PDF Oxu

Sosial

  • 12

Müxalifətin “Partizan” hərəkatı taktikası

Müxalifətin “Partizan” hərəkatı taktikası

Azərbaycan Ordusunu ləkələmək cəhdlərinin arxasında hansı məqsəd gizlənir?


Son vaxtlar Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsi, beynəlxalq aləmdə nüfuzunun artması, torpaqlarımızı işğal edən Ermənistan üzərindəki diplomatik uğurları bəzi xarici və daxili dairələrdə ciddi narahatlıq yaradıb. Əks tədbirlər görməyin vacibliyini hiss edən xarici düşmənlər daxildəki əlaltılarına lazımi göstərişlər veriblər. Nəticədə mediada ordumuza qarşı genişmiqyaslı ideoloji əməliyyat başladılıb.


Bir mərkəzdən idarə olunan qüvvələrin açıq fəaliyyəti


Müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi paraddan sonra əhalidəki ruh yüksəkliyi, ordumuzdakı döyüş ruhunun artması və Silahlı Qüvvələrimizin modent texniki bazaya, ən müasir silahlara- elektron idarəetmə sistemlərinə, irimiqyaslı əməliyyatlar aparmağa imkan verən ağır texnikaya, qüdrətli raket sistemlərinə... sahib olması bəzi xarici dairələrdə, xüsusilə, Ermənistanda ciddi narahatlıq yaradıb.

Lakin görünən odur ki, bundan narahat olan təkcə məlum xarici dairələr deyil. Ölkəmizin daxilində də belə narahatlıq keçirən qüvvələr var. Onlar həmişə olub, lakin fəaliyyətlərini hər zaman kritik məqamlarda gücləndirirlər.

Bəzi siyasi partiyalar, onların nəzarətində olan media qurumları və QHT-lər, konkret şəxslər bir mərkəzdən alınan xüsusi gizli tapşırıqlar əsasında koordinasiyalı sistemlə hərəkətə keçiblər.

Bəzi müxalifət qəzetləri artıq ordumuzdakı kiçik nöqsanları şişirtməklə işin istənilən nəticə verməyəcəyini anlayıb davamlı böhtan və şantaj kampaniyasına başlayıblar.

Qəzetçilik, milli mənafelər, dövlət maraqları, insani hisslər atılıb bir kənara, yalnız bir məqsəd qarşıya qoyulub- bu xalqın, bu dövlətin qürur yeri, ümid işığı olan ordunu ləkələmək üçün hərəkətə keçilib.

Maraqlıdır ki, hər dəfə danışıqlarda kritik məqam yarananda, müharibə ehtimalı yüksələndə "bizim" bəzi "qəzetlər" başlayırlar ordumuzla bağlı ağlına gələni yazmağa. Hətta bəzən elə şeylər yazırlar ki, bu nağıllara uşaq da inanmaz.

Məqsəd aydındır- xalqın orduya olan inamını sındırmaq, əhalidə və hərbçilərdə psixoloji ruh düşgünlüyü yaratmaq, ordu ilə cəmiyyət arasındakı qırılmaz telləri zəriflətmək. Bu məqsədin mahiyyətində nələrin, arxasında kimlərin dayandığını burada yazmaq artıq olardı.


Ordumuza qarşı

genişmiqyaslı ideoloji hücum kampaniyası

Azərbaycanda qərəzli qəzet imicini öz halal əziyyəti ilə qazanan qəzetlərin başında "Yeni Müsavat" və "Azadlıq" qəzetləri dayanır. Yeri gəlmişkən, "Azadlıq" radiosu və bir sıra digər xaricdən maliyyələşən və idarə olunan media qurumları da son illərdə qərəzçilik sindromundan ciddi əziyyət çəkir. Lakin bizi xarici media qurumları yox, "özümüzün" mediamız maraqlandırır, o üzdən mövzumuzun əsas məqamı müxalifət qəzetlərindən milli orduya edilən təxribatlar kampaniyası ilə bağlıdır.

Eyni mərkəzdən verilən komanda əsasında bu media orqanları başlayıblar "gəmidə oturub gəmiçi ilə dava etməyə". Yəni, Azərbaycan xalqı, Azərbaycan dövlətini və hakimiyyətini təhqir edib ləkələməyə cəhd edən bu qəzetlər ağlına və ağzına gələni yazırlar. Bu media orqanlarını bircə dəfə nəzərdən keçirmək kifayətdir ki, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərinin anlayasan.

Bu qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın "acından ölməsi", sosial problemlərin "partlayış" həddinə gəlib çatması kimi böhtanlar yer alır. Bu tip mətbuat vasitələrinin manşetləri, bir qayda olaraq, ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir.

Bu cür qərəzli, qeyri-obyektiv materiallar, böhtan, şantaj xarakterli yazılar dərc edən qəzetlər bu xalqın, bu dövlətin maraqlarından başqa nəyə desən xidmət edirlər. O üzdən də artıq belə qəzetlərin və onların yiyələrinin iç üzü ortaya çıxır.


Sözü çox uzatmadan konkret ünvanlara, misallara keçək


Məlum olduğu kimi, son günlərdə "Yeni Müsavat" qəzeti ordumuza qarşı təxribat xarakterli əməllərini daha kəskin şəkildə davam etdirir. Qəzetdə ordunun rəhbərləri haqda böhtanlar, hərbi siyasətimiz və hərbi sirlərin faş edilməsi istiqamətində materiallar yayımlanır.

Bu yazılanların yalan olduğunu ortaya çıxarmaq üçün bəzi faktlara keçək. Məsələn, Gəncə şəhərinin keçmiş hərbi komissarı Nəsibli Bəhmən Zahir oğlunun adından qəzetdə materiallar verilib.

Bəhmən Nəsibli özü redaksiyamıza göndərdiyi məktubda yazır: "Son vaxtlar "Yeni Musavat" qəzetində xəbərim olmadan, mənə müraciət edilmədən mənim adımdan yüksək vəzifəli şəxslərə qarşı yazılar yayımlanır. Redaksiya ilə əlaqə saxladım, bildirdim ki, 8, 13, 17 sentyabr tarixlərində yayımlanmış yazılarda mənim adımdan istifadə olunması, olmamış hadisələr haqda danışılması şərəfsizlikdir.

Xidmət etdiyim dövrdə müdafiə nazirindən və digər vəzifəli şəxslərdən narazılığım olmayıb. Üzümü, "Yeni Müsavat" qəzetinə tutub deyirəm ki, bəsdir, insanları ləkələmək, alçaltmaq, bəhtan atmaq kişilikdən deyil, şərəfiniz, qeyrətiniz olsun..."

Qeyd etdiyimiz fakt yeganə deyil və ordu ilə bağlı bütün digər məlumatlarda beləcə böhtan və yalandan başqa bir şey deyil. Bu əməllərlə məşğul olanlara etiraz olaraq artıq bir sıra ictimai təşkilatlar tərəfindən Mətbuat Şurasına müraciət edilib, ciddi tədbir görülməsi tələb olunur.

Adamlar onların hissləri ilə oynanılmasını sevmirlər, öz dövlətlərinin, seçdikləri rəhbərlərinin təhqir olunmasına, milli maraqların, dövlət mənafeyinin tapdanmasına dözmək fikrində deyillər.

Ölkəmizdə demokratiya, söz azadlığı yüksək səviyyədə inkişaf etdiyindəndir ki, hamı onların kimliyini bildiyi halda, "gözün üstdə qaşı var" deyən yoxdur. Bu isə həmin adamlara stimul verir ki, onlar şər, böhtan kompaniyalarını daha geniş formada davam etdirsinlər. Xalqın, dövlətin mənafeyi tələb edir ki, müharibə şəraitində olan bir ölkədə yalan istehsal edən qələmlə silahlanmış "partizan"ların fəaliyyətinə nəzarət edək.

Partizanlıq hörmətli, şərəfli bir fəaliyyət olub. Azərbaycan xalqı "partizan" deyildikdə, ilk növbədə, gözünün qarşısına Mehdi Hüseynzadəni gətirir. Belə böyük, şərəfli həyat yolu keçmiş bir qəhrəmanın fəaliyyəti də "partizan" adlansın, bizim içimizdə oturub düşmən dəyirmanına su tökən casusların da? Heç ədalətli olmazdı. O üzdən hörmətli oxucu yazımızın adındakı partizan sözünü nədən dırnağa aldığımızı artıq anlayıb bu sözü daha ədalətlisi ilə əvəzləyə bilər.


Elçin Bayramlı

Digər xəbərlər