Milli Məclisin payız sessiyasında "Diffamasiya haqqında" Qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Ekspertlərin gəldiyi qənaətə görə, Milli Məclis qanun layihəsini qəbul edə bilər. Mətbuat Şurasının sədri Əflatun Amaşov da mətbuata verdiyi açıqlamasında Mətbuat Şurasının hazırladığı "Diffamasiya haqqında" Qanun layihəsinin Milli Məclisə təqdim olunduğunu söyləyib.
Doğurdanmı bu qanunun qəbul olunmasına zərurət yaranıb? Bu qanunun qəbul olunmasından sonra mətbuatda şər, böhtan və ittiham xarakterli yazıların dərc olunması geniş xarakter daşımayacaq ki? Bu suallara aydınlıq gətirmək üçün qəzetlərin baş redaktorlarına müraciət etdik.
Aydın Quliyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru:
- "Diffamasiya haqqında" Qanun zəruri bir qanundur. Azərbaycan mətbuatının, jurnalist və beynəlxalq təşkilatların müəyyən tövsiyələri qanun layihəsində əks olunub. Mətbuat Şurasının ATƏT və Avropa Şurası ilə birlikdə hazırlamış olduğu layihə ortadadır. Bu layihə Milli Məclisə təqdim olunub. Bildiyimə görə, bu layihə Azərbaycanda mətbuatın inkişafı üçün maraqlı olan hakimiyyətin, ictimai təşkilatların, medianın, beynəlxalq təşkilatların baxışlarını, prinsiplərini lazımi səviyyədə əks etdirir və müəyyən balans yaradır. Milli Məclisin payız sessiyasında "Diffamasiya haqqında" Qanunun qəbul olunmasına ümidlər var. Demək olar ki, bu qanunun qəbul olunması, ölkədə mətbuatın inkişafında, mətbuatla cəmiyyətin, məmurların, qeyri-hökumət təşkilatlarının münasibətlərinin daha sivil müstəvidə tənzimlənməsində böyük rol oynayacaqdır.
"Diffamasiya haqqında" Qanunun qəbul olunması, mətbuatda çalışan jurnalistlərin yazdığı yazılara görə tamamilə cəzasız buraxılmasına şərait yaradılması kimi başa düşülə bilməz. Fikrimcə, ölkə mətbuatında bu qanunun qəbul olunması, o demək deyil ki, mətbuatda olan jurnalistlər özbaşına buraxılacaq. Düşünürəm ki, bu qanunun qəbul olunması, mətbuat və jurnalistika üçün tam cəzasızlıq şəraitinin yaradılması kimi başa düşülə bilməz. Əksinə, burada daha çox inzibati və iqtisadi sanksiyalar, yəni həbslə bağlı olmayan cəza üsulları nəzərdə tutulur. Fikrimcə, "Diffamasiya haqqında" Qanunun qəbul olunması, mətbuatda şərəf və ləyaqətin tapdanması, təhqir olunması prosesi arasında əlaqə axtarmaq düzgün deyil. Ölkə mətbuatında "Diffamasiya haqqında" Qanunun qəbul olunmasının praktikada pis fəsadlar verə biləcəyini inandırıcı saymıram.
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
- Ölkə mətbuatında "Diffamasiya haqqında" Qanunun qəbul olunması ilə bağlı bir çox müzakirələr aparılırdı. Həm Mətbuat Şurası çərçivəsində, həm də MŞ-dən kənarda, yəni jurnalist birlikləri və ayrı-ayrı media ekspertləri bu məsələlərlə bağlı öz fikirlərini bildirib. Düşünürəm ki, Azərbaycan mətbuatında "Diffamasiya haqqında" Qanunun qəbul olunmasına ehtiyac var. Ölkə mətbuatında söz və fikir azadlığına çox ciddi şəkildə yanaşmaların olduğu bir vaxtda bu qanun qəbul olunmalıdır. Çünki həm Avropa Şurası, həm də digər qurumlar öz hesabatlarında belə bir qanunun Azərbaycanda olmadığını əsas gətirərək, ölkəmizə qarşı bu və ya digər dərəcədə istifadə edirlər. Azərbaycan dövlətinin imici üçün, beynəlxalq aləmdə artan nüfuz baxımından əhəmiyyətli olduğunu qəbul etməliyik və belə bir qanunun qəbuluna maraqlı olmalıyıq. Burada heç bir jurnalist yazdığı yazıya görə cinayət məsuliyyəti daşımamalıdır. Yəni, həmin jurnalist yazdığı yazıya görə məhkəmənin qərarı ilə cəzalandırılmamalıdır. Düşünürəm ki, Milli Məclisin payız sessiyasında "Diffamasiya haqqında" Qanun layihəsi qəbul olunacaqdır.
Yunus Oğuz,"Olaylar" qəzetinin baş redaktoru:
- Düşünürəm ki, "Diffamasiya haqqında" Qanun çoxdan qəbul olunmalı idi. Avropa Şurası qarşısında olan öhdəliklərdən biri də ölkə mətbuatında bu qanunun qəbul olunmasıdır. Fikrimcə, jurnalist yazdığı yazıya görə həbs olunmamalıdır. Düzdür, bu günə qədər jurnalistlərimiz yazdığı heç bir yazıya görə həbs olunmayıb. Amma "Diffamasiya haqqında" Qanunun qəbul olunmasına zərurət var. Düşünmək olar ki, qanunun qəbul olunmasından sonra mətbuatda şər, böhtan və ittiham xarakterli yazıların dərc olunması geniş xarakter daşımayacaq. Demək olar ki, indi də şər və böhtan xarakterli yazılar dərc olunur. Çünki "reket" qəzetlər özlərinə şər və böhtan xarakterli yazılar yazmaqlarını əsas silah kimi götürərək, istifadə edirlər.
GÜLYANƏ AĞAKƏRİMOVA