ATƏT fəaliyyətsiz quruma çevrilib
1994-cü ildən bu günə qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzəri cəlb edən mexanizm ortaya qoya bilməyib. Bu da həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlardan yanaşmaları ilə bağlıdır.
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycanın hərbi varianta əl atacağı ilə bağlı verdiyi bəyanatlardan sonra, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa buna etiraz bildirən mövqe ortaya qoyublar. Daha konkret desək, Fransa prezidenti hərbi variantdan çəkinməklə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib. Eyni məktubu Ermənistan prezidenti Serj Sarkisyana göndərən Fransa prezidenti, bununla da sülh danışıqlarının nəticəsiz qaldığını bilə-bilə problemin uzanmasında maraqlı olduğunu nümayiş etdirmişdir. Təbii ki, Azərbaycan səslənən bu cür bəyanatlarla razılaşmayacaqdır. Ölkəmiz haqlı olaraq da BMT-nin nizamnaməsində əks olunan müddəalara əsasən, bu problemi hansı yolla olursa-olsun, həll etməklə işğal olunan əraziləri azad etməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına çalışacaqdır.
Politoloq Elman Nəsirli bizimlə söhbətində qeyd etdi ki, ATƏT-in Minsk Qrupu həmsədrləri çox gözəl bilir ki, işğalçı tərəf kimdi və işğala məruz qalan ölkə hansıdır:
- ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanın qeyri-konstruktiv mövqeyinə dözümlülük göstərərək, izah edirlər ki, istənilən halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar vəziyyətin hərbi müstəviyə keçməsindən daha yaxşıdır. ATƏT-in Minsk Qrupu həmsədrləri düşünürlər ki, Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqların limiti tükənməyib və bu münaqişəni sülh yolu ilə həll etməyin potensialı hələ də var. Dağlıq Qarabağ məsələsi ətrafında aparılan istənilən görüşdən sonra, həmsədrlərin bəyanatında belə bir ifadə öz əksini tapır ki, bu danışıqlarda müəyyən mənada irəliyə doğru addımlar atılıb. Amma münaqişə ətrafında hansı addımlar atılıb və bu addımlar nədə öz əksini taparaq ifadə olunması ilə bağlı aydınlıq gətirmirlər. Həmsədr ölkələrin münaqişəyə bu cür yanaşmalarının özü heç bir halda düzgün deyil. Nəticə etibarı ilə bu, münaqişənin uzanmasına gətirib çıxarır. Həmsədr ölkələr içərisində daha çox Rusiya münaqişə ilə bağlı məsələlərdə işğalçı Ermənistanın tərəfində olan bir dövlətdir. Bu da, heç şübhəsiz ki, həmsədr olaraq onun neytral mövqedə qalmasına uyğun gəlmir. Bir sözlə, Rusiya tərəfi Ermənistanı himayə etməsi statusuna daha çox uyğun hərəkət edir. Dağlıq Qarabağ probleminin həlli ABŞ-ın xarici siyasət prioritetlərində ön mövqedə deyil. Düzdür, bu münaqişə ilə bağlı ABŞ-ın konkret mövqeyi var. Son iki ilə yaxındır ki, ABŞ Fransa ilə birlikdə bu məsələyə daha çox kənar müşahidəçi statusunda çıxış edir. Yəni, ATƏT-in Minsk Qrupu həmsədrləri ölkələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olduqları görüntüsü yaradırlar. Təəssüflər olsun ki, 1994-cü ildən üzübəri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iş fəaliyyətində irəliyə doğru konkret addım atılmayıb.
- Deməli, ATƏT-in Minsk Qrupu formal bir qurumdur?
- ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bu və ya digər məsələləri həll edən zaman sırf özlərinin geosiyasi maraqlarından çıxış edirlər. Təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Rusiya, Fransa və ABŞ-ın mövqeləri bir halda üst-üstə düşür. Bu mövqe də ondan ibarətdir ki, sözügedən münaqişə öz həllini sülh yolu ilə tapmalıdır. Artıq 20 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar gedir. Lakin bu danışıqların heç bir nəticəsi yoxdur. Doğrudur, bu münaqişənin həll olunması ilə bağlı olaraq Rusiyanın təşəbbüsü ilə görüşlər keçirilir. Rusiya tərəfi istəsə işğalçı Ermənistanın mövqeyini dəyişərək, problemin həllinə nail ola bilər. Birmənalı şəkildə, demək olar ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəmir. Sanki proseslərin belə vəziyyətdə qalmağı onları qane edir. ATƏT-in Minsk Qrupunun həmsədrləri bilirlər ki, status-kvo vəziyyəti belə davam edə bilməz. Digər bir tərəfdən isə, bunu dəyişmək üçün real addım ataraq, Ermənistanın mövqeyini dəyişmək lazımdır. Yəni, qeyd etdiklərimin heç birinə ATƏT-in Minsk Qrupu həmsədrləri əməl etmirlər. ATƏT-in Minsk Qrupu həmsədrləri ölkələrinin konkret nəticəyə ünvanlanmış gedişlərini etmirlər. Burada üç həmsədr dövlətin hər biri Dağlıq Qarabağ probleminə münasibətdə düşünərək, qeyd edirlər ki, bu münaqişə sülh yolu ilə həll olunmalıdır və müharibəyə yol verilməməlidir. Nəticədə isə münaqişənin sülh yolu ilə həll olunmasında heç bir real addım atılmır.
GÜLYANƏ