PDF Oxu

Sosial

  • 23

Qərəzli hesabatın yalan müddəaları

Qərəzli hesabatın yalan müddəaları

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamentinin dünyada insan alveri ilə bağlı vəziyyətə həsr olunan son hesabatında Azərbaycan insan alveri üçün mənbə və tranzit ölkə kimi göstərilib. Dövlət Departamentinin bu hesabatı Azərbaycanda etirazla qarşılanıb. Çünki ölkəmizdə qeyd olunan problem elə də kəskin deyil və bu kimi halların aradan qaldırılması üçün ciddi tədbirlər görülür.

Hesabatda qeyd olunur ki, kişilər məcburi əməklə məşğul olmaq üçün Azərbaycandan Rusiya və Moldovaya, qadınlar və uşaqlar isə cinsi istismar məqsədilə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İrana aparılır. Hesabatda ölkəmizdə uşaqların və qadınların əməyinin istismar edildiyi, onların dilənçilik etdikləri də vurğulanır. Buna baxmayaraq sənəddə Azərbaycan "İnsan alveri qurbanlarının müdafiəsi aktı"nın müddəalarının yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atan ölkələr sırasına daxil edilib.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin yaydığı sənədə münasibət bildirib. O, Birləşmiş Ştatların Dövlət Departamentinin insan alveri ilə bağlı növbəti hesabatında Azərbaycanın tənqid olunmasına həm də ölkəmizin gördüyü işlərin etirafı kimi yanaşmağı tövsiyə edib.

"Azərbaycan ola bilsin ki, ABŞ və Avropa Birliyinin standartlarına müəyyən sahələr üzrə cavab vermir. Amma bu, o demək deyil ki, Azərbaycanda iş getmir, yaxud da bunu inkar etmək lazımdır. Birləşmiş Ştatların Dövlət Departamentinin hesabatında da mən inkar görmürəm. Sadəcə, onlar daha yüksək nəticə, daha yüksək yanaşma gözləyirlər"-deyə PA rəsmisi bildirib.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə, Dövlət Departamentinin bu hesabatında Azərbaycana qarşı qərəz hiss olunur. O bildirib ki, Azərbaycandan, doğrudan da, digər ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan insanlar var. Amma onlar qeyri-qanuni yox, miqrasiya idarəsində qeydiyyatdan keçməklə çalışırlar.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev isə hesab edir ki, ABŞ Dövlət Departamenti bu cür hesabatların hazırlanması zamanı rəsmi məlumatlardan daha çox qeyri-hökumət təşkilatlarından əldə etdikləri məlumatlara istinad edir. Bu da nəticədə bir sıra yanlışlığa və anlaşılmazlığa gətirib çıxarır: "Orada göstərilir ki, Azərbaycan təyinat ölkəsidir. Amma bizə bir-iki şikayət barədə belə bir məlumat daxil olmuşdu. Biz gedib araşdırdıq. Məlum oldu ki, elə bir fakt yoxdur".

ABŞ Dövlət Departamentinin 2010-cu il üzrə dünyada insan alverinin vəziyyəti ilə əlaqədar hesabatında Azərbaycanla bağlı qeyd olunan məqamlar qərəzli xarakter daşıyır və reallığı əks etdirmir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bu fikirdədir. Onun sözlərinə görə, hesabatda qeyd olunur ki, Azərbaycan qadın, kişi və uşaqların məcburi əməyə və seksual zorakılığa məruz qaldığı ölkədir. ""Məcburi əmək" termininin beynəlxalq təcrübədə də anlayışı yoxdur. Məcburi əməyin ilk xüsusiyyəti məcburi şəxsin öz iradə və mənafeyinin əleyhinə bu işə cəlb olunmasıdır. Ümumi şəkildə bunun Azərbaycan haqqında yazılması düzgün deyil",- o deyib.

Hesabatda qeyd olunan Azərbaycanda küçə ticarəti ilə məşğul olan çinli qadınların məcburi əməyə cəlb olunması ilə bağlı Cəbrayılov bildirib ki, istənilən bir ölkə vətəndaşının Azərbaycanda sərbəst, lisenziya almadan ticarətlə məşğul olması ölkədə irqi, dini, milli tolerantlığın hökm sürməsindən xəbər verir.

Hesabatda, həmçinin, azərbaycanlı kişilərin Rusiya və Ukraynaya aparılaraq məcburi əməyə məruz qoyulması qeyd olunur.

"Tarixən həmvətənlərimiz göstərilən ölkələrə gedərək, orada iş qururlar. Mövcud əlaqələri nəzərə alaraq azərbaycanlıların guya həmin ölkələrdə məcburən əməyə cəlb olunmasını söyləmək absurddur",- millət vəkili deyib.

O, əmək miqrasiyasının dünyanın hər yerində mövcud olduğunu söyləyərək bildirib ki, insan əməyinin istismar olunması əməkhaqqının yüksək olduğu ölkələrdə daha çox baş verir. "Azərbaycan isə ucuz işçi qüvvəsinin gətirilərək məcburi işə cəlb olunduğu ölkələr sırasına daxil deyil",- o qeyd edib.

Millət vəkili bildirib ki, ölkədə insan alveri ilə əlaqədar problemlər əsasən fahişəliyə və uşaqların dilənçiliyə cəlb olunması ilə bağlıdır. Rafael Cəbrayılov, eyni zamanda, qeyd edib ki, bu problemlərin də məcburi əməyə cəlbetmə kimi qeyd olunması düzgün deyil, çünki bir çox hallarda insanlar öz istəyi ilə fahişəliyə qurşanır, dilənçilik etmək isə ölkə ərazisində məskunlaşan qaraçıların etnik xüsusiyyətidir.

Cəbrayılov vurğulayıb ki, Azərbaycanda digər bir problem nikahdan kənar doğulan uşaqların sayının çox olması ilə bağlıdır. O bildirib ki, onların sənəd alması çətin prosesdir və sənədi olmayan uşaqlar da gələcəkdə insan alverinə cəlb olunacaq potensial qurbanlardır.

"Bu kimi problemləri görməyərək, hansısa QHT və ya digər təşkilatların məlumatları əsasında hesabatın hazırlanması və Azərbaycana ləkə yaxılması düzgün deyil",- millət vəkili deyib.

Göründüyü kimi, ABŞ Dövlət Departamentinin dünyada insan alveri ilə bağlı vəziyyətə həsr olunan son hesabatında ölkəmizlə bağlı qeyd olunan məqamlar qərəzlidir, ya da ən azı ciddi səhvdir. Çünki Azərbaycanda son illərdə yaranmış vəziyyət hamının gözü önündədir- həm beynəlxalq təşkilatlar, həm də ölkə ictimaiyyəti nəyin necə olduğunu gözəl bilir. Görünür, okeanın o tayında ölkəmizə müəyyən məsələlərdə təzyiq etməyə çalışan dairələr belə qərəzli hesabatlarla buna zəmin yaratmaq istəyirlər. Lakin həqiqəti dəyişdirmək çətindir, o üzdən də ciddi araşdırma aparılarsa, sənəddə qeyd olunanların yalan olduğu ortaya çıxa bilər.

Əgər ABŞ DD bunda maraqlıdırsa, o zaman ölkəmizə bir neçə nümayəndəsini göndərə bilər və onlar yerində vəziyyətlə yaxından tanış ola bilərlər. Maraqlı deyilsə, o zaman bu hesabatın yalan olduğunu etiraf etmiş olacaqlar.


Elçin Bayramlı

Digər xəbərlər