PDF Oxu

Sosial

  • 11

Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlin Senatının siyahısına qəbul edilib

Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlin Senatının siyahısına qəbul edilib

Berlin Senatının qəbul etdiyi Əlaqə və İnteqrasiya Qanununa əsasən, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi diaspor təşkilatı kimi Berlin torpağının Məsləhətçi Şurasının ictimai siyahısına qəbul edilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata istinadən, AAKM Almaniyada mühacirətdə yaşayan əcnəbilərin təmsilçisi kimi Məsləhətçi Şuranın seçkilərində iştirak etmək hüququ qazanmışdır.

Qeyd edək ki, Məsləhətçi Şuranın yığıncaqları Berlin Senatına İnteqrasiya və Miqrasiya siyasətini təkmilləşdirmək üçün məsləhət, informasiya və təkliflərlə çıxış edir. Almaniyada mühacirətdə yaşayan əcnəbi vətəndaşlar seçki hüququna malik olmadıqlarına və şəhərin siyasi həyatına təsir göstərə bilmədiklərinə görə Məsləhətçi Şuraya üzv olmaqla siyasi proseslərin gedişində əhəmiyyətli rol qazanırlar. AAKM bu ilin iyul ayında Berlində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinə bu barədə məlumat vermiş, seçmək və seçilmək hüququ qazana bilmək və Məsləhətçi Şuranın siyahısına düşmək üçün Berlin Senatına müraciət etmələrini məsləhət görmüşdü. AAKM öz müraciətinin müsbət nəticə verdiyini Almaniyadakı Azərbaycanlıların inteqrasiyasında növbəti uğur hesab edir.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı debat keçirəcək

Norveçin paytaxtı Oslo şəhərində Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə 12 sentyabr tarixində Norveçdə keçiriləcək bələdiyyə seçkilərinə dair siyasi debat təşkil ediləcəkdir. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına istinadən, debatda Norveçin müxalifət və iqtidar partiyalarını təmsil edən altı siyasi partiyanın namizədləri iştirak edəcəkdirlər. NAYO-nun sədri Ramil Əliyev sözügedən tədbirin məqsədindən danışaraq bildirib ki, ilk dəfədir ki, Norveçdəki Azərbaycan icmasının təşəbbüsü ilə belə bir siyasi toplantını keçirməyə nail olacaqlar: "Bu debatın reallaşmasını və aparıcı siyasi partiyaların bələdiyyə seçkilərində iştirak edəcək nümayəndələrinin layihəmizə qatılmağa maraq göstərməsini təşkilatımızın uğuru kimi qiymətləndirirəm. Bununla yanaşı, siyasi partiyaların Norveçin gələcək siyasi həyatını və öz siyasi baxışlarını bizlərlə birlikdə müzakirə etməsi onu göstərir ki, NAYO bu ölkənin siyasi proseslərində fəal iştirak edir və azərbaycanlıların marağını təmsil edir. "Mühacirət, inteqrasiya və Norveçin bələdiyyə seçkiləri- 2011" mövzusunda olacaq debatda etnik qrupların mədəni, iqtisadi, sosial və siyasi maraqları və bu sahədə olan problemləri müzakirə olunacaqdır". NAYO ilə əməkdaşlıq edən yeddi qeyri-hökumət təşkilatının bu layihəni dəstəkləməsi ilə sözügedən siyasi debata xüsusi ictimai marağın yaranacağını deyən R.Əliyev bu siyasi toplantının Norveç mediası tərəfindən də maraqla izlənəcəyinə ümid etdiyini qeyd edib.

NƏZAKƏT

Digər xəbərlər