PDF Oxu

Sosial

  • 11

Müstəqilliyimiz əbədidir

Müstəqilliyimiz əbədidir

Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, konkret şəxsiyyətlərin fəaliyyətində praktik olaraq təcəssümünü tapır. Bu mənada, Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə qanı, canı bahasına əldə etdiyi dövlət müstəqilliyini məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirmiş, dövlət suverenliyinə əbədi təminat yaratmışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini, birmənalı olaraq, təsdiqləyən faktlar kifayət qədərdir.


Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, professor Nurlanə Əliyeva müstəqilliyimizin 20 illiyi münasibəti ilə keçilən keşməkeşli yola nəzər salaraq öz fikirlərini "Səs" qəzetinə bildirib. N.Əliyeva xüsusi olaraq qeyd edib ki, müstəqillik və azadlıq məfhumu qoşa qanad kimidir:

- Bu gün Azərbaycanda hər bir vətəndaş 20 il öncə qazanılan müstəqillik bayramının qeyd olunmasına hazırlaşır. Bu böyük tarixin məhz BÖYÜK İNSAN, DAHİ ŞƏXSİYYƏT tərəfindən həkk olunması Azərbaycan xalqının qürurunu və fəxrini nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunmasında göstərdiyi əvəzsiz xidmətləri daim xalqımız tərəfindən yüksək dəyərləndirilməkdədir. 20 il elə çox zaman olmasa da qısa dövr ərzində bu illərə sığmayacaq nəhəng tərəqqi, inkişaf amilləri gerçəkliyə çevrilmişdir. Məhz həmin qısa dövr ərzində müstəqil Azərbaycan dünya dövlətləri sırasında xüsusi imzası ilə seçilərək, öz lider mövqeyini möhkəmələndirmişdir.Təbii ki, bütün bunlar, bütün bu həqiqətlər arxasında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev məfhumu dayanmışdır. Onun dərin zəkası, uzaqgörənliyi, mütərəqqi siyasi düşüncəsi bu gün xalqımızın azad, müstəqil ölkədə yaşamasına şərait yaratmışdır. Düzdür, Azərbaycan Şərqdə ilk müstəqil dövlət kimi varlığını sübuta yetirsə də 1918-1920 il hadisələrinin cərəyan etməsi həmin müstəqilliyin süqutu ilə nəticələndi. Lakin xalqın düşüncəsində, qanında və canında müstəqillik xəyalları silinməmiş, hər zaman bu ali məqsəd uğrunda müxtəlif mübarizələr aparılmışdır. Həmin mübarizənin ən dəyərlisini, ən əsrarəngizliyini də məhz Ulu Öndər Heydər Əliyev öz imzası ilə təsdiq etmişdir. Ulu Öndərin qətiyyəti xalqın mübariz olmasına təkan verdi və xalq öz rəhbəri ilə yenicə əldə olunan müstəqilliyi qoruyub saxlamağa müvəffəq oldu.


"Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi cəmiyyətin siyasi sifarişi olmuşdur"


Heydər Əliyev dövlətçilik irsi Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özünün əsas strateji vəzifəsi hesab edir. Bu baxımdan, Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi cəmiyyətin siyasi sifarişi olmuşdur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri təsdiqlədi ki, Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Bu seçkilərdə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin şəksiz qələbə qazanması göstərdi ki, Azərbaycan cəmiyyəti ölkədə həyata keçirilən siyasətə alternativ görmür. "Əsl siyasət real, konkret iş görməkdən ibarətdir" deyən Azərbaycan Prezidenti qısa müddətdə Ona bəslənilən ümidləri doğrultdu, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul etdi.

Dövlət başçısı ötən 8 il müddətində Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin qorunub saxlanılması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumdaxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması naminə inamlı addımlar atmışdır.

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açıb. Bu layihələr, eyni zamanda, respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir.

Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin təhlilinə nəzərən tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyev siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinin və inkişafının ən başlıca təminatıdır.


Azərbaycan qadını və müstəqillik


Eyni zamanda, Azərbaycan qadınının da bu istiqamətdə böyük işləri mövcuddur. Yeni Azərbaycan Partiyasının tərkibində fəaliyyət göstərən bir çox qadınlarımız müstəqillik tarixinin yaranmasında əvəzsiz xidmətlər göstərmişlər. Məhz həmin qadınlar bu gün Heydər Əliyev irsinin aşılanmasında xüsusi rol oynayırlar. Onlar müxtəlif sahələrdə çalışsalar da, əsil azərbaycançılıq meyarlarına söykənərək uğurlu fəaliyyət göstərirlər. YAP Qadınlar Şurasının sədri kimi onu da vurğulamaq istərdim ki, bu gün ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, müstəqil Azərbaycanın çoxşaxəli sahələrdə inkişafına nail olur. Artıq qısa bir dövr ərzində Azərbaycanımız dünyada öz gözəlliyi, əsrarəngizliyi ilə seçilən dövlətlər sırasında ilk yerlərdən birini tutur. Əhalinin rifah halı günü-gündən yaxşılaşır və bu amil davamlı xarakter almaqdadır.

Mən İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın reallaşdırdığı böyük layihələrdən də danışmaq istərdim. Belə ki, əsil Azərbaycan qadınının canlı nümunəsi olan Mehriban xanım Əliyeva nəinki ölkəmizdə, eləcə də, dünyanın bir çox ölkələrində böyük nüfuz qazanmış ən dəyərli qadınlardandır. Onun istər siyasi, istərsə də sosial sferalarda həyata keçirdiyi işlər, eyni zamanda, dövlət tərəfindən aparılan siyasətin bir qoludur. Mehriban xanımın humanizm prinsipindən doğan analıq obrazı hər bir Azərbaycan qadını üçün bir örnəkdir.

"Bugünkü gənc nəslin təlim-tərbiyəsində müstəqillik amilləri mühüm faktor kimi dəyərləndirilir"


Təbii ki, müstəqilliyin əldə edilməsində milli mənəviyyatın və bu kimi xüsusiyyətlərində rolu vacibdir. Yəni mənəvi dəyərlərə söykənən, bu tərbiyə ilə aşılanan insanlar gələcəkdə həmin dəyərlərə hörmət göstərərək, onun yaşanmasına xidmət göstərmiş olurlar. Ulu Öndər Heydər Əliyevin də xalqına aşıladığı məhz müqəddəs dəyərlərə hörmətdən onu qoruyub saxlamaqdan ibarət olmuşdur. Bir pedaqoq kimi demək istərdim ki, bugünkü gənc nəslin təlim-tərbiyəsində də həmin əsaslar, amillər mühüm faktor kimi dəyərləndirilir, gənclərimizin düşüncələrində müstəqillik əbədiliyi barədə fikirlər əks olunur. Gənclərin vətənpərvərlik ruhunda inkişaf etmələri üçün ölkədə bütün resurslardan və imkanlardan istifadə edilir. Məsələn, geridə qoyduğumuz yay aylarında gənclərin və yenriyermələrin həm vətənpəərvərlik ruhlarını artırmaq üçün, həm də elmi potensiallarının gycləndirmək üçün "Yay məktəbi" layihəsinin reallaşması da xüsusi əhəmiyyət daşıyan faktorlardandır. Məhz bu layihə çərçivəsində iştirak edən gənclərimiz 20 ildə əldə edilmiş böyük işlərin məntiqi nəticəsinin şahidi oldular. Bu, müstəqil Azərbaycanın inkişafı, tərəqqisi və gələcək illərdə də davamlı xarakter almasına olan əhəmiyyətli göstəricidir. Eyni zamanda, Azərbaycanın 20 ildə qazandığı bütün nailiyyətlər müstəqilliyin xalqa bəxş etdiyi əvəzsiz töfhədir.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər