PDF Oxu

Sosial

  • 28

Molla rejimi təhdidə başlayan kimi, İslam Partiyası da burdan başlayır

Molla rejimi təhdidə başlayan kimi, İslam Partiyası da burdan başlayır

Son zamanlar məhkəmələrdə istintaqı aparılan cinayət işlərinin statistikasına nəzər yetirilsə, ölkədə dini təmayüllü meyillərin, "cihad" adı altında müəyyən hüquq pozuntularının, bir sıra dini cərəyanların təsiri altında, müxtəlif hadisələrin törədilməsinə cəhdlərin intensivləşməsinin şahidi olarıq. Əslində, ictimaiyyət zaman-zaman din pərdəsi altında ölkənin müstəqilliyinə, demokratiyasına və inkişafına qarşı yönəlmiş müəyyən təxribatları müşahidə edib. Daha dəqiq desək, Azərbaycan tolerant, dini etiqad azadlığına hörmətlə yanaşan bir dövlət kimi müxtəlif zamanlarda dini ekstremistlərin hücumlarına məruz qalıb. Belə ki, müsəlman olan azərbaycanlıların bəzi hallarda heysiyyatları ilə oynanılır, dünyəvi dövlətin qoyduğu qaydalar bir sıra hallarda islama qarşı addım kimi səciyyələndirilir.

Azərbaycanda islam dininə böyük hörmət var


Bütün dünyəvi dövlətlər Azərbaycanda da olduğu kimi, bütün milli azlıqlara, dini azlıqlara hörmət edir, amma bir dini üstün tutur. Prezidentimiz konstitusiyamızla bərabər "Qurani Kərim"ə də əl basıb, and içir. Eləcə də, müxtəlif dini ayinlərin yerinə yetirilməsi üçün, dövlət tərəfindən ölkə dindarlarına böyük imkanlar yaradılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda islam dini ilə yanaşı, digər dinlərə də kifayət qədər geniş yer verilib. Onu da nəzərə almaq lazımdır ki, 70, 80 il, hələ ondan da qabaq Azərbaycan xristian dininə əsaslanan bir imperiyanın, Rus imperiyasının tərkibində olub. Lakin yenə də islam dininə böyük hörmət var.

Azərbaycanda şəriət qanunlarını öz fəaliyyətlərində rəhbər tutan təşkilatlar dövlətçiliyə də hörmətlə yanaşmalıdır. Yəni burda bir adekvatlıq olmalıdır və bilinməlidir ki, Azərbaycanın konstitusiyası var. İlk növbədə, dövlətçilik əsas mahiyyəti təşkil edir. Hər hansı bir dini, milli, siyasi cərəyan fəaliyyətini elə qurmalıdır ki, dövlətçiliyə xətər gətirməsin. Bu dövlətin binası 1918-ci ildə böyük çətinliklərlə qurulub və 1993-cü ildə parçalanmanın, dağılmanın qarşısı qətiyyətlə alınıb. İndi bunu hansısa bir istiqamətə, bir etiqada qurban vermək qətiyyən mümkünsüz və lüzumsuzdur.


Ekspertlər belə məsələlərin təsadüfi baş vermədiyi qənaətindədir


Hicab məsələsi, artıq neçə müddətdir ki, süni şəkildə qabardılır. Belə məsələlər Azərbaycanın daxilində ictimai qaydalarla tənzimlənir. İndi bunu gətirib birdən-birə kəskin surətdə dövlətçiliyin qarşısında problem kimi qoymaq, sual doğurur. Niyə hazırkı ərəfədə belə məsələ belə bir formada gündəmə gətirilir?

Bu gün çadraya daha çox üstünlük verərək, hicabı qəbul etməyən İran deyir ki, Azərbaycanda hicab "problemi mövcuddur"(?!) Vəziyyəti obyektiv analiz etdikdə aşkar şəkildə hiss olunur ki, bu, artıq siyasi mənzərəyə daha çox oxşayır. Bunlar artıq təhdidlərdir. Bu istiqamətdən gələnlər də hər zaman dini zəmində olur, çünki onların əlində başqa bir təhdid forması yoxdur.

İslam Partiyasının fəaliyyətinə gəlincə, İran ordan media orqanları vasitəsi ilə təhdidə başlayanda, İslam partiyası da burdan başlayır. Bu, nə ilə əlaqəlidir? İslam partiyası bir sıra ictimaiyyət nümayəndələrinin islama olan təbəqəsinin qurduğu bir siyasi təşkilatdır. Bunun niyə o dərəcədə İranla əlaqəsi olmalıdır? Sanki orda düyməni basanda, burda başlayırlar hərəkət etməyə. Bu partiya gərək özünü göstərsin ki, Azərbaycan dövlətinə hörmət etsin, xalqın mövqeyində dayansın. Lakin bütün bunların əksinə olaraq. Bu partiya İranın siyasi təşkilatına daha çox bənzəyir. Burdan qənaətlərə gəlmək olur ki, İslam Partiyası özünü o qədər cılız, primitiv formada göstərir ki, artıq cəmiyyətdə də fikirlər formalaşır ki, bu partiya Cənubdan gələn maliyyə hesabınamı, yaxud dəstəyi əsasındamı fəaliyyət göstərir və birbaşa başqa bir dövlətin maraqlarına xidmət edir. Əlbəttə, burda Azərbaycan dövləti də, cəmiyyəti də hiddətlənir.


RÖVŞƏN

Digər xəbərlər