PDF Oxu

Sosial

  • 7

Daşkəsən rayonunun inkişafı dövlətin yürütdüyü siyasətin uğurlu nəticəsidir

Daşkəsən rayonunun inkişafı dövlətin yürütdüyü siyasətin uğurlu nəticəsidir

Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində bölgələrin tərəqqisi yüksək templə davam etməkdədir. Belə ki, son zamanlar reallaşdırılmış işlər nəticəsində digər regionlar kimi, Daşkəsəndə də ciddi dəyişikliklər, müasir inkişaf müşahidə olunmaqdadır. Rayonun siması, eləcə də, rayon ərazisində yerləşən kənd və qəsəbələrin gözəlliyi, müasirliyi göz oxşayır. Bu, həm də onun göstəricisidir ki, bütün respublikada olduğu kimi rayon əhalisinin də rifah halı yüksək səviyyədə təmin edilib.

Rayonda gedən quruculuq və abadlıq işlərinin davamlı xarakter alması Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən də vurğulanmışdır. "Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir"- deyə icra başçısı qeyd etmişdir.

Ə.Abıyev, eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları barədə də münasibət bildirmiş və demişdir ki, bütün bu nəhəng işlər bilavasitə Azərbaycanın inkişafına təkan verib: "Dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb".

Hazırda beynəlxalq aləmdəki proseslər belə deməyə əsas verir ki, inkişaf etmiş dövlətlər də daxil, bir çox ölkələrdə maliyyə böhranı öz ciddi fəsadlarını sərgiləyib. Lakin Azərbaycanda maliyyə böhranının hiss olunmaması onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının təməli davamiyyətli və möhkəmdir. Bu barədə də danışan rayon icra başçısı qeyd etdi ki, dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır: "Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir".

"Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Daşkəsən rayonudur. İlin ilk yarısının göstəriciləri qənaətbəxşdir" fikrini söyləyən Ə.Abıyev əlavə edərək bildirdi ki, 2011-ci ilin birinci yarısında Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülüb: "Belə ki, ümumi məhsul buraxılışı 17332,1 min manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 20,5 faiz çox olub. O cümlədən, sənaye üzrə 6,5 dəfə, kənd təsərrüfatı üzrə 11,6 faiz, nəqliyyat üzrə 7,7 faiz, rabitə üzrə 1,8 faiz, ictimai-iaşə xidmətləri üzrə 11,3 faiz çox olub. 2011-ci ilin 6 ayı ərzində sənaye müəssisələrinin işçilərin orta sayı 525 nəfər olub. Bir işçiyə düşən orta aylıq əməkhaqqı 299,8 manat təşkil edib. 2011-ci ilin 6 ayı ərzində rayonda 413 aztəminatlı ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyin olunub. Cari ilin 6 ayı ərzində istifadə olunmuş elektrik enerjisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 87,3 faiz təşkil edib. Keçən ilin 6 ayında bu göstərici 84 faiz təşkil edib. Ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 77,1 faiz, 64,9 faiz olub. Qaz istismar idarəsi üzrə 2010-cu ilin 6 ayı ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 102,4 faiz, ümumi ödəmə üzrə isə 96 faiz, 2011-ci ilin 6 ayında isə bu göstəricilər 106,5 faiz və 99,4 faiz təşkil edib. 2011-ci ilin 6 ayı ərzində rayon qaz istismar sahəsi tərəfindən bir sıra təmir-bərpa işləri görülüb. Daşkəsən rayon su-kanal idarəsi üzrə 2010-cu ilin 6 ayı ərzində əhaliyə verilən suyun dəyərinin ödənilməsi 66,2 faiz, 2011-ci ilin 6 ayında isə 66,9 faiz olub. Ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 50,8 faiz, 65,7 faiz təşkil edib. 2011-ci ilin 6 ayı ərzində 22 saylı yol istismar idarəsi tərəfindən bir sıra işlər görülüb. Belə ki, yolların saxlanması və təmiri üzrə 396,3 min manatlıq iş görülüb".

Rayon icra başçısı cari ilin 6 ayı ərzində "Daşkəsən Filizsaflaşdırma" ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli şəkər zavodunun Daşkəsən əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirdiyini də bildirdi: "Çovdar qızıl yatağının istismarı üzrə hazırlıq işləri görülür. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaq. Rayon ərazisində qranit məhsulu istehsalına başlanılması üzrə də hazırlıq işləri görülür. Abadlıq-quruculuq işləri yüksək səviyyədə gedir".

Qeyd edək ki, cari ilin 6 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir. Daşkəsən rayonunun girişində geniş, irimiqyaslı tikinti quruculuq və abadlıq işləri aparılıb, "Bayraq Meydanı" yaradılıb və yeni park, istirahət mərkəzi salınıb. Hazırda bu sahədə işlər davam etdirilir. Bununla yanaşı, Daşkəsən rayon Baytarlıq idarəsinin inzibati binası, diaqnostika mərkəzi və Dəstəfur kəndində baytar sahəsi üçün inzibati bina tikilərək istifadəyə verilib. Daşkəsən mərkəzi rayon xəstəxanasının inzibati binasının tikintisi sahəsində işlər aparılır. Ə.Abıyev digər mühüm məsələlərə toxunaraq vurğuladı ki, sosial sahələrdə ciddi işlər aparılmaqdadır. Eyni zamanda, Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün ikimərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Daşkəsən şəhərində rayon statistika idarəsinin, MTN-nin rayon şöbəsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri ayrılıb. Rayonda Hidrometroloji Stansiyanın yeni binasının tikintisi və avadanlıqlarla təmin olunması üçün təkliflərin hazırlanması məqsədilə mütəxəssis rayona dəvət olunub. 2011-ci ildə Daşkəsən şəhərinin küçələrinə asfalt örtüyünün salınması üçün hazırlıq işləri görülür. Daxili imkanlar hesabına şəhərin "Cümə" məscidi əsaslı təmir edilib, Daşkəsən şəhərində yeni iaşə və məişət xidməti göstərəcək binanın tikintisinə başlanılıb. Mədəniyyət və səhiyyə obyektlərində təmir-bərpa işləri üçün hazırlıq işləri görülür. Şəhərin sel sularının təsirindən dağılmış, sıradan çıxmış obyekt və qurğuların, müxtəlif su kanalizasiya sisteminin təmiri üzrə işlər görülür.

Rayonun perspektiv inkişafı haqqında Daşkəsənin keyfiyyətcə yeni inkişaf mərhələsinə adlaması üçün perspektiv planlar da maraq doğurur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Tədbirlər Planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulub. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev bizimlə söhbət zamanı bildirdi ki, bu tədbirlərin 2-si ölkə əhəmiyyətlidir, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu üçün nəzərdə tutulub. Bunların sırasında Aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə olan tələbatın təminatının yaxşılaşdırılması; regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi; rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi; regionda ölkə əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri, yenidən qurulması və tikintisi; Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması; dağ-mədən sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin və yeni müəssisələrin yaradılmasının dəstəklənməsi; bitkiçilik, heyvandarlıq və arıçılığın inkişafının dəstəklənməsi və digərləridir.

"Xüsusilə, qeyd edim ki, daşkəsənlilər YAP-a böyük etimad göstərirlər, Azərbaycanın ən ucqar bölgələrindən biri olmasına baxmayaraq, Daşkəsən rayonu siyasi aktivlik, ictimai-siyasi fəallıq baxımından həmişə diqqəti cəlb edib" fikrini vurğulayan Ə.Abıyev onu əlavə edərək bildirdi ki, rayon əhalisi Yeni Azərbaycan Partiyasına dərin inam və etibar bəsləyir, partiya sıralarına qəbul olunmaqdan yüksək qürur və fəxr duyduqlarını ifadə edirlər. Rayon sakinləri Ümummilli Lider Heydər Əliyev ideyalarına həmişə sadiq qalaraq ictimai-siyasi, iqtisadi-sosial proseslərdə öz fəallıqları ilə həmişə seçiliblər. Onlar indiyə kimi keçirilən bütün seçkilərdə Ulu Öndərin davamlı siyasi kursuna, bu siyasəti yeni inkişaf mərhələsində gücləndirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdiriblər. Bunun nəticəsidir ki, rayonda YAP-ın üzvü olmaq istəyən insanların sayı hər il durmadan artır. Təkcə bu ilin 6 ayı ərzində rayon təşkilatının sıralarına 74 qadın, 97-i gənc olmaqla, ümumilikdə, 160 nəfər daxil olub. Hazırda YAP Daşkəsən rayon təşkilatı öz sıralarında 3627 nəfəri birləşdirir. Hazırda rayon təşkilatında partiya üzvlərinin 1214 nəfərini gənclər təşkil edir. YAP Daşkəsən rayon təşkilatında qadınların fəallığı da xüsusi diqqət çəkir. 1470 nəfər qadının üzv olduğu rayon təşkilatında zərif cinsin nümayəndələrinin birbaşa təşəbbüsü ilə müntəzəm olaraq müxtəlif tədbir və seminarlar təşkil olunur, ölkə həyatının inkişafına səbəb olan aksiyalar keçirilir. Bir sözlə, rayon sakinləri dərin inam və qətiyyətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatları dəstəkləyərək davamlı olan xoş sabahlar naminə YAP-a böyük etimad göstərirlər. Rayon rəhbərliyi dövlətimizin yaratdığı imkanlardan istifadə edərək, Daşkəsənin gələcəkdə daha yüksək inkişaf etmiş və Azərbaycanın güclü sənaye-aqrar-turizm potensialına sahib olan bir bölgəyə çevrilməsi üçün əməli fəaliyyəti davam etdirəcəyini vəd etdi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər