Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə sentyabırn 7-də Qəbələ rayonunun "Qafqaz Riverside" mehmanxanasında Beynəlxalq Pestisidlər Forumu işinə başladı.Kənd Təssərrüfatı Nazirliyinin, Niderland Krallığının, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəzi və Şərqi Avropa Regional Mərkəzinin, Çexiyanın Brno şəhərinin Masarik Universitetinin, Almaniyanın Federal Ətraf Mühit Agentliyinin dəstəyi ilə keçirilən forumda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edib.
Tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, müasir dünyada baş verən qloballaşma prosesi, iqtisadiyyatın sürətli inkişafı, əhalinin çoxalması ilə əlaqədar təbii sərvətlərə tələbatın artması, iqlimdə baş verən dəyişikliklər, zərərli kimyəvi maddələrdən istifadə amilləri nəticəsində yaranmış ekoloji problemlər bəşəriyyəti daha çox narahat edən problemlərdən biridir. Nazir qeyd edib ki, hazırda ölkəmizdə aktual ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadəsi məsələləri Azərbaycanda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur və bu, ölkə başçısı İlham Əliyevin ekoloji problemlərə xüsusi diqqət və qayğısının nəticəsidir.
Nazir, həmçinin, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, Xəzər dənizinin çirklənmədən qorunması, biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların reabilitasiyası, bərk sənaye və məişət tullantılarının, eləcə də təhlükəli tullantıların lazımi səviyyədə idarə olunması istiqamətlərində məqsədyönlü tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıb:"Davamlı üzvi çirkləndiricilərin insan orqanizmində toplanması xüsusiyyətini və bu şəbəkədə də bir çox xəstəliklərin yaranmasını nəzərə alaraq hesab edirik ki, pestisidər barədə əhalinin maarifləndirilməsi, kimyəvi maddələr saxlanılmış bazalar və anbarların yerləşdiyi torpaqların təmizlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir."
Nazir bildirib ki, Ötən əsrdə uzun illər boyu neft sənayesinin bəsit texnologiyalarla artırılması səbəbindən bu gün 30-35 min hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi həyata keçirilir.
H.Bağırov yaxın 8-10 ilə Azərbaycanda pestisid-üzvi kimyəvi tullantılarla bağlı problemlərin həll olunacağına inandığını nəzərə çatdırıb. Onun sözlərinə görə, ölkədə artıq meşələrin qırılması meyilinin qarşısı alınıb.
Forumda Avropa Parlamentinin üzvü Dan Jorqensenin nitqinin mətni oxunub. Bu gün bütün dünya ölkələri üzrə vaxtı keçmiş pestisidlərin təhlükəsi kifayət qədər ciddidir. "Artıq bu məsələnin tək Avropa ölkələri üzrə yox, bütün dünya ölkələri üzrə həll olunmasına ehtiyac yaranır. Bununla bağlı Avropa Birliyi səviyyəsində bu məsələnin qaldırılmasına ehtiyac var. Bu problemlərin həll olunmasında alternativ maliyyə mənbələrinin artırılması daha vacibdir. Hesablamalara görə, vaxtı keçmiş pestisidlərin təmizlənməsi üçün 600 milyon avro məbləğində maliyyə vəsaitinə ehtiyac vardır. Bu istiqamətdə cari məsələlərin həlli üçün hazırda vəsait çatmır. Avropa Birliyində bu məsələni də qaldıracağam. Aİ-də, həmçinin, tullantıların müasir qaydada idarə olunması məsələsi də qaldırılacaq.
Daha sonra tədbirdə Beynəlxalq Pestisidlər Assosiasiyasının direktoru Con Vagen, Çexiya Respublikası Ətraf Mühit Nazirliyinin nümayəndəsi İvan Holubek, Beynəlxalq Pestisidlər Assosiasiyasının İdarə Heyətinin üzvü Branko Druzina, Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Andreas Biber, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Canibek Derbişaliyev və digərlərinin çıxışları dinlənilib.
Qeyd edək ki, forum öz işini sentyabrın 9-nadək davam etdirəcək və tədbirin sonunda Qəbələ Bəyannaməsi qəbul ediləcək.
ZÜMRÜD