Ölkənin siyasi arenasında fəaliyyət göstərən partiyaların maliyyələşməsi məsələsi bu gün gündəmə çıxan ən çox mövzulardan biri kimi qəbul olunmaqdadır. Belə ki, müəyyən zamanlarda bir sıra siyasi təşkilatlar öz fəaliyyət prinsiplərində qeyri-şəffaflıq nümayiş etdirməklə, ictimaiyyət arasında qınaq obyektinə çevrilirlər.
Əsasən də, həmin təşkilatlar radikal müxalifətə mənsub olan partiyalardır ki, onların pərdəarxası məqamlarında maliyyə fırıldaqları, antidövlətçilik addımları, ilk növbədə, dayanan hallardandır. Məhz bu səbəbdən, "Siyasi partiyalar haqqında" qanunun qəbuluna zaman-zaman ehtiyac duyulur. Yəni "Siyasi partiyalar haqqında" qanunun qəbulu və siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi gündəmdə olan əsas məsələ kimi öz yerini tutmaqdadır. Lakin radikal müxalifətdən fərqli olaraq, konstruktiv fəaliyyət göstərən partiya sədrləri də partiyaların maliyyələşməsi məsələsində şəffaf fəaliyyətin vacibliyi barədə danışırlar. "Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsinin gündəmə gəlməsinin ciddiliyi nəzərə alınmalıdır" deyən ASDP sədri Zərdüşt Əlizadə sadalanan məsələ ilə bağlı öz fikrini ifadə edərkən deyib ki, ölkədə kifayət qədər ictimai şüura təsir edən, eyni zamanda, ətrafında iki-üç nəfəri belə cəm etməyən partiyalar mövcuddur ki, onların fəaliyyətlərində qeyri-ciddilik müşahidə olunur. "Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" qanun ciddi bir məsələdir. Çünki ölkədə hədsiz dərəcədə və çox sayda siyasi təşkilatlar var ki, onlar yalnız bir sədrdən və bir qovluqdan ibarətdirlər".
Onların bir partiya kimi fəaliyyətlərinin ümumiyyətlə nəzərə çarpmadığını bildirən onu da deyib ki, onlar rəsmi şəkildə qeydiyyatdadırlar. Bu isə cəmiyyətdə, istər-istəməz anarxizm yaradan amillərdəndir: "Ona görə də, Yeni Azərbaycan Partiyasının siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi ilə bağlı təklifi çox düzgün təklifdir. Dəqiq bilinməlidir ki, həqiqətən də, strukturları, üzvləri, kifayət qədər bazası olan partiyalar yenidən qeydiyyatdan keçsin. Müxalifət nümayəndələrinin isə bu məsələnin əleyhinə çıxmalarını onların getdikcə öz dayaqlarını itirmələri ilə izah etmək olar. Çünki son olaylardan da, açıq gördülər ki, xalq birmənalı şəkildə müxalifətin bədnam niyyətlərindən imtina edir. Eyni zamanda, bir çox partiyalar var ki, onlar öz ətraflarında digər müxalifət qurumlarını da cəm edib görüntü yaratmağa çalışırlar. Bunların sırasında Müsavat partiyası, AXCP (i)-ni xüsusi ilə qeyd etmək lazımdır. Bu cür partiyalar ətraflarına yedək partiyalar yığaraq, bloklar, birliklər yaradırdılar. Beləliklə də, özlərini böyük göstərib xaricilərin nəzərinə səbəb olmağa çalışırlar. Onların məhz belə bir fürsəti əllərindən çıxacaqlarına görə, bu cür mühüm məsələlərə qarşı çıxırlar".
"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı bir çox prinsiplərin burada öz əksini tapmasını arzulayırıq. Bunu isə Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa "Siyasi partiyalar haqqında" qanun layihəsinin qəbulu ilə bağlı səslənən fikirlərə öz münasibətini açıqlayarkən belə deyib. O bildirib ki, BQP bu məsələyə geniş, kompleks şəkildə baxılmasının tərəfdarıdır: "Partiyaların yenidən qeydiyyatdan keçməsini heç də doğru hal kimi qəbul etmək olmaz. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" qanun"da ciddi dəyişikliklər aparılmalıdır. Burada fəaliyyətləri heç bir halda müşahidə olunmayan partiyaların fəaliyyətini dayandırma mexanizmi doğru tapılmalıdır". Seçkilərdə və ümumiyyətlə iki seçki prosesində iştirak etməyən partiyaların fəaliyyətinin dayandırılması bağlı konkret qərarın verilməsinin daha məqbul olduğunu da deyən F.Mustafa siyasi təşkilatların yenidən qeydiyyatdan keçmək məsələsinə görə addımın atılmasının bir az yanlışlığa səbəb ola biləcəyini də söyləyib. "Eyni zamanda, belə bir addımın atılması, öz növbəsində, beynəlxalq təşkilatların iradlar irəli sürməsinə gətirib çıxarar. Sadəcə olaraq, fəaliyyətsiz partiyaların fəaliyyətinin dayandırılmasına dair müvafiq bir maddələr nəzərdə tutulması daha məqbul variantdır".
"Partiyaların ədalətli maliyyələşməsi həll olunarsa, həm parlament daxilində, həm də, parlamentdən kənarda cəmiyyət daxilində elektoratı, nüfuzu olan partiyaların maliyyələşmənin subyekti olması mümkündür" deyən BAXCP sədri Qüdrət Həsənquliyevin fikrincə qanun əgər dəyişdirilirsə, burada məhdudlaşdırıcı varianta getmək, əslində, ziyanlı bir addım olar. "Burada da çox demokratikləşmə və partiyaların rolunun artırılması istiqamətində dəyişiklər edilməsi vacibdir" deyə partiya sədri bildirib.
RÖVŞƏN RƏSULOV