Sözsüz ki, Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsi və amalı hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafını, Azərbaycanın dünya dövlətləri arasında özünə layiqli yer tutmasını və qüdrətlənməsini təmin etməkdir. Ölkəmizdə görülən genişmiqyaslı işlər, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, cəmiyyətimizin demokratikləşməsinə xidmət edən çoxşaxəli islahatlar Prezident İlham Əliyevin xalqa verdiyi vədlərin əməli işə çevrildiyinin sübutudur.
Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək Azərbaycanın yüksəlişi üçün çalışan Prezidentin siyasi kursuna dəstək vermək, bu işdə əlindən gələni əsirgəməməkdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əsl vətəndaş mövqeyindən çıxış edərək ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələr, milli mədəni irsimizin qorunması və təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunə sayıla bilər. Birinci ledi özünün həyat məramını, ömrünün mənasını insanlara, xüsusilə, yoxsulluq içində yaşayan, qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Onun ictimai-siyasi fəaliyyəti çox genişdir, cəmiyyətimizin spesifik sahələrini əhatə edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan-İrs" jurnalının, eləcə də, yenicə nəşrə başlayan "Muğam" jurnalının baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyevanın zəngin təcrübəsi hər kəs üçün örnək sayıla bilər.
Mehriban xanım Əliyeva həm də bir deputat kimi seçicilərinin böyük rəğbətini qazanan, insanların etimadını doğruldan ictimai-siyasi xadimdir. Onun təşəbbüsü ilə Mərdəkan, Binə, Şüvəlan, Türkan, Zirə və digər Bakıətrafı qəsəbələrdə geniş tikinti-abadlıq işləri həyata keçirilmiş, bir sıra yerlərə içməli su xətləri çəkilmiş, elektrik enerjisi şəbəkəsi yenidən qurulmuşdur. Deputat seçkiləri ərəfəsində verdiyi vədlərə əməl edən Mehriban xanımı vaxtaşırı məktəblərdə, uşaq bağçalarında, sadə adamların əhatəsində görmək olar. Hər gün Heydər Əliyev Fonduna yüzlərlə məktub və teleqram daxil olur, Mehriban xanım Əliyeva ilə görüşməyə can atanların, ona təşəkkür etməyə tələsənlərin sayı yüzlərlə, minlərlədir. Bu, hər insana qismət olan səadət deyil. Bu xoşbəxtliyi Mehriban xanımın özü qazanıb, bu, onun halal haqqıdır. Belə bir səmimiyyət ilk əvvəl Mehriban xanımın milli təəssübkeşliyindən, xeyirxah niyyətindən və digər ali insani keyfiyyətlərindən irəli gəlir.
Mehriban xanım Əliyevanın icimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və deputat kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım Əliyevanın Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə verdiyi dəstək, Ulu Öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına etdiyi kömək təsdiq edir. Bu günlərdə Bakıda bədii gimnastika üzrə 23-cü Avropa çempionatının keçirilməsi, o cümlədən, Mehriban xanımın redaktorluğu ilə üç dildə "Muğam" jurnalının çapına başlanılması da bu deyilənlərə əyani sübutdir.
Beləliklə, etiraf etməliyik ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva bütün imkanlarını, intelekt və bacarığını xalqımızın azad, firavan həyatı üçün səfərbər edib və bu yolda əzmkarlıqla çalışır. Bunu təsdiqləyən onlarla, yüzlərlə fakt var. Nəzərəçarpan haldır ki, Azərbaycanın birinci ledisi hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir. Mehriban xanım Əliyeva xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir. Bütün bunların mərkəzində, şübhəsiz ki, ilk növbədə, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Prezidentin xanımı daim gündəlik həyatında və fəaliyyətində bu amillərə öncül yer vardiyini göstərir: "Zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha çox ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəzlənməsidir".
O da real faktdır ki, ölkənin gündəlik həyatından, sıravi vətəndaşların adi qayğılarından, ümumiyyətlə, sadə vətəndaşın həyatında nələr baş verirsə, ondan olduqca aralı, iri məsafədə olan şəxsin bu reallığı bilməsi, onu dilinə gətirməsi və ən əsası bu gerçəkliyin doğurduğu çətinliklərin aradan qaldırılmasına yardım etməsi, umanlara kömək əlini uzatması olduqca tədqirəlayiq haldır. Bu mənada, Azərbaycanda birinci ledinin gündəlik fəaliyyəti, həqiqətən də, çox gərgin və eyni zamanda, zəngindir. O, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğ edir, ölkənin beynəlxalq imicinin formalaşması işinə önəmli töhfələrini verir, ölkənin ən ümdə məsələlərini, o cümlədən, Dağlıq Qarabağ problemini ən yüksək və mötəbər toplantılarda müzakirəyə çıxarar. Azərbaycanın özündə isə Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik missiyasının daşıyıcısıdır.
Heydər Əliyev Fondunun dövlət və millət maraqları baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban Əliyevanın yüksək işgüzarlıq bacarığı və enerjisi, habelə, daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır. Həcminə görə Azərbaycanda analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması, "Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələr, "Qarabağ xanəndələri" adlı diskin buraxılması, "Qarabağ həqiqətləri" kitabının ərsəyə gəlməsi Mehriban xanımın həyatımızın ən müxtəlif sahələrinə qayğı və himayəsinin, ən əsası isə bu sferalarda olan problemlərin həllinə nail olmaq istəyinin əyani təcəssümüdür.
YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Bu münasibətlərdə ən mühüm nailiyyət isə Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi və bu statusdan istifadə edərək ölkəmizə təmənnasız xidmətidir. Etiraf etməliyik ki, YUNESKO ilə əlaqələrin yeni mərhələsinə bu seçim öz təsirini göstərməkdədir. Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi, həm Azərbaycan Prezidenti, həm də Mehriban xanımın həyat yoldaşı kimi İlham Əliyev üçün təbii ki, ikiqat önəm daşıyır. Prezident haqlı olaraq hesab edir ki, Mehriban xanım xoşməramlı səfir adını daşımağa layiqdir: "...O, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu, onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcək". Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza, sözün əsl mənasında, sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq etdi. Belə ki, ilkin nəticələrdən biri "Qarabağ xanəndələri" adlı albomun nəfis tərtibatda buraxılmasıdır. Həmçinin, fond rəhbərliyinin təşəbbüsü ilə "Qarabağ" kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqəti çəkir. Digər bir layihə isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün əsərlərinin CD və DVD -də buraxılmasını əhatə edir. Mehriban xanımın redaktorluğu ilə "Muğam" jurnalının çapa başlanması da bu şərəfli missiyanın davamı hesab edilə bilər. Əslində, Mehriban xanımın şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan qeyri-maddi irsimiz də, xüsusilə, muğam bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun milli-mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun buraxılması da fondun uğurları sırasında özünəməxsus yer tutur. Mehriban Əliyevanın rəhbərliyi altında "Qarabağ" kitabının çapa hazırlanması isə Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Mehriban xanımın təşəbbüsü ilə və YUNESKO-nun baş katibinin iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. Heydər Əliyev Fondu sosial sferaya aid digər aktual məsələləri, o cümlədən, milli-mənəvi dəyərlərin mühafizə edilməsini də daim diqqətə saxlayır. Bu baxımdan, Azərbaycanın tarixi abidələrinə göstərilən qayğı, Mehriban xanımın təşəbbüsü ilə Qobustan qoruğunun YUNESKO-nun xüsusi mühavizə olunan tarixi abidələr siyahısına salınması yüksək qiymətləndirilməlidir. Bu mənada, etiraf edək ki, Prezident İlham Əliyevin "Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında" imzaladığı Sərəncam da Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin dünya inciləri sırasına daxil olması kimi müstəsna bir məqsədi nəzərdə tutur. Dövlət başçısının Sərəncamında bildirilir ki, bu qərar Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədi ilə qəbul olunub. Etiraf etməliyik ki, dövlət başçısının Sərəncamında nəzərdə tutulan vəzifələr uzun müddətdir ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri ilə yüksək səviyyədə icra olunmaqdadır. Mehriban xanım daim xalqımızın mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının tərəfdarı kimi çıxış edir. YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını öz üzərinə götürmüş Mehriban Əliyevanın bu sahədə fəaliyyəti hələ 15 il əvvələ, "Azərbaycan Mədəniyyətinin Dostları Fondu"nun yaradılması dövrünə gedib çıxır. Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir. YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir: "Biz ölkənin maraq dairəsində baş verən hadisələri diqqətlə izləyir və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənrərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirirəm". "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir"-deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla uğurlu bir yoldadır. Mehriban xanımının öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin nurlu ideyaları və Prezident İlham Əliyevin siyasətinə uyğun qurması bu yolun gələcəyinin çox parlaq olacağını şərtləndirir.
R.Əliyev