PDF Oxu

Sosial

  • 29

Kürdəmirdə ümumtəhsil müəssisələrinin yeni dərs ilinə hazırlığın vəziyyəti geniş müzakirə olundu

Kürdəmirdə ümumtəhsil müəssisələrinin yeni dərs ilinə hazırlığın vəziyyəti geniş müzakirə olundu

Artıq yeni tədris ilinin başlanması ilə bağlı təhsil işçilərinin müşavirələri davam etməkdədir. Kürdəmir rayon icra hakimiyyətinin akt zalında rayon təhsil işçilərinin, ictimaiyyətin və gənclərin iştirakı ilə keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Ümummilli Liderimiz Heydər Əliyevin başladığı və Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışdı. F.Məlikov respublikamızın bütün regionlarında olduğu kimi, Kürdəmirdə də təhsil sahəsində həyata keçirilən layihələrdən geniş bəhs etdi.

Şura iclasında rayon icra hakimiyyətinin başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Əbülfət Mikayılovun məsələ ilə əlaqədar məruzəsi dinlənildi, müzakirələr aparıldı. Ə.Mikayılov onu da bildirdi ki, qarşıdakı dərs ilində rayonda 43 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb, 4 məktəbdənkənar müəssisə və 11 uşaq bağçası fəaliyyət göstərəcəkdir: "Ümumtəhsil məktəblərinin tikintisi və təmiri, inventar və avadanlıqlarla təminatı istiqamətində xeyli işlər görülübdür. Son 7 ildə rayonda 6840 şagird yerlik 24 yeni məktəb binası tikilibdir. Həmçinin, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində bu il 3 nömrəli tam orta məktəb üçün yeni binada inşa işləri də başa çatdırılıbdır. Bu il Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə uzun illər qəzalı vəziyyətdə olan Bala Kəngərli kənd ümumi orta məktəbi üçün 200 şagird yerlik yeni tədris binası tikilib, yerli büdcə hesabına Ərəbqubalı, Məhərrəmli kənd tam orta məktəblərinin və texniki yaradıcılıq mərkəzinin binaları əsaslı təmir edilib, 37 məktəbdə, 6 uşaq bağçası və körpələr evində cari təmir işləri aparılıbdır. Hazırda məktəblərin əsaslı və cari təmiri işləri davam etdirilir. Onu da qeyd edim ki, ümumtəhsil məktəblərinin dərs ilinə hazırlığında rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının, yerli bələdiyyələrin də yaxın köməyi olmuşdur".

Tədbirdə o da vurğulandı ki, ümumtəhsil məktəblərinin tədris inventarı və avadanlıqla təminatı da diqqət mərkəzindədir.

Şura iclasında nailiyyətlərlə yanaşı, nöqsanlara da toxunuldu. Bildirildi ki, bəzi məktəblərdə dərs ilinə hazırlıq heç də qənaətbəxş deyildir. Bir sıra məktəblərdə təmir işləri keyfiyyətsiz yerinə yetirilmiş, bəzi məktəblərdə isə tədrisin yüksək səviyyədə aparılması üçün lazımi şərait yoxdur.

Toplantıda qışa hazırlığın vəziyyəti barədə də ətraflı danışılaraq, bu sahədə təxirəsalınmaz tədbirlərin zəruriliyi qeyd olundu.

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar geniş qərar qəbul edildi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər