Suriyaya qarşı beynəlxalq təzyiqin artırılması məsələsi sentyabrın 20-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında ikitərəfli danışıqlar zamanı müzakirə edilib. Bu haqda jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods məlumat verib. Onun dediyinə görə, Ərdoğan və Obama Suriyaya münasibətdə beynəlxalq təşkilatların ciddi addım atmalarını mümkün hesab edib. Xatırladırıq ki, Suriya hökuməti ölkə daxilində müxalifətin etiraz aksiyalarını boğmaqda davam edir. Ərdoğan və Obama beynəlxalq təşkilatların Suriyaya sanksiyalar tətbiq etmələrini və siyasi təzyiq göstərmələrini münasib hesab edir.
ABŞ prezidenti Türkiyənin baş nazirinə İsraillə münasibətlərin yaxşılaşması yönündə müəyyən addımlar atmağı məsləhət görüb. Ağ Ev nümayəndəsi Liz Şervud-Rendall B.Obamanın məsələyə münasibətini bu cür şərh edir: "Prezident məsləhət görür ki, Türkiyə ilə İsraillə aralarında olan konflikti həll etsin və bu yöndə işi həmişə davam etdirsin". Ağ Ev nümayəndəsi B.Obamanın bütün Yaxın Şərq regionunda gərginliyin azaldılmasının vacibliyini də qeyd edib.
"İTAR-TASS" agentliyinin məlumatına görə, ikitərəfli görüşlərdən əvvəl, ABŞ və Türkiyə liderləri jurnalistlərə verdikləri bəyanatlarında, sentyabrın 20-də 3 insan həyatı bahasına başa gələn Ankarada baş vermiş terror aktı fonunda, terrorçuluqla mübarizə sahəsində sıx əməkdaşlıq əlaqələri quracaqlarını bildiriblər. "Hazırda terrorçuluq təhlükəsi dünyanın bütün ölkələrində mövcuddur. ABŞ və Türkiyə terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edəcəklər" deyə B.Obama bildirib. Ərdoğan isə, öz növbəsində, ABŞ və Türkiyə arasında "terrorçuluqla mübarizənin planlaşdırılması və gerçəkləşdirilməsi texnologiyası" üzrə əməkdaşlığın vacibliyini bildirib.