Azərbaycan mətbuatında həll olunmamış problemlərin varlığı heç kimə sirr deyil. Əsas problemlərdən biri də adını müstəqil qoyaraq başqa dəyirmanlara su tökən qəzetlərdir ki, bunları xalqın dərdi-səri, güzəranı qətiyyən maraqlandırmır. Bunlar böyük maarifçilərin 136 il ərzində yaratdıqları "qəzetlər yalnız həqiqəti yazır" düşüncəsini və insanlarda formalaşmış analoji ənənəvi stereotipləri 16 il ərzində darmadağın ediblər.
İndi oxucu hər qəzetdə yazılana inanmır, çünki başa düşür ki, hər qəzet öz idarə olunduğu yerin siyasətinə uyğun olan şeyləri yazır və öz məqsədinə çatmaq üçün ağa qara demək belə qəzetlər üçün problem deyil. Bu səbəbdən həmsöhbətinə "filan yerdə filan şey olub" deyəndə, soruşur ki, hardan bilirsən? Desən ki, filan qəzetdə yazıblar, səni kinayəli baxışla tərs-tərs süzüb deyəcək ki, belə qəzetlərdə doğru heç-zad yazılmır.
Bax milli mətbuatı bu günə salanlar indi durub azadlıqdan dəm vururlar və deyirlər ki, hökumət bizi sıxışdırır. Yəni, qoymur ki, bala-bala rüşvətdən-zaddan alıb ötürək cibimizə və axşam restoranda bu pulla dünya nemətlərini həzm-rabedən keçirək. Ya da maliyyələşdirildiyimiz xarici siyasi və dini dairələrin mənafeyinə xidmət edək.
Bu gün sözügedən print-media vasitələri cəmiyyətin üzərinə fasiləsiz olaraq mənfi enerji yükləməklə məşğuldurlar. Cəmiyyət isə bu çirki üzərindən atmağa məcburdur. Bəzi qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların dəhşətli dərəcədə şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın "acından ölməsi", sosial problemlərin "partlayış" həddinə gəlib çatması kimi fikirlər yer alır.
Bu tip mətbuat vasitələrinin manşetləri, bir qayda olaraq, ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Oxucu bu xəbərlərdən bezib. Buna görə get-gedə belə qəzetlərin tirajı azalır.
Sözü çox uzatmadan konkret ünvanlara və misallara keçək. Azərbaycanda qərəzli qəzet imicini öz halal əziyyəti ilə qazan qəzetlərin başında "Yeni Müsavat" və "Azadlıq" qəzetləri dayanır. Yeri gəlmişkən, "Azadlıq" radiosu da son illərdə qərəzçilik sindromundan ciddi əziyyət çəkir. Eyni mərkəzdən verilən komanda əsasında bu media orqanları başlayırlar "gəmidə oturub gəmiçi ilə dava etməyə".
Yəni, Azərbaycan xalqı, Azərbaycan dövlətini və hakimiyyətini təhqir edib ləkələməyə cəhd edən bu qəzetlər ağlına və ağzına gələni yazırlar. Müxalifətyönlü və "müstəqil" qəzetləri bircə dəfə nəzərdən keçirmək kifayətdir ki, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərinin başa düşəsən.
Bu qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın "acından ölməsi", sosial problemlərin "partlayış" həddinə gəlib çatması kimi böhtanlar yer alır. Bu tip mətbuat vasitələrinin manşetləri, bir qayda olaraq, ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir.
Xarici ölkədə yaşayan adam (təbii ki, Azərbaycandakı reallıqdan xəbəri olmayan) bunları oxuyanda pessimizmə qapılaraq düşünür ki, ey dili-qafil, bu ölkə cəhənnəm imiş ki...
Bəzən müəlliflər bir qədər də qabağa gedərək, bütün milləti və ya xalqın böyük bir qrupunu təhqir edirlər. Məsələn, mitinqə, nümayişə çıxmayan xalqı kölə, məzlum, bədbəxt və burada qələmə ala bilməyəcəyim (jurnalist etikam buna imkan vermir) daha ağır sözlərlə təhqir edirlər.
Ölkə vətəndaşı isə, real vəziyyəti yaşadığından bu cür yazıların məqsədli və qərəzli xarakter daşıdığını gözəl anlayır. Bəlkə elə buna görə get-gedə belə qəzetlərin tirajı azalır. Mətbuatın tirajının nədən aşağı düşməsinin səbəblərini axtaranlar məsələyə bu kontekstdən baxmalıdırlar. Çünki bu, oxucu etirazıdır.
Adamlar onların hissləri ilə oynanılmasını sevmirlər, öz dövlətlərinin, seçdikləri rəhbərlərinin təhqir olunmasına, milli maraqların, dövlət mənafeyinin tapdanmasına dözmək fikrində deyillər. Məhz bu səbəbdən həmin qəzet-jurnalların tirajı sürətlə aşağı düşür. Oxucuların istədikləri müxalifət qəzetlərini almasına ki qadağa qoyulmayıb. Bəlkə qəzet köşklərində ancaq rəsmi qəzetlər satılır?
Müxalifət mətbuatının yazdığına görə, guya xalqın vəziyyəti çox ağırdır. Belə iddialarda bulunan adını jurnalist qoymuş adamın qolundan tutub ölkə ərazisində bir qədər gəzdirmək pis olmazdı.
Onda görərdi ki, "yoxsul ölkədə bahalı avtomobil əlindən tərpənmək olmur, saysız-hesabsız kafe-restoranlar, əyləncə və istirahət mərkəzləri ağzınadək müştəri ilə doludur, ticarət mərkəzlərində şıdırğı alver gedir, istirahət və əyləncə mərkəzləri adamla doludur, işçi axtarılan elanların sayı-hesabı yoxdur, ölkə böyük bir tikinti meydanına dönüb, əksəriyyət bahalı paltarlar geyinir, ən son model bahalı mobil telefonlar gəzdirir və s.
Yoxsul ölkə beləmi olur, "jurnalist" qardaşım? Əgər sən həqiqi yoxsul ölkə görmək istəyirsənsə, onda get Ermənistana gör orda vəziyyət necədir. Əslində, bəziləri beynəlxalq təşkilatların xətti ilə gedirlər də. Amma gəlib gördüklərini yazmağa və bizimlə müqayisə etməyə cəsarət etmirlər.
Son vaxtlar bu qəzetlər başlayıblar Azərbaycan Ordusuna, onun rəhbərlərinə, xüsusən də, müdafiə nazirinə böhtan atmağa. Nə bilim filan obyekt filankəsindir, filan adam filankəsin yerlisidir kimi dəbdən düşmüş ara qeybətləri.
Maraqlıdır ki, "Yeni Müsavat"da yazılan böhtanlar erməni mətbuatında yazılanlarla eynidir, (düzdür, bəzən düşmənənin yazdığı böhtanlardan bunların yazdıqları daha düşməncəsinə olur) elə bil bir adamın qələmindən çıxıb. Adam məəttəl qalır, sanki bunlar sözləşiblər (deyəsən, elə doğrudan da, belədir), eyni stildə materiallar verirlər.
Lakin insafla desək, aralarında "bir balaca" fərq var. Hətta düşmən mediası belə bəzən Azərbaycan Ordusunun Qafqazda ən güclü ordu olduğunu və ölkəmizin iqtisadi qüdrətini etiraf edirlər. Lakin "Yeni Müsavat", "Azadlıq" qəzetləri sanki hər şeyi tərsinə yazmağa kiminsə qarşısında öhdəlik götürüblər.
Bu cür qərəzli, qeyri-obyektiv materiallar, böhtan və şantaj xarakterli yazılar dərc edən qəzetlər bu xalqın, bu dövlətin maraqlarından başqa nəyə desən xidmət edirlər. O üzdən də artıq belə qəzetlərin və onların yiyələrinin iç üzü ortaya çıxır.
Elçin Bayramlı