PDF Oxu

Sosial

  • 15

“Xural”ın Lənkərandakı son “oyunu”

“Xural”ın Lənkərandakı son “oyunu”

Son illər reketçiliyi özünə peşə seçən üzdəniraq jurnalistlərin min oyundan çıxmaları ictimaiyyət tərəfindən kəskin halda qınanılmışdır. Belə ki, bu cür "jurnalistlər"in hərəkətləri o dərəcədə azğınlaşmışdır ki, onlar milli-mənəvi dəyərləri də heçə sayırlar. Bu baxımdan "Xural" qəzetini, xüsusilə qeyd etmək lazımdır. Lənkəran rayon Kərgəlan kəndində baş vermiş məlum olay rayon sakinləri tərəfindən ciddi narazılıqla qarşılanmışdır.

Özünü "söz sahibi" hesab edən "Xural" qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin sərxoş vəziyyətdə törətdiyi əməllər barədə mətbuatda açıqlama verilmişdi. Baş verən son olay "Xural"la bağlı ilk neqativ hadisə deyildir. Jurnalist etikasından kənar olan və cəmiyyətin ciddi qınağına səbəb olan bu hərəkətlər, son olmamaqla yanaşı, həm də cinayət xarakteri daşıyan əməllərdəndir. Belə əməllərin sonu isə, təbii olaraq, dəmir barmaqlıqlar arxasına yönəlir.

Dünən Beynəlxalq Mətbuat Mərkəzində reket jurnalistikası ilə bağlı problemə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mövzu ilə bağlı mətbuat konfransında çıxış edən zərərçəkmiş Mirbaba Tahirovun vəkili Ağakişi Nağıyev bildirdi ki, "xuralçı" A.Canıyev Lənkəran rayon Səpnəkəran kənd məscidinin dini rəhbəri Mirbaba Tahirovdan bir neçə dəfə pul tələb etmişdir. Həmçinin, o da vurğulandı ki, həmin üzdəniraq jurnalistlərin müxtəlif təbəqələrinə mənsub vətəndaşların mənəviyyatına və şəxsiyyətinə toxunan, təhqir xarakterli, qeyri- obyektiv yazılarla "Xural"ın səhifələrində tez-tez imzalar atmışdır. İctimaiyyət tərəfindən etirazla qarşılanan həmin yazılarla bağlı Mətbuat Şurasına edilən 6 müraciətdən də aydın olur ki, "Xural" "sarı mətbuat" imicini çoxdan qazanmışdır.

Qeyd edək ki, bölgələrdən daxil olan müraciətlərə obyektiv yanaşan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında və "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasında müzakirələr aparılaraq iradlar təhlil edilmiş, qaldırılan məsələlərə obyektiv qiymət verilmişdir. Mətbuat Şurasına bir neçə şikayətin daxil olması, onu göstərir ki, "reketçilik" tərzi "Xural"ın köhnə ənənəsidir. "Xural"ın əməkdaşı A.Canıyevin törətdiyi cinayət əməlləri də deyilənləri bir daha təsdiqləyir.

Mətbuat konfransında çıxış edən zərərçəkmişin vəkili A.Nağıyev A.Canıyevin dini icmanın nümayəndəsini təhqir etdiyini, baş və kürək nahiyyəsindən zərbə vuraraq ona cismani xəsarət yetirdiyini söylədi: "Kənd sakinlərinin də qeyd etdiyi kimi, məscidə gəlməzdən əvvəl həmin kəndində yaşayan Zenfira Xəlilovanın evinə gedən Aydın, onun qızı, həmkar kimi tanıdığı Gülüş Xəlilovanı övladlarının yanında təhqir etmiş, ünvanına nalayiq, əxlaqa sığışmayan sözlər işlətmişdir. Gülüş və Zenfira Xəlilovalar onu intizama dəvət etmək istərkən sərxoş vəziyyətdə olan Aydın daha da azğınlaşaraq, söyüş söyməklə yanaşı, evin pəncərələrini sındırmış, məişət əşyalarını, dibçəkləri dağıdaraq ev sahiblərinə xeyli maddi və mənəvi ziyan vurmuşdur. Səs-küyə gələn qonşuların köməyi ilə Xəlilovaların evlərindən uzaqlaşdırılan Aydın Canıyev Səpnəkəran kənd "Sahib Əzzaman" məscidinin həyətinə daxil olaraq həmin məscidin dini rəhbəri, ibadətlə məşğul olan Mirbaba Tahirovun, eləcə də, bütün din xadimlərinin ünvanına nalayiq söyüşlər işlətmiş, əli ilə məscidin pəncərələrinin 61 şüşəsini və pəncərədə olan taxta şəbəkəni qırmış, müqəddəs evə 150 manatdan artıq zərər vurmuşdur".

A.Nağıyev onu da bildirdi ki, yalnız sahə müvəkkili Mircan Quliyev gəldikdən sonra onu zərərləşdirmək mümkün olmuşdur: "Aydın Canıyevin törətdiyi əmələ qanunauyğun hüquqi qiymət verilmiş, Lənkəran ŞRPŞ tərəfindən cinayət işi başlanaraq istintaq aparılmış, törətmiş olduğu cinayətin ictimai təhlükəliliyi, cəmiyyətdə mənfi qarşılanması, insanların ibadət etdiyi yerdə qatı xuliqanlıq etməsi və digər hallar nəzərə alınaraq, barəsində həbs qətimkan tədbiri seçilmiş, 2 ay müddətində azadlıqdan məhrum edilmişdir".

Baş verən hadisələrə münasibət bildirən Lənkəran şəhər "Cümə" məscidinin axundu Qəni Axundzadə söylədi ki, dünyada tolerant dövlət kimi tanınan respublikamızda hamıya nümunə olmalı jurnalistin insanlığa və hüquq normalarına zidd bu kimi hərəkətləri bağışlanılmazdır: "Azərbaycanda islami dəyərlərə həmişə hörmətlə yanaşılmış, din xadimlərinə diqqət və qayğı göstərilmişdir. "Xural"ın əməkdaşının törətdiyi çirkin əməlləri islami dəyərlərə, bütünlükdə isə, din xadimlərinə hörmətsizlikdir".

Mətbuat konfransında çıxış edən zərərçəkmiş Mirbaba Tahirov qeyd etdi ki, hər bir jurnalist özünün peşəsinə və qələminə hörmətlə yanaşmalı, öz yazılarında cəmiyyətdə gedən prosesləri obyektiv işıqlandırmalıdır: "Aydın Canıyev isə peşəsinə uyğun işini qurmalı olduğu halda başqa yol tutmuş, sərxoş vəziyyətdə Azərbaycan qadınının şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermiş, müqəddəs yerə gələrək xuliqanlıq hərəkətlərini etmişdir. İnanıram ki, Aydın Canıyev və onun kimilər törətdiyi əməllərinə görə qanun qarşısında cavab verəcək, cəzalarını alacaqlar".

Mətbuat konfransında, həmçinin, xüsusilə, vurğulandı ki, A.Canıyev Lənkəran Dövlət Universitetində təhsil alan qızlar haqqında da əxlaq və etik qaydalarından kənar ifadələr işlətməklə, ümumilikdə, Azərbaycan qadınına, milli-mənəvi dəyərinə qarışı əxlaqsız davranış göstərmişdir.


R.HÜSEYNOVA

Digər xəbərlər