Ölkədə fəaliyyət göstərən bir qrup müxalifət mətbuat təmsilçilərinin "Redaktorlar Birliyi" deyilən qurum yaratmaları monolit Azərbaycan mətbuatını bölmək arzularından irəli gəlmir ki? Ümumiyyətlə, mətbuatın müxtəlif qütblərə bölünməsinə səylər göstərilir. Bu, nədən qaynaqlanır? Bu məsələyə aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Mətbuat Şurasının yaranması və fəaliyyətinin güclənməsi mətbuatda üzə çıxa bilən problemlərin aradan qaldırılmasına təkan oldu. Jurnalistlər qurultayda seçdikləri və təmsil olunduqları Mətbuat Şurasının sıralarındadırlar. Jurnalistikada olan problemlərlə də MŞ məşğul olur. "Redaktorlar Birliyi"nin tərkibinə baxdıqda, orada ciddi media orqanlarına rast gəlinmir. Mətbuat Şurasının "qara siyahı"sında olan bir qrup qəzetlərin təşəbbüsü ilə yaradılmış və fəaliyyətinə siyasi don geyindirilən bir qurumdur. "Redaktorlar Birliyi" deyilən qurumun yaradılması siyasi maraqlardan irəli gələn bir məsələdir.
Mətbuatın müxtəlif qütblərə bölünməsinə səylər göstərənlər həmin qəzetlərə sifariş verən şəxslərin zövqündən qaynaqlanır. Çünki ayrı-ayrı qəzetlər müəyyən dairələrə bağlıdır. Yəni həmin qəzetlər müstəqil fəaliyyət göstərmirlər. Bir sözlə, onlara verilən sifarişlər əsasında fəaliyyət göstərirlər.
Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- "Redaktorlar Birliyi" adlı bir struktur vaxtilə Mətbuat Şurasına qədər fəaliyyət göstərib. Mətbuat Şurası yaradıldıqdan sonra, "Redaktorlar Birliyi" deyilən qurum öz fəaliyyətini başa çatdırıb. Adıçəkilən birlik fəaliyyətdə olduğu vaxtlarda ziddiyyətli bir qurum kimi yadda qalıb. Çünki mətbuat sahəsi ilə bağlı hər hansı bir qərarın qəbul olunmasında ortaq məxrəcə gəlmək mümkün olmurdu. Azərbaycan mediasının bütün spektrləri bu qurumda təmsil olunmurdu. Yenidən "Redaktorlar Birliyi" deyilən qurum yaratmaları ideyası meydana çıxan bir ideya deyil. Digər bir tərəfdən də, Mətbuat Şurasının "reket" jurnalistikasına qarşı apardığı mübarizə ilə bağlıdır. Yəni "qara piar"dan istifadə edən mətbuat orqanları, Mətbuat Şurasının obyektiv tənqidlərinə məruz qaldıqları üçün "Redaktorlar Birliyi" adı altında birləşərək, özlərini haqlı tənqidlərdən və ictimai qınaqdan qorumağa çalışırlar. Düşünürəm ki, onların "Redaktorlar Birliyi" deyilən qurumun yaradılması ideyası özəl maraqlardan irəli gəlir. Hesab edirəm ki, bu, hər hansı bir ciddi perspektivə yol açan deyil. Çünki vaxtı ilə "Redaktorlar Birliyi" deyilən qurumun üzvü olan şəxslər, media qurumları tərəfindən dəstəklənmir.
Gülyanə AĞAKƏRİMOVA