquqi, həm də dini baxımdan bu hal yolverilməzdir. Sivilizasiyalı bir dövrdə yazdığımız zamanda bunun baş verməsi nə dərəcədə məqsədəuyğundur?

Ailələrdə oğlan-qız ayrı-seçkiliyinin tarixi var. Qədim dövrlərdə, islam dini meydana gəlməzdən əvvəl yaxın Şərqin bəzi ölkələrində yeni doğulan qız uşaqları diri-diri torpağa basdırılıb. İslam dini yaranandan sonra bu vəhşi adət-ənənə aradan qalxıb. Bununla belə, bir sıra müsəlman ölkələrində ailələr hələ də oğlanları qızlardan üstün tutur, yeni doğulan körpənin zərif cinsdən olmasına etiraz edirlər. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə təkcə müsəlman ölkələrində deyil, artıq Qərbdə də valideynlərin əksəriyyətini doğulacaq körpəsinin cinsi çox maraqlandırır. Avropa və Amerika ölkələrində də ailələrin çoxu ilk doğulan uşağın oğlan olmasını istəyirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xüsusiləson 10 ildə dünyada oğlan uşaqları qızlardan daha çox doğulurlar. Tədqiqatların nəticələrinə görə, körpə oğlanlar Kanada, ABŞ, Danimarka, Böyük Britaniya, Almaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə daha çox doğulurlar. Dünya statistikasına nəzər salsaq, görərik ki, hələ ötən əsrin ortalarında Nyu-York şəhərində doğuş ilə əlaqədar 26,1 faizi qadın uşaqsalma nəticəsində dünyasını dəyişib. On il ərzində bu rəqəm 42,1 faizə çatmışdır.

Azərbaycanda son illər ölkədə yeni doğulmuş oğlan uşaqlarının sayının qızlara nisbətən xeyli çox olduğu bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına istinadən, körpənin 54,1 faizini oğlan, 45,9 faizini isə qız uşağı təşkil edir. Etiraf edək ki, ötən əsrin 40-cı illərindən başlayaraq son illərə qədər Azərbaycan əhalisinin cins üzrə bölgüsündə qadınlar kişilərdən üstünlük təşkil edib. Əgər bu, belə gedərsə, bir neçə ildən sonra Azərbaycan əhalisinin cins üzrə bölgüsündə kişilər qadınları üstələyəcək.

Mütəxəssislərin fikrincə, yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələr daha çox təsir göstərir. Səhiyyə Nazirliyinin Ailə Planlaşdırılması Mərkəzinin məlumatına görə, son illər Azərbaycanda ultrasəs müayinəsi (USM) getdikcə daha çox tətbiq olunmaqdadır. Müayinəyə gələn hamilə qadınların 80 faizinin məqsədi körpənin cinsini müəyyənləşdirməkdən ibarətdir. Son illərdə körpənin cinsini müəyyən etmək üçün ultrasəs müayinə aparatına müraciət edənlərin sayı xeyli artıb. Müraciət edən qadınların əksəriyyəti də körpənin oğlan olub-olmadığı ilə maraqlanır. Qız uşaqlarının ana bətnindəykən məhv edilməsi təkcə Azərbaycanın problemi deyil. Cenevrədə fəaliyyət göstərən QHT-nin yaydığı "Qadınlar təhlükəsiz dünyada" adlı hesabatında son 10 ildə yer üzündə ən azı 60 milyon qızın hələ ana bətnində olanda məhv edildiyi məlum olub. Müayinə zamanı uşağın qız olduğu bilinəndə onların məhv edilməsinə daha çox Afrikada və Çində rast gəlinib. Çində 100 qıza qarşı 119 oğlan doğulur. Ancaq bioloji olaraq 100 qız uşağına 103 oğlan düşməlidir.

UZİ müayinəsindən sonra isə valideynlər oğlan uşaqlarının dünyaya gəlməsinə sevinir, qız uşaqları isə, bir qayda olaraq, abort yolu ilə məhv edilirlər. Hər il, demək olar ki, Azərbaycanda 30 minə yaxın abort qeydə alınır. Abort olunan körpələrin əksəriyyətini də, qeyd etdiyimiz kimi, qızlar təşkil edir. Bunun qarşısının alınması üçün dövlət tərəfindən qadağa qoyulacaq. "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsində bu, öz əksini tapıb. Qanun layihəsinə əsasən, bu uşaqsalmanın miqdarının azalması ilə nəticələnəcək və çox güman ki, yaxın gələcəkdə dərəcələr üzrə yeni doğulacaq oğlan və qızların sayı bərabərləşəcəkdir. Qanun layihəsində əks olunan müddəaya görə, həkimlər hamiləliyin ilk üç ayında valideynlərə yeni doğulacaq körpələrin cinsi mənsubiyyəti barədə məlumat verməkdən imtina etməlidirlər.

İnsan sağlamlığı üçün də bunun ağır nəticələri var. Hər bir qadın bilməlidir ki, hamiləliyin süni şəkildə pozulması onun orqanizminə ciddi ziyan vurur. Ən əsası və ən dəhşətlisi isə odur ki, abort - hələ ki, doğulmamış insanın öldürülməsi deməkdir. Bu, artıq bəlkə də dərindən dərk etmədiyimiz halda saysız qatil anaların cəmiyyətdə mövcudluğuna dəlalət edir. Bir çox elmi müşahidələr nəticəsində aşkar edilmişdir ki, bir neçə uşaqsalmadan sonra doğulmuş körpələr daha çox hallarda müxtəlif anadangəlmə qüsurlara malik olurlar. Demək olar ki, bütün tədqiqatçılar uşaqsalmanın qadının reproduktiv (nəsil artırma) fəaliyyətinə mənfi təsir göstərdiyini də qeyd edirlər.

İslam dininə görə, Allahın verdiyi canı bəndənin alması günah sayılır. Allahın bəndəsinin canına qəsd edən hər kəs axirət dünyasında cavab verməli olacaq. Dinimizdə övladları arasında ayrı-seçkilik salan insanlar Allah qarşısında günah sahibi hesab olunur. Mövcud vəziyyətin qarşısı alınmasa, qarşıdakı 10-15 ildə oğlanlarla qızlar arasında balans tamamilə pozulacaq və hər bir qıza təxminən 4-5 oğlan düşəcək. Bu da genefond üçün böyük təhlükədir. Azərbaycanda bu sahədə tarix boyu tarazlıq olub. Tarazlığın pozulmaması üçün müvafiq tədbirlər həyata keçirmək labüddür. Bir çox dövlətlər kimi, Azərbaycanda da qız uşaqlarının ana bətnində məhv edilməsinə qadağa qoyulacaq. Əks halda, mütəxəssislərin fikrincə, Azərbaycanda kifayət qədər ciddi demoqrafik problem yaşana bilər.


NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər