Azərbaycan tarixin dönəmlərində inkişaf yolu keçərək özünün ərazi bütövlüyünün qorunmasına, inkişafına, dövlət kimi formalaşmasına nail olub. Bu əsrlərin məsafəsində xalqın mübarizlik tarixi əksini tapıb. Bu səhifələri insanlar öz idrakı, milli düşüncəsi, əzmi və ən əsası Azərbaycana xidmətin nə olduğunu dərk edərək tarixə yazıblar. Tarixi salnamələrimizin əsas səhifələrində yer almış kifayət qədər belə qəhrəmanların isminə təsadüf olunur.
Tomris, Koroğlu, Nigar, Şah İsmayıl Xətai və neçə -neçə belə ərənlərimiz Azərbaycan torpaqlarının düşmən əlinə keçməsi üçün canların qurban vermişlər. Bu gün də belə sayseçmə övladların davamçıları var və olacaq da. Son dövr hadisələri Azərbaycan qəhrəmanlar nəslinin hər zaman yetişdiyini təsdiqlədi. Mübariz, Əhməd, Fərid və neçə-neçə oğullar dünya xalqına mərdlik tariximizi göstərə bildilər.
Dövlətimiz tərəfindən belə övladlara hər zaman diqqət yetirilir. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən belə oğullara qayğı ilə yanaşılır. Dövlət başçısının sərəncamları ilə belə oğulların adını əbədiləşdirmək məqsədi ilə Azərbaycanın mərkəzi şəhər və küçələrinə, məktəblərə və digər müəsssiəsələr onların adı verilir, büst və abidələri ucaldılır.
Ötən gün xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycanın paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılacaq. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Babəkin Azərbaycan xalqı qarşısındakı xidməti əsrlər ötsə də belə undulmur. Xalq öz sərkərdə və qəhrəmanlarına belə həssaslıqla yanaşır.aBabək adı ilə məşhurlaşan Həsən Azərbaycan tarixinə öz döyüş yolu ilə iz salıb. Babəkin bu əməlləri tariximizə gəlib belə çatmışdır. Azadlıq yolunda mübarizə aparan Babək tarixə istibdadı, mübarizəsi ilə iz salıb. O, yenilməzliyi, zora əyilməmək, dözümlülüyü, vüqar və ləyaqəti ilə bu meydanda ölümsüzlüyə qovuşub.
Tarixdən bizə bəllidir ki, Babək dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşüb. Bu, türk yenilməzliyinin nümunəsidir. Tarix millət üçün şərəflə yaşananda tarixə çevrilir. Bu baxımdan tariximizin qəhrəmanlıq səhifələrindən biri də Babək Xürrəmdinin adı ilə bağlıdır. Onun qəhrəmanlığı nəinki bir əsrə sığmır, üstəlik, bütün dövrləri və zamanları əhatə edir. Babək Xürrəminin xalqımızın azadlığı uğrunda apardığı uzunmüddətli döyüşlər hələ də soydaşlarımız tərəfindən unudulmayıb.
Azərbaycan tarixində özünəməxsus yeri olan, dünya hərb tarixində möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babəkin bu gün tariximizdə özünəməxsus yer alması keçdiyi rəşadətli yolu ilə izah olunur. O, sözün böyük mənasında yenilməz türk sərkərdə, filosof olmuşdur. Təəssüf ki, ona aid olan çox sənədlər ərəblər tərəfindən məhv edilib, bizə gəlib çatmamışdır.
Vətənin azadlığı uğrunda döyüşən Babək bu yolda 23 il gecə-gündüz vuruşmuşdur. Babəkin məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. O, türk xalqının hər mənada azadlığı uğrunda döyüşmüşdü.
Babək özünü güclü bir varlıq hesab etdiyindən ucalığa doğru irəliləyirdi. O, təkcə üsyançı deyildi, Babək etiqadçı, ruhçuydu. Babək dünyanın məşhur sərkərdələri ilə müqayisə edilir. Əslində, bu müqayisə ölçüyə gəlmir. Aparılan müqayisələrdə Babək uca və əzəmətli görünür. Həm döyüşkənliyi, həm sərkərdəliyi ilə. Babək mübarizədə olduğu dövrdə məqsədi xəlifəti Ü xəlifətçiliyi yer üzündən silmək idi. Babək üsyanı dövründə xalqda bir inam yaratmışdı.
Babək əsil müstəqillik uğrunda mübarizələrdə olub. Azadlıq özü ən böyük möhtəşəmlikdir. Bu ifadə bütöv, bölünməz məfhum olduğundan Babək bütövlükdə özündə bunlar yaşadırdı. Vicdan, namus, qeyrət kimi dəyərlər onun məxsusi cəhətləridir. Babək azadlıq pərvanəsi tək tarixə iz saldı. O, ciddi ittihamlara tuş gəlsə də, böyük inamı hər şeyi üstələyirdi. Təəssüf ki, inamını haramlıq, zinalıq kimi qələmə veriblər. Döyüşünü qatillik, qəddarlıq, talançılıq, quldurluq kimi təqdim etsələr də, xalq öz qəhrəmanına əsl qiymətini verib. Xalqın belə sayseçmə oğulları hər zaman tarixin yaddaşında yaşayır, azadlıq tariximizdə adları fəxarətlə çəkilir. Bu gün babəklər bizlərə bir nümunədir. Yetişən nəslə Babək kimilərin qəhrəmanlıq tarixinin əxz edilməsi üçün məhz onların adlarının əbədiləşdirilməsi əhəmiyyətlidir.
NƏZAKƏT