PDF Oxu

Sosial

  • 28

Erməni diplomatiyası üçün “X” günü

Erməni diplomatiyası üçün “X” günü

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin BMT-nin sentyabrda keçiriləcək növbəti sessiyasının gündəliyinə daxil edilməsi Ermənistan cəmiyyətində rəsmi Yerevanın ən ciddi diplomatik məğlubiyyəti kimi qəbul edilir. Erməni ekspertləri və sabiq diplomatların açıqlamaları da göstərir ki, Ermənistan xarici siyasəti bu məsələdən dolayı özünün böhranlı günlərini yaşamaqdadır...

Sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyəti illərində Ermənistanın BMT-dəki daimi nümayəndəliyində çalışmış istefada olan diplomat Arkadi Zurabyana görə, Dağlıq Qarabağ münaqişəsinin BMT müstəvisinə çıxarılması ilə erməni tərəfi mövqelərini itirməyə başlayıb: "Ermənistan üçün ən vacib nailiyyət 1994-cü ildə atəşkəsə nail olunması idi. Digər nailiyyət 1992-ci ildə ABŞ Senatı tərəfindən Azərbaycana dövlət yardımını qadağan edən "907-ci düzəliş"in qəbuludur. Üçüncüsü, BMT Təhlükəsizlik Şurası faktik Ermənistanın Qarabağ konfliktinin xarakterilə bağlı konsepsiyasını qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilmişdi ki, həmin rayonlar yerli erməni silahlıları tərəfindən tutulub. Belə çıxırdı ki, konflikt Azərbaycan və Qarabağ arasındadır, Azərbaycan və Ermənistan arasında yox. Dördüncüsü, biz müyəssər olmuşduq ki, Dağlıq Qarabağ məsələsilə bağlı danışıqlar BMT-dən ATƏT-ə ötürülsün. ATƏT-də bizim veto hüququmuz var. Ancaq Azərbaycan qısa müddət ərzində istənilən nəticəni əldə edə bildi. Beşincisi, Qarabağ ATƏT tərəfindən danışıqların tərəfi kimi tanınmışdı. Bu gün isə aydın görünür ki, biz addım-addım nailiyyətlərimizi itiririk. Beynəlxalq ictimaiyyət əmindir ki, Ermənistan Qarabağ məsələsində "dondurma" siyasətinə üstünlük verir və effektiv danışıqlara getməyə, Qarabağ problemini həll etməyə hazır deyil".

Sabiq diplomat ATƏT-in Minsk Qrupunun BMT-nin Baş Assambleyası formatı ilə əvəzlənməsi prespektvinə də münasibət bildirib: "Ermənistan anlamalıdır ki, ATƏT çərçivəsində belə davam edə bilməz. Əgər Ermənistan inad etsə, proses dərinləşəcək və mümkündür ki, Təhlükəsizlik Şurasının yeni qətnamələri, cəza tədbirləri və s. gündəmə gəlsin. 1997-ci ildə erməni tərəfi 5 rayonu qaytarır və faktik Qarabağı, Kəlbəcəri, Laçını öz nəzarətində saxlayır, əvəzində, Minsk Qrupu həmsədrlərinin qarantiyası ilə sülh qazanırdı. Ancaq indiki avantürist siyasət davam etsə, məsələ 5 rayonla yekunlaşmayacaq, Qarabağın itirilməsinə qədər gedib çıxacaq".

Yazının əvvəlində sabiq diplomatın bu fikrinə təsadüfən istinad etmədik. O öz açıqlamaları ilə etiraf edir ki, son vaxtlar Azərbaycan diplomatiyası olduqca uğurlu mövqelər əldə edib. Nəzərə alınmalıdır ki, artıq alternativlər tükənmək üzrədir, ATƏT-in Minsk Qrupunun 20 il ərzində yürütdüyü vasitəçilik missiyası özünü doğrultmur. Çünki bu qurumun işğal faktına müqavimət potensialı yoxdur, mexanizimlər, hələ ki, müəyyən edilməyib. Vasitəçilər öz işlərini diplomatik demarşlar etməklə yekunlaşdırır və elə zənn edirlər ki, münaqişənin həlli yalnız və yalnız dövlət başçılarının iradəsindən asılı olan məsələdir. Lakin bütün məsuliyyəti yalnız hər iki ölkənin birinci şəxslərinin üzərinə ataraq onların görüşünün təşkilindən uzağa getməmək qəbul edilən tendensiya deyil.

Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu münaqişə təkcə Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi faktı deyil. Dünyada faşizm və etnik separatizmin yenidən baş qaldırması təhlükəsi yaranıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev münaqişənin dinc vasitələrlə həlli prinsipinə sadiq qalsa da, Azərbaycanın radikal vasitələrə əl atılacağını da istisna etmir: "Əgər görsək ki, danışıqlar prosesi tükənir, onda oturarıq, fikirləşərik, qərar qəbul edərik və öz fəaliyyətimizi başqa istiqamətdə qurarıq".

Onu da qeyd edək ki, bir qayda olaraq, Azərbaycanla danışıqlara Ermənistan rəsmiləri can atırlar. Bu isə, onu göstərir ki, rəsmi Yerevan Dağlıq Qarabağa dair hər hansı bir razılaşmanın əldə olunmasına çalışır. Çünki mövcud status-kvo Ermənistanı məhvə sürkləməkdədir. Yeri gəlmişəkən, qeyd edək ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar proqramı Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın xeyirinə həll edilməsinə hesablanıb. Belə ki, Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi böyük dövlətlərin bu münaqişənin həllində ölkəmizə siyasi dəstəyini əhəmiyyətli dərəcədə artırıb. Həmçinin, İlham Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası Azərbaycanın iqtisadi baxımdan inkişafına öz müsbət töhfələrini verməkdədir və Ermənistanın qlobal iqtisadi layihələrdən kənarda qalması fonunda Azərbaycanın sürətlə irəli çıxması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də öz müsbət təsiri göstərəcək. Bu siyasətə rəğmən, təbii ki, erməni diplomatiyası fakt qarşısında qalıb.

İşğalçı Ermənistanın prenzidenti S.Sarkisyanın xarici siyasət konsepsiyasının mahiyyəti də artıq məlumdur. Digər erməni politoloqu Arkadi Ovannisyanın fikrincə, Cənubi Qafqazın inkişafı aspektində Ermənistanla Rusiyanı yalnız tərəflərin müxtəlif istiqamətlərə dair vahid, ikitərəfli marağa əsaslanan strategiya və siyasətə malik olduqları halda müttəfiq saymaq olar. "Real vəziyyət göstərir ki, ölkəmizin vəziyyəti fövqəladə dərəcədə mürəkkəbdir" - deyə erməni politoloqu A.Ovannisyan qeyd edib ki, Ermənistan bölgədəki bütün tranzit layihələrdən kənarda qalıb, TRASEKA, İNOQET və Şimal-Cənub xəttinin iştirakçısı deyil: "Bu isə təsadüfi deyil, çünki biz bu layihələrdə iştirak etməyən Rusiyanın bölgədəki yeganə müttəfiqiyik". A.Ovannisyanın dediklərində həqiqət var, ancaq o, bir yerdə ciddi qüsura yol verir: Şimal-Cənub xətti Rusiyanın iştirakı ilə həyata keçirilir və ilkin mərhələdə layihənin əsas bəndlərindən birinin Ermənistan olacağı düşünülürdü.

Lakin Bakının effektiv xarici siyasəti nəticəsində Azərbaycan bu layihədə də təşəbbüsü ələ alaraq özü mərkəzi yola yiyələnmiş oldu. Bu yolun real surətdə fəaliyyəti üçün Azərbaycan hər bir infrastruktura malikdir, dəmir yollarından tutmuş avtomobil xətlərinədək. Ermənistanda isə Rusiya ilə Cənubu birləşdirən infrastrukturun yaradılmasına sıfırdan başlanılmalı idi. Lakin bu, bir tərəfdən relyefin mürəkkəbliyi, digər tərəfdənsə Ermənistanın özünün Gürcüstan vasitəsilə Rusiyaya çıxması səbəbindən mümkünsüz görünür. Gürcüstanın Rusiya ilə ilişkilərinin normal fazaya qayıdacağını yaxın illərdə gözləməyə dəyməz. A.Ovannisyan Ermənistanda getdikcə daha çox rahatsızlıq yaradan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə də toxunub. Onun qənaətinə görə, bu layihə tam işə düşəndən sonra Ermənistandan keçən Qars-Gümrü-Tbilisi xəttinin bərpasından danışmağa ehtiyac qalmayacaq: "Hətta Türkiyə ilə sərhədlərin açılışı belə Qars-Gümrü-Tbilisinin işləməsinə səbəb olmayacaq, çünki bunun vacibliyini yalnız Ermənistanda hiss edəcəklər".

Ermənistanın müstəqil dövlət olduğu 20 il ərzində ölkədə hansısa iri investisiya layihəsinin gəlmədiyini vurğulayan politoloq, hətta Yerevanın strateji tərəfdaşı olan Rusiyanın da bu baxımdan istisna olmadığını vurğulayır. Xatırladaq ki, Ermənistanın Rusiyaya milyardlarla dollar borcu var və bu vəsaiti ödəmək imkanı olmayan Yerevan onun əvəzini Ermənistanın strateji sənaye obyektlərinin səhmlərini Moskvaya verməklə ödəməklə çıxır. Bu isə, o deməkdir ki, Ermənistanın hərtərəfli himayədarı kimi tanınan Rusiya bu ölkənin mühüm obyektlərini oraya bir rubl da pul (sərmayə) qoymadan ələ keçirir. Necə deyərlər, mənzərə kifayət qədər barizdir.

Nəhayət, sonda bir məqamı vurğulayaq. Ermənistan rəsmiləri ölkənin komplimentar xarici siyasəti, hamı ilə əlverişli əlaqələrin qurulduğu barədə nə qədər ucuz təbliğat aparsalar da, gerçəkdə özünüaldanışla məşğul olduqlarının fərqindədirlər. Bu isteriyadan qurtulmağın isə bircə yolu var. Ermənistan bir dövlət kimi gələcəyini göz önünə gətirərək, indiyədək yeritdiyi aqressivliyə, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Bu siyasətin Ermənistana, praktik olaraq, heç nə vermədiyi gün kimi aydındır.

Son vaxtlar xarici siyasətdəki uğursuzluq, Ermənistanın maraqlarına cavab verməyən beynəlxalq sənədlərin qəbulu rəsmi Yerevanı təşvişə salıb. Bütün bunlar Ermənistan diplomatiyasının iflasa uğramasından xəbər verir. Ermənistan diplomatiyasının xarici arenadakı uğursuzluqlarının sayı artır. Bu fikirləri Erməni Milli Konqresinin üzvü Vladimir Karapetyan açıqlayıb. Onun sözlərin görə, Ermənistan Xarici İşlər Nazirliyinin Avropa parlamentində Azərbaycanın xeyirinə olan qətnamənin qəbulunun qarşısını ala bilməməsi ermənilərin gücsüzlüyünü göstərib. Rəsmi Yerevan hətta sənəddə bəzi düzəlişlərin edilməsinə də nail ola bilməyib. Ermənistan Minsk Qrupunun həmsədr ölkələrinin verdiyi bəyanatlarda da tarazlığı təmin edə bilmir. V.Karapetyanın sözlərinə görə, nüfuzu itirilən Ermənistanın parlament diplomatiyası Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ üzrə xüsusi komitənin bərpa edilməsi ilə bağlı keçirilən səsvermədə sənədin əleyhinə bir səs olsun belə təmin edə bilməyib. V.Karapetyan Ermənistan prezidenti S.Sarkisyanın və xarici işlər naziri Edvard Nalbandyanın kadr siyasətini fərasətsiz adlandırıb. O bildirib ki, Ermənistanın xarici siyasət idarəsinin müxtəlif beynəlxalq müzakirələrdə iştirakı da günbəgün məhdudlaşır.

"Ermənistan bu günə qədər danışıqlar prosesində Dağlıq Qarabağın müstəqil tərəf kimi yer almasına nail olmayıb, Azərbaycan isə istədiyini alıb - Minsk Qrupu və onun həmsədrləri həmişə onun ərazi bütövlüyünü dəstəkləyiblər". Bu mülahizə ilə Azərbaycan ərazilərinin işğalına rəhbərlik edənlərdən biri, "Komandos" ləqəbli erməni generalı Arkadi Ter-Tadevosyan çıxış edib. Yerevanda jurnalistlərlə söhbətində o bildirib ki, Ermənistanın indiyədək danışıqlar prosesinin bütün mərhələlərində uduza-uduza getdiyini demək olar. A.Ter-Tadevosyan qeyd edib ki, Azərbaycanın diplomatiyası güclüdür, ölkənin BMT yanında güclü təmsilçiliyi var. Lakin erməni diplomatiyası haqda bunları demək olmaz. Onun fikrincə, Azərbaycan bu gün Qarabağ məsələsində fəal təbliğat aparır, erməni diplomatiyası isə buna adekvat reaksiya verə bilmir.

Sözsüz ki, erməni ekspertlərin fikirləri belə nəticəyə gəlməyə əsas verir ki, rəsmi Yerevan diplomatiyada artıq çox ciddi dalana dirənib. Vəziyyətdən çıxış imkanları isə günü-gündən azalır...


"Səs" analitik qrupu

Digər xəbərlər