21 sentyabr Beynəlxalq Sülh Günüdür. Bütün dünya xalqlarının qeyd etdiyi bayram bəşəriyyətdə sülhyaratma proseslərinə dəstək olaraq sülhü qoruyub saxlamaq, xalqların rifahını yüksəltmək istiqamətində səylərin birləşdirilməsinə xidmət edir.
Beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə qeyd olunan gün böyük bir missiyanı reallaşdırır.
Bu gün dünyada gedən qloballaşma prosesi, dövlətlərin bir-birinə inteqrasiya olunması bəşəriyyətdə sülhün, əmin-amanlığın bərqərar olması, insanların humanizm prinsiplərinə söykənərək insanlığa, bəşəri dəyərlərə hörmətlə yanaşmaq məqsədi daşıyır. Dünya yaranandan tökülən qanlar, torpaq iddiası, zənginlik uğrunda savaşa qalxanlar tarixin ibrət dərslərində yararlanıb, sülh şəraitində yaşamaq arzusundadırlar. Belə bir sivilizasiyalı yüzillikdə yaşadığımız zamanda hansısa məqsədlə çıxış edib, savaş meydanında vuruşanlar dövlətlərarası münaqişələrin yaranmasına, insanların müqəddəs amalla yaşamaq məqsədinə qarşı çıxmış olurlar. Dünyada sülhə ehtiyac var. İnkişaf etmiş ölkələr, yüksək intellektə malik insanlar sülh şəraitində yaşamaq məqsədi ilə müxtəlif məzmunda olan tədbirlər keçirirlər.
Nə yazıq ki, Beynəlxalq Sülh Günü qeyd etdiyimiz bir zamanda erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bununla yanaşı, bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşayır. On minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırımı aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olub, minlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə, tarixi-mədəni abidələr məhv edilib.
Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə zəminində əhali ağır itkilərə məruz qalıb. Bu bəşər sivilizasiyasına qarşı bir zorakılıq aktıdır ki, Ermənistan tərəfindən həyata keçirildi. Bu gün uzun sürən sülh danışıqları, nüfuzlu beynəlxalq təşkilatları olan BMT, Avropa Şurası, ATƏT-in Minsk Qrupu və digər qurumlar vasitəsi və iştirakı ilə problemin həllinə cəhd göstərilsə də, hələ də məsələnin həllində öz müsbət nəticəsini vermir. Beynəlxalq təşkilatların sülhsevər missiyası məsələnin həllinə müvəffəq ola bilmir.
Bütün bunlara baxmayaraq, 21 sentyabr Beynəlxalq Sülh Günü Azərbaycanda da qeyd olunur. Çünki Azərbaycan sülh tərəfdarı olan dövlətdir. Bütün dünyada, o cümlədən, ölkəmizdə əlamətdar gün kimi ona görə qeyd olunur ki, insanların sülh diləyinin, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsi yalnız sülh şəraitində mümkündür.
Azərbaycan xalqı humanizm prinsiplərinə söykənərək, dünyada törədilən bütün müharibələrə, terror və faciələrə, Ermənistanın ölkəmizə, xalqımıza qarşı uzun müddətdən bəri davam edən təcavüzə qarşı etirazını bildirir. Dünyada və Cənubi Qafqazda sabitliyə, sülhyaratma proseslərinə sivil dövlət olaraq təkan olur. Bununla yanaşı, dünya ictimaiyyətini, beynəlxalq qurumları haqq və ədalətin bərqərar olmasına, ədalətli qiymət verilməsinə çağırır. Bəşəriyyəti idarə edən amil sülhdür. İnsanların da bir çağırışı var: sülhü qoruyaq ki, üçüncü minilliyin sivil dövləti olaraq tarixə iz salaq. Azərbaycanla Ermənistan arasında olan münaqişə müharibə yolu ilə deyil sülh yolu ilə həll edilsin.
NƏZAKƏT ƏLƏDDİNQIZI