PDF Oxu

Sosial

  • 17

Türkiyə-İsrail insidenti

Türkiyə-İsrail insidenti

Ötən il İsrail əsgərlərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücum edib dinc insanları öldürməsi üzündən Türkiyə ilə İsrail arasında yaranmış gərginlik son günlərdə ciddi siyasi böhrana səbəb oldu. Bir ildən çox keçməsinə baxmayaraq İsrail bu hadisəyə görə, Türkiyədən üzr istəməkdən imtina etdi. Nəticədə Ankara Tel-Əvivlə diplomatik və ikitərəfli sazişləri dayandırdı. Hazırda regionun iki güclü dövləti arasında diplomatik böhran davam edir.

Türkiyənin İsraillə əlaqələri

kəsməsi bölgəyə nə vəd edir?


Xatırladaq ki, Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum edib, 9 nəfəri qətlə yetiriblər. BMT Təhlükəsizlik Şurası İsrailin hərbi aksiyasını pisləyib, məsələnin araşdırılmasını, cinayəti törətmiş şəxslərin cəzalandırılmasını, əsir və girovların azad edilməsi tələb edib. BMT-nin İnsan Haqları Şurası Qəzza sektoruna humanitar yük aparan gəmilərə hücum çəkən İsraili mühakimə edən qətnamə qəbul edib.

BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı qətnamənin qəbuluna ABŞ-ın veto hüququndan istiifadə edərək mane olması gözlənilən idi. Lakin beynəlxalq təşkilatlar, bir çox dövlətlər və tanınmış ictimai xadimlər bu hadisəni qəti şəkildə pislədi.

Beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail 9 dinc türkün öldürülməsinə görə Türkiyədən üzr istəməyəcəyini bildirib. Ankara Tel-Əvivin bu yanaşmasını sərt qarşılayıb və İsrail ilə diplomatik əlaqələri və bağlanmış razılaşmaları dayandırıb.

İsrail səfirini "persona non-qrata" elan edən rəsmi Ankara İsraillə münasibətlərə dair aşağıdakı qərarları qəbul edib:

1. Türkiyə-İsrail diplomatik münasibətləri ikinci dərəcəyə endiriləcək. Səfir başda olmaqla 2-ci katib vəzifəsindən yüksək vəzifələrdə çalışan bütün İsrail diplomatları çərşənbə gününə qədər Türkiyəni tərk edəcək.

2. İsraillə bütün hərbi anlaşmaların icrası dayandırılacaq.

3. Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq Türkiyə bu dənizdə hərəkət sərbəstliyi ilə bağlı vacib saydığı hər cür addımı atacaq.

4. Türkiyə Qəzzaya İsrail tərəfindən tətbiq olunan embarqonu tanımır. İsrail blokadanı ləğv etməlidir. Türkiyə bu məsələni beynəlxalq səviyyədə qaldırmaqda qərarlıdır.

Situasiyanın belə şəkil alması bölgədə durumu gərginləşdirib. Azərbaycan da o zaman bu məsələdə qətiyyətli mövqeyini ortaya qoydu və Türkiyənin haqlı mövqeyini dəstəklədiyini bildirdi. Lakin indi Türkiyə-İsrail münasibətlərində yenidən yaranmış böhran Azərbaycandan öz mövqeyini bir daha təsdiq etməyi tələb edir.

"Bakı dilemma qarşısında qalsa Türkiyəni seçməlidir"

Politoloq Cümşüd Nuriyev "Səs"ə açıqlamasında bildirib ki, Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan çətin seçim qarşısında qalacaq. O, qeyd edib ki, hər iki dövlətlə mövcud olan yüksək əməkdaşlığa baxmayaraq rəsmi Bakı dilemma qarşısında qalsa Türkiyəni seçməlidir: "Bu, ilk növbədə, mənəvi dəyərlər baxımından belə olmalıdır. Eyni zamanda, burada milli, dini faktorlar da öz rolunu oynayacaq. Düzdür, heç kəs arzulamaz ki, Azərbaycan belə çətin seçim qarşısında qalsın. Hələlik, Azərbaycan çalışacaq ki, balanslaşdırılan siyasət yürütsün". Politoloq hesab edir ki, vəziyyətin gərginləşməsi fonunda Azərbaycan İsraili seçəsi olsa təkcə Türkiyəni itirməyəcək: "Bundan əlavə, Azərbaycan əksər islam ölkələrini də itirəcək. Nəzərə almaq lazımdır ki, ABŞ-ın özü də hazırda İsraili kifayət qədər dəstəkləmir. Çünki İsrail ABŞ-ın yaratdığı növbəti "bin Laden" olub. Zamanında Birləşmiş Ştatlar bin Ladeni yaratdı və problemi həll edənə qədər dövlətin imicinə çox ciddi ziyan dəydi.

İndi də ABŞ-da bütün siyasəti yönəldən yəhudi lobbisidir. Amma bütün bunlara baxmayaraq ABŞ İsraillə bağlı qərar verdi. Bu zəmində şimal qonşumuz olan Rusiya da İsraillə bağlı öz qərarını verdikdən sonra dirçəlib özünə gələ bildi. İnanıram ki, rəsmi Bakı düzgün qərar qəbul edəcək".


"İsrailin arxasında ABŞ-ın dayanması özünü büruzə verir"


Məsələyə siyasi müşadəçilərin və politoloqların da münasibətini öyrənməyə çalışdıq. Politoloq Elman Nəsirli isə bildirdi ki, Türkiyə hazırda regionda nüfuzlu dövlətə çevrilib və məqsədyönlü siyasət yeridir: "Nəzərə alsaq ki, Türkiyə İran yaxınlaşması İranın klassik düşməni olan İsrail tərəfindən pis qarşılanıb. Təbii ki, bu hal rəsmi Tel-Əvivi qıcaqlandırır. Bu zəmində işlər məhz bu məcrada davam etdi". Politoloqun fikrincə, hər iki ölkənin pontensialına nəzər salanda İsrailin arxasında müəyyən qüvvələrin dayanması prinsipi özünü biruzə verir. İsrail kiçik- təqribən 21 min kv.km ərazisi olan bir ölkədir. Türkiyə isə 781 min kv km əraziyə və 70 milyon əhaliyə, NATO çərçivəsində 2-ci güclü orduya malik olan dövlətdir. Bu nöqteyi-nəzərdən, yəqin ki, belə sərt addımlarının arxasında müəyyən qüvəllər dayanır və ilk ağıla gələn ABŞ olur". Türkiyə ilə İsrail arasında yarana biləcək soyuq müharibənin isti müharibəyə keçməsinə gəlincə politoloq bu ehtimalın çox aşağı səviyyədə olduğunu bildirib: "Burda paradoksal situasiya yaranır. Türkiyə NATO çərçivəsində ABŞ-ın strateji müttəfiqidir. İsrail isə NATO dövləti deyil, lakin regionda ABŞ-ın əsas strateji müttəfiqidir.

Bu durumda Türkiyə-İsrail müharibəsi başlansa təcili olaraq NATO nizamnaməsinin 5-ci maddəsinə görə, başda ABŞ olmaqla NATO ölkələri Türkiyəni müdafiə etməlidirlər. Bu durumda ABŞ Türkiyəyə görə, İsrailə müharibə etməli olacaq. Bu isə real görünmür".

Elçin Bayramlı

Digər xəbərlər