PDF Oxu

Sosial

  • 14

İflasa uğrayan müxalifət və siyasiləşmiş QHT-lər

İflasa uğrayan müxalifət və siyasiləşmiş QHT-lər

Ötən parlament seçkilərində süquta uğrayan müxalifət düşərgəsində vəziyyət daha da kəskinləşib. Yaranmış vəziyyət hətta siyasi proseslərdən kənarda qalan bəzi müxalifət liderlərinin də əsəblərini tarıma çəkib. Vəhdət Partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, bugünkü təlxək müxalifətlə bir siyasi meydanda fəaliyyət göstərməyi qəbul etmirəm: "Çünki düşərgədə olanların əksəri boğazdan yuxarı pafoslu mənasız sözlər danışmaqdan başqa heç bir şeyə yaramırlar. Bu, o müxalifət "liderləri"dir ki, ancaq ölkədə hər hansı bir hadisə və ya tarixi bir gün yaxınlaşanda "dilləri açılır". Fikir verin, müstəqilliyimizin 20 illiyi ərəfəsindəyik. Düşərgə "liderləri" yenə də "Azərbaycanın müstəqilliyini qorumaq", "torpaqlarımızı düşməndən azad etmək" kimi populist fikirlər söyləyirlər. İnsan nə qədər yalan danışar? Mən onları tanımasaydım, bəlkə də danışmazdım. Ancaq bu, o müxalifətdir ki, öz ambisiyaları naminə dövlətimizin qazandığı uğurları inkar etmək üçün hər cür çirkin əməllərə, hətta alçalmağa belə razıdırlar".

T.Kərimli onu da söyləyib ki, müxalifətçiliyi şəxsi maraqlarının əsirinə çevirib, ölkənin mənafeyini, milli maraqları zərbə altında qoymaqda görən radikal müxalifət və onlarla eyni məqsədlər naminə birlik nümayiş etdirən bəzi qeyri-hökumət təşkilatları siyasiləşməklə yanaşı, anti-Azərbaycan meyilli addımları ilə də fərqlənirlər: "Bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər fəaliyyət göstərməkdədir. Həmin təşkilatların quruculuq, eləcə də, praktiki fəaliyyətlərində bir çox sferalar, istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Lakin əfsuslar olsun ki, yuxarıda qeyd olunanlardan fərqli olaraq, qeyri-normal, inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə öz maraqlarına xidmət göstərmək amacları ilə tamamilə zidd mövqelər nümayiş etdirirlər. Nəticədə, həmin təşkilatlarda sırf siyasiləşmələr müşahidə olunmaqdadır. Müxalifət düşərgəsində baş verən son olaylara diqqət yetirsək, görərik ki, antidövlətçilik çağırışları, dövlət əleyhinə cinayətlər törədilməsinə sövq və bu kimi digər hallara yol verən siyasi partiyaların ruporları da məhz bu tip QHT-lərdir. Hay-həşir salmaqla nəyə nail olmaq olar? Lakin belə QHT-lərin xarici anti-Azərbaycan meyilli qüvvələr qarşısında müxtəlif, çeşid-çeşid vədlər verib, siyasi öhdəliklər götürmələri də bəllidir. Belə ki, siyasi partiyalardan fərqli olaraq, xarici ölkələrə daha tez-tez səfərlər edən sözügedən ictimai birlik rəhbərləri tenderlər, konqreslər, tədbirlər pərdəsi altında gizli görüşlər keçirir, öz çirkin planlarını həyata keçirirlər. Bu barədə kifayət qədər məlumatlar da bilirəm. Onların maddi durumlarını "tənzimləyən" "siyasi məhbus" sərsəmləmələri də həmin quramalardandır".

T.Kərimli onu da bir daha söyləyib ki, bu tipli QHT rəhbərlərinin daha öncələr hansı əməllərin sahibləri olmaları barədə də kifayət qədər faktlar var: "Belə ki, "Demokratiya və Sülh İnstitutu" adlı təşkilatın rəhbəri Leyla Yunusova AXC-Müsavat diktatorluğu dönəmində Müdafiə Nazirliyinin nəzdində təchizat və təminat (əsgərlərin qidalanması və qida rasionu üzrə) şöbəsinə rəhbərlik edirdi. Daha dəqiq desək, oranı çapıb-talayır, cəbhəyə göndəriləsi ət və digər qida məhsullarını mənimsəyərək, bazara çıxarırdı. Bu barədə açıqlamanı onun öz həmkarı - Helsinki Vətəndaş Assambleyasının ermənilərə satılmış rəhbəri Arzu Abdullayeva bir neçə il öncə mətbuata verdiyi açıqlamasında da söyləmişdi. Arif Yunusov, Eldar Zeynalov və başqa bu kimi şəxslərin də bu sıralamaya aid olmaları şübhəsizdir. Onların müxtəlif cür murdar əməllərdən çıxaraq, Azərbaycana, xalqa-millətə qarşı təxribat xarakterli çıxış etmələri arxasında da düşmənlərə qulluq etmək amili dayanır. Həmin adamların bu günə qədər bir dəfə də olsun dövlət tərəfindən maliyyələşdirilən layihələrə qoşulduqlarının şahidi olmamışıq. Əksinə, bunların əlaqələri xarici siyasiləşmiş fondlarla, ya da fərdi insanlardır. Onlar bir növ radikal müxalifət partiyaları ilə əlbir olaraq, qeyd edilən xarici təşkilatlar və ya fərdi şəxslərlə aradüzəldənlik (anlaşma) rolu oynayaraq, maddi durumlarını artırırlar. Bu vasitəçiliklər yeni maliyyə donorlarının üzə çıxarılmasına da xidmət edir. Təki "siyasi" don geydirməyə "problemlər" ortaya çıxsın".

T.Kərimlinin fikrindən bir daha belə bir qənaətə gəlmək mümkündür ki, istər süquta uğuramış radikal müxalifətin, istərsə də, zaman-zaman onlara siyasi dəstək verən siyasiləşmiş QHT-lərin bütün cəhdləri yalnız Azərbaycan dövlətçiliyinə, ölkə mənafeyinə zərbə vurmaqdan ibarətdir. Lakin bu qurumların rəhbərləri bilməlidir ki, bütün hallarda xalq-dövlət vəhdəti bu cür xəyanətkar addımlara qarşı həmişə sipər rolunu oynayıb.


Rəfiqə

Digər xəbərlər