Dünən Mətbuat Şurasında "Mediada dil faktoru" mövzusunda dəyirmi masa keçirilib. Xatırladaq ki, bu şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsi çərçivəsində reallaşdırılan artıq ikinci toplantısıdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında şuranın mediada ana dilindən istifadə xüsusiyyətlərinə dair monitorinqin nəticələrini də açıqlayıb. Belə ki, layihənin may ayından icra olunduğunu deyən şura sədri qeyd edib ki, 4 ay müddətində ölkədə fəaliyyət göstərən KİV-lərin dil xüsusiyyətləri ilə bağlı ciddi araşdırmalar aparılıb: "Bu müddət ərzində, ümumilikdə, 21 min 786 pozuntu faktı aşkarlanıb. Onlardan 305-i leksik, qalanı isə qrammatik və üslub pozuntularıdır. Morfoloji qaydalara əməl olunmaması 2061, sintaktik qaydalara əməl olunmaması 7418, üslub pozuntuları 14056 dəfə olub. Əgər diqqətlə izləsək, bu gün jurnalistlərin yazdığı materiallarda orfoqrafiya lüğətinin prinsiplərinin pozulduğunu görərik. Bundan başqa, durğu işarələri ilə bağlı da çoxsaylı problemlər var. Əsas məqsədimiz problemləri ümumiləşdirmək və aradan qaldırmaq yollarını tapmaqdır. Bir neçə qəzeti çıxmaq şərti ilə, əksər qəzetlərdə bu sayaq pozuntular var. Bu məqsədlə yaxın günlərdə Mətbuat Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq. Bu gün redaksiyalarda korrektor vəzifəsi də yoxdur. Bunun üçün qəzetlərdə bu vəzifənin bərpa olunmasını məsləhətdir. Amma məlumdur ki, bu gün korrektor vəzifəsində çalışacaq ixtisaslı kadrlar çox azdır".
Layihənin eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov monitorinqin, ümumilikdə, 40 qəzetdə aparıldığını deyib: "Mətbuatda ən qorxulu məsələ morfologiyaya əməl edilməməsidir. Dilin qanunlarının pozulması birbaşa qanunların pozulması deməkdir. Telekanallarla müqayisədə mətbuatın dili xeyli yaxşıdır. Amma bu, o demək deyil ki, mətbuatda vəziyyət ürəkaçandır. Azərbaycan dili türk dillərindən biridir. Qəzetlərdə üslub və qrammatik səhvlərə çox sayda rast gəlinir. Beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır. İstənilən qəzetdə qrammatik səhvlərə rast gəlinir. Bəzilərinin elementar qrammatik üslubdan xəbərləri yoxdur. Dil qaydalarını pozanların inzibati qaydada cəzalandırılması zəruridir".
Tədbirin davamında mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılıb, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunub.
RÖVŞƏN NURƏDDİNOĞLU