PDF Oxu

Sosial

  • 8

Mirzə Adıgözəl bəy və onun “Qarabağnamə”si

Mirzə Adıgözəl bəy və onun “Qarabağnamə”si

Azərbaycan tarixşünaslığının XIX əsr Azərbaycanda tarix elminin inkişafı və onun xüsusiyyətləri uzun müddət tədqiqatçıların diqqət mərkəzində uzaqda qalmış və lazımınca öyrənilməmişdir. Bu, əlyazması halında qalmış bir çox əsərlərin lazımınca öyrənilməməsi və çoxu fars dilində olan həmin sənədlərin elmi - tənqidi mətni tərcüməsi edilmədiyindən tədqiqatçıdan müəyyən filoloji hazırlıq və əlyazmaları özərində işləmək vərdişi tələb etməsilə ilə əlaqədardır.

XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı ayrıca tədqiqat mövzusu olmaq etibarı ilə bu gün böyük elmi əhəmiyyətə malikdir. Bu mövzunun öyrənilməsi nəticəsində biz müxtəlif müəlliflərin bu və ya digər tarixi hadisəyə münasibətində və izahatında özünü ictimai - siyasi tendensiyaları aydın görürük. İctimai hadisələrin araşdırılmasında tarixi materializm yeganə elmi və obyektiv metodologiya olduğu oxuculara təqdim edilmişdir.

Şübhəsiz, Azərbaycan tarixçilərinin bu sahədəki tədqiqatları nəticəsində yaranmış elmi irsi nəzərdən keçirmədən həmin mövzunun öyrənilməsi mümkün deyildir. Məlum olduğu kimi inqilabdan əvvəlki Azərbaycanda çarizm milli - müstəmləkə siyasəti nəticəsində ölkənin iqtisadi və mədəni cəhətdən geri qalması Azərbaycan tarixinin, xüsusilə, tarixşünaslıq məsələlərini dərindən öyrənilməsinə imkan vermişdir.

XIX əsr tarixçilərindən ancaq A.Bakıxanov, Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Mir Mehdi Xəzani və Kərim Ağa Fatehin yaradıcılığı üzərində dayanan, onların əsərlərini təhlil edən H.İmanov doğru olaraq onları Azərbaycan zadəgan - mülkədar tarixşünaslığın nümayəndələri kimi xarakterizə etmişdir. İ.P.Petruşevski və V.N.Levitova kimi sovet alimləri tərəfindən də bu sahədə bir sıra nəzərə alınması zəruri mühüm işlər görülmüşdür. İ.P.Petruşevskinin A.Bakıxanov, Mirzə Camal, Mirzə Adıgözəl bəy, Mir Mehdi Xəzani, Kərim Ağa Fateh, Hacı Seyid Əbdülhəmid kimi müəlliflərin həyat və yaradıcılıqlarına həsr edilmiş tədqiqat və mülahizələrin bu tarixçilərin öyrənilməsində diqqətə layiqdir.

V.N.Leviatovun, Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinə yazdığı müqəddimə və müəllifin tərcümeyi - halına dair tədqiqatı da elmi əhəmiyyətə malikdir. Müəllif müqəddimədə əsərin təhlilini verməklə, Mirzə Adıgözəl bəyin bu və ya digər tarixi hadisəyə münasibətini izah etməyə çalışır. V.N.Leviatovun Mirzə Adıgözəl bəyin tərcümeyi - halına həsr edilmiş tədqiqatında isə rəsmi sənədlər əsasında, tarixi hadisələrin inkişafı fonnunda onun həyat fəaliyyətini aydınlaşdırır. Lakin V.N.Leviatov hər iki əsərdən tərcümə vasitəsilə faydalandığı üçün yanlış olaraq Mirzə Adıgözəl bəyin (1845), Mirzə Camalın əsərində (1847) istifadə etməsi fikrini irəli sürür.

1950 - ci illərin ortasından etibarən Azərbaycan tarixşünaslığı bir çox müəlliflərin nəzər - diqqətini özünə cəlb etdi. Ə.Ələkbərzadə, Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, Ə.N.Quliyev, İ.M.Həsənov, İ.V.Striqunov, F.Babayev, S.Rüstəmov və Ə.Şükrüzadə kimi tədqiqatçılar tərəfindən bizim mövzu ilə əlaqədar nəşr edilmiş qiymətli əsərlər bu dövrün məhsuludur. Bu əsərlərdə tarixşünaslığımızın inkişaf səviyyəsi ilə əlaqədar mövcud olan bəzi məhdudiyyətlərə baxmayaraq, bir sıra yeni məlumat verilir və qiymətli mülahizələr irəli sürülür.

XIII əsrin sonu və XIX əsrin başlanğıcında Azərbaycanın həm daxili, həm də xarici vəziyyəti olduqca mürəkkəb idi. bir tərəfdən ölkədə natural təsərrüfatın, feodal pərakəndəliyinin hakim olması, digər tərəfdən ölkənin iqtisadi həyatına böyük zərbə vuran feodal ara müharibələri və yadelli işğalçıların istiklakçı yürüşləri Azərbaycanın ictimai - iqtisadi inkişafına mane olurdu.

Azərbaycanda mövcud tarixi şəraitdən doğan bir sıra daxili və xarici amillər XIX əsrin başlanğıcında Şimali Azərbaycanın Rusiya ilə birləşdirilməsi üçün zəmin hazırlanmışdır.

Şimali Azərbaycanın tamamilə Rusiya ilə birləşdirilməsi 1801- ci ildə Gürcüstanın Rusiya himayəsinə girməsi ilə başlanır. Gürcüstan ilə birlikdə Qazax və Şəmşədil sultanlıqlarının Rusiya himayəsini qəbul etməsi ilə başlanan bu hadisə 1828 - ci il Türkmənçay sülh müqaviləsi ilə bitir.

Rusiya tərkibinə daxil edilməzdən əvvəl Azərbaycan geridə qalmış feodal - partiarxal münasibətləri ölkəsi idi. Birləşdirmə dövründə (1804-1828) ölkələrin iqtisadiyyatında müəyyən irəliləmə müşahidə olunursa da, Azərbaycanın iqtisadi - siyasi həyatında canlanma Türkmənçay sülhündən sonrakı asayiş dövrü ilə başlanır.

Azərbaycan Rusiya tərkibinə daxil ediləndən sonra çar hökuməti burada öz siyasi və iqtisadi mövqeyini möhkəmləndirməyə başlanmışdır.

Beləliklə, mədəniyyət sahəsində maarifçiliyin meydana gəlməsi üçün şərait yaranır. A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, M.F. Axundov, H.Zərdabi və S.Ə.Şirvani kimi bir sıra yeni fikirli şəxsiyyətlərin meydana gəlməsinə zəmin hazırlanır. Məlumdur ki, belə bir tarixi şərait və onun doğurduğu mədəni yeniliklər Azərbaycanda tarix elminin inkişafına da öz təsirini göstərməyə bilməzdi. Demək, biz Azərbaycan tarixinin bu dövrünə aid olan üç salnamədən bəhs etmək olar.

Bunlardan biri Məhəmməd Rəzi Təbrizinin "Zinət üt - təvarix"i, ikincisi Məhəmməd Sadiq Mərvəzinin "Cahanara" adlı əsəri, nəhayət, üçüncüsü Əbdülrəzzaq Dunbulinin "Məasiri - Sultaniyyə"sidir.

Yazdıqları tarixi hadisələrin iştirakçısı və şahidi olmuş bu salnamələrin əsərləri Azərbaycanın XIX əsrin birinci rüb tarixini öyrənmək üçün dəyərli mənbələrdəndir. Hər üç müəllif Fətəli şah dövründə yaşayıb, sarayda müəyyən mənsəb sahibi olmuşlar.

Azərbaycanın Rusiya tərkibinə daxil edilməsindən sonra köhnə salnaməçilik ənənələrini davam etdirən, yalnız və hökmdarların tərcümeyi - halına, fəaliyyətinə həsr edilən əsərlərdən biri də Kərim Ağa Şəkixanov tərəfindən tərtib edilmiş "Şəki xanlarının ixtisar üzrə tarixi"dir. Bu əsər 1829-cu ildə azərbaycan dilində yazılmışdır. "Fateh" təxəllüsü ilə şeirlər yazan Kərim Ağa Şəkixanov Şəki hakimi Fətəli xanın oğludur. Xalq arasında mövcud şifahi rəvayətlər əsasında Nuxada hökmdarlıq etmiş xanların tərcümeyi - halı və siyasi fəalyyətindən bəhs edən Kərim Ağa öz əsərini müxtəsər də olsa XIX əsrin birinci onilliyinə qədər davam etdirir. Olduqca yığcam məzmuna malik "Şəki xanlarının ixtisar üzrə tarixi" Səlim xanın oğlu Fətəli xanın general Nebolsin tərəfindən Şəkiyə xan təyin olunması və nəhayət, xoylu Cəfərqulu xanın Rusiya himayəsinə keçməsilə əlaqədar olaraq Şəki xanlıqlarının ona tapşırılması (1806) ilə bitir.

Qarabağ xanlığının tarixinə həsr olunmuş əsərlərdən bu dövrə aid olanları Mirzə Adıgözəlbəy və Mirzə Camalın "Qarabağnamə"ləridir. Bu müəlliflərin hər ikisi öz ictimai mənşəi və vəziyyəti etibarı ilə Qarabağ zadəgan - mülkədarlarına mənsub olduqlarından əsərlərində də Qarabağ xanlarının keçmişini, həyat və fəaliyyətini işıqlandırmağa çalışmışdır. Hər iki əsər rəsmi çar məmurlarının tapşırığı ilə yazılmışdır. Hər iki "Qarabağnamə"də Cavanşır nəslindən olan Pənah xan, İbrahim Xəlil xan və Mehdiqulu xanın dövründə baş verən əsər hadisələrə dair geniş məlumat verilir. Hər iki əsər Rusiya - İran və Rusiya - Türkiyə münasibətlərinə dair ən mötəbər mənbələrdəndir.

İstər Mirzə Adıgözəlbəy, istərsə də Mirzə Camal həm Qarabağ xanlığında müəyyən xidmətdə olduqlarından, həm də çar hökumətinin Qafqazdakı idarə işlərində yaxından və fəal iştirak etdiklərindən qələmə aldıqları hadisələrin təsvir və şərhində Ruusiya dövlətinə hüsn - rəğbətlərini ifadə etmişlər.

Kimdir, Mirzə Adıgözəl bəy?

Bu ad tarix elmi aləminə müəyyən qədər məlumdur.

Tarixçilər onu "Qarabağnamə" salnaməsinin müəllifi kimi tanıyırlar.

Mirzə Adıgözəl bəy öz həyatı haqqında olduqca qısa məlumat verir. Buna görə onun bu məlumatlarını həyat və fəaliyyətlərinin müxtəlif dövrlərini işıqlandıran materiallarla tamamlanmağı lazım bildik. Mirzə Adıgözəlbəy təqribən 1780 - ci ildə Şuşada anadan olub, Azərbaycan tarixçisidir. Əsli Qarabağdandır. Xan divanında, sonralar isə rus ordusunda qulluq etmişdir. Mirzə Adıgözəl bəy yazır ki, Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah qoşunları ilə Qarabağa daxil olaraq Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf yollandı və Tiflis şəhərini tutdu.

Bu hadisələr, yəni Şuşanın mühasirəsi 1795 - ci ilin yayında, Tiflisin İran qoşunları tərəfindən alınması isə, həmin il sentyabr ayının 12 - də baş vermişdir. Beləliklə, Mirzə Adıgözəl bəyin 1795 - ci ildə məktəbin yayında, yəni 9 ilə 14 yaşları arasında olduğunu təsəvvür etsək, onun VIII əsrin 80 - ci illərində və daha doğrusu, 80 - ci illərin əvvəllərində anadan olduğunu təyin etmək çətin deyildir, çünki tərcümeyi - halda verilən başqa məlumatlardan görünür ki, Mirzə Adıgözəl bəy 1799 - cu ilin axırları və 1800 - cü ilin əvvəllərində Tiflis və Gürcüstan padşahı nəzdində olan Rusiya nazirinin yanında qulluq edirdi. Buna görə də, onun bu zaman 18 - 20 yaşlarında olduğunu güman etmək olar.

Bu zaman Rusiya hökumətinin Azərbaycan xanlıqları ilə olan münasibətində böyük bir dönüş yarandı. II Yekatirina hökuməti Azərbaycan xanlıqlarının işinə getdikcə daha artıq qarışmağa başladı. Nəhayət, 80-ci illərin birinci yarısının sonlarında, Şimali Azərbaycan xanlıqlarını Rusiya ilə birləşdirmək məqsədilə, bu xanlıqları öz himayəsi altına almaq siyasətinə keçdi. Quba xanı Fətəli xan qüdrətli şimal dövləti ilə əlaqə saxlamağın lazım olduğunu hiss edərək, vaxtın tələbinə görə, getdikcə daha artıq Rusiyaya istinad etmək siyasətinə meyil edirdi. Həştərxan və onun vasitəsilə Rusiyanın başqa şəhərləri ilə olduqca möhkəm iqtisadi əlaqələrində olan Şamaxı, Bakı və Dərbənd tacir və sənətkarlarının mühüm hissəsi ona rəğbət bəsləyirdi. Beləliklə, Adıgözəl bəy hələ fəaliyyətinin ilk zamanlarında Rusiya ilə daha geniş əlaqə saxlamağa cəhd edən və öz nəzərlərini şimala çevirmiş olan adamlara yaxınlaşa bilərdi.

Adıgözəl bəy öz tərcümeyi - halında yazır ki, Ağa Məhəmməd şahın qoşunları yaxınlaşdığı zaman onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı "İyirmi dörd" mahalında yaşayan göçərilərlə birlikdə Qarabağı tərk edərək Gürcüstana qaçmışdı. Adıgözəl bəygilin ailəsi də İran qoşunlarının vəhşi hərəkətlərindən canlarının qurtarmaq məqsədilə doğma yurdlarını tərk edərək Şirvan, Şəki vilayətlərinə və gürcüstana qaçmış Qarabağ əhalisinin əksəriyyəti kimi, böyük əziyyətlər çəkmişlər. Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır əziyyətə rast gəlirdilər. Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsi çəkdiyi bütün əziyyətlər başqa qaçqınların da başına gəldi. 1796 - cı ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi. 1796 - cı il yaz fəslinin əvvəllərində Ağa Məhəmməd şah öz qoşunları ilə Astarabad və Xocasana getdi.

1796 - cı ilin yayında II Ekaterina hökuməti tərəfindən göndərilmiş Rusiya qoşunları Şimali Azərbaycana daxil oldular. Onlar Quba, Şamaxı, Bakı, Gəncə şəhərlərini tutdular. Lakin həmin 1796 - cı ilin payızının axırlarında II Ekaterinanın ölümündən sonra I Pavelin fərmanına əsasən Rusiya qoşunları Azərbaycan torpaqlarından çəkilməyə başladılar və 1797 - ci ilin yazında Azərbaycanı tamamilə tərk etdilər. Şühbəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə məlum idi. yəqin ki, o, bu hadisələrin şahidi və iştirakçısı olmuş, müxtəlif adamlarla görüşmüşdür. Doğma vətənin talan edilməsi, aclıq, əhali kütlələrinin iztirabı, İran hakimiyyəti tərəfindən törədilən fəlakətlər Adıgözəl bəyin şüurunda dərin iz buraxdı.


(Ardı var)

Digər xəbərlər