Ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini daha da ucaltmaq, tarixi gerçəklikləri bütün dünyaya bəyan etmək, danılmaz tarixi həqiqətləri məqsədyönlü şəkildə təhrif edərək, öz xalqına başdan-ayağa saxta tarix yazan erməni "alimləri"nin saxtakarlıqlarını durmadan ifşa etmək hər bir azərbaycanlının və ilk növbədə, alimlərimizin müqəddəs borcudur. Bu sahədə Azərbaycan alimləri tərəfindən xeyli faydalı iş görülüb, tədqiqatlar aparılıb, monoqrafiyalar və kitablar yazılaraq, nəşr edilib və edilməkdədir. Bu istiqamətdə növbəti layihəni Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant şəklində maliyyə dəstəyi ilə millət vəkili, AMEA akademiki Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva reallaşdırır. İnstitutdan aldığımız məlumata görə, "Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi" adlı layihə üzərində iş bu ilin aprel ayından başlanıb. Layihə çərçivəsində G.Baxşəliyeva 20 iyun-10 iyul tarixlərində İspaniya və Fransaya ezam olunub, bu ölkələrin bir sıra kitabxana və arxivlərində axtarışlar aparıb, yüzlərlə qədim xəritə və atlasları nəzərdən keçirərək, 80-dən çox xəritənin surətini çıxarıb, elektron variantını hazırlayıb, çəkilişlər aparıb. Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. Gətirilən bir çox mühüm sənədlər sırasında orijinalları Hamburq, Bolonya, Cota, Leyden, Paris, London, Berlin və Vyanada saxlanılan qədim ərəb və fars əlyazmaları var ki, bunlarda Azərbaycana aid xəritələrin və onların Avropa alimləri tərəfindən hazırlanmış transkripsiyalarının fotosurətləri əks olunub.
X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir. Məsələn, onlardan birində Azərbaycan əraziləri şimalda Bab əb-əbvabdan bir qədər də yuxarıyadək torpaqları, cənubda indiki Cənubi Azərbaycan ərazisini və ondan daha cənubda yerləşən Ərməniyyə vilayətinin, əl-Kəbir və əl-Sağır daxil olmaqla, böyük hissəsini əhatə edir.
Xəritədə Azərbaycan ərazisinə Dərbənd, Şabran, Şəki, Qəbələ, Şəmkir, Gəncə, Bərdə, Bərzənd, Əhər, Ərdəbil, Mərənd, Marağa, Təbriz, Səlmas, Xoy, Hilat, Bidlis, Miyanə və s. şəhərlər daxildir. Xəritədə aydın görünür ki, "böyük" və "kiçik" Ərməniyyə tarixi Azərbaycan torpaqlarından cənubda yerləşib və yer adından başqa bir şey deyildir. Beləliklə, bu xəritə bir daha təsdiq edir ki, erməni təbliğatının dənizdən-dənizə "böyük Ermənistan" xülyası böyük yalandan başqa bir şey deyildir.
Gətirilmiş sənədlər ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu, Fərat çayının yuxarılarında qədim Assuriya və Mesopotamiya ilə sərhəddə məskunlaşdığını və zaman-zaman indiki Türkiyə və İranın ərazisinə köç etdiklərini əyani şəkildə nümayiş etdirir. 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmayıb. Bu, tarixi reallıqdır və əldə edilmiş yeni xəritələri bunu bir daha təsdiq edir.
XV-XVII əsrlər Avropa alim, səyyah və xəritəşünasların tərtib etdiyi xəritələr də çox mühüm əhəmiyyətə malikdir. Abraham Orteliusun 1570 və 1606-cı illərdə çap olunmuş Avropa xəritələri, Georq Sansonun 1669-cu ilə aid, Guiljelmo Blacuvun isə üzərində tarixi əks olunmayan Asiya qitəsinə aid xəritələri və digər naməlum müəlliflərin əsərləri bu qəbildəndir.Sonrakı dövr Avropa xəritəşünaslarının tərtib və nəşr etdirdikləri xəritələr də erməni təbliğatının yalan üzərində qurulduğunu sübut edir. XVIII-XIX əsrlərə aid bu xəritələrdən 1877-ci ildə tərtib edilmiş Qafqazın xəritəsi (Qota, Almaniya), A.Fon Petermannın hazırladığı Qafqazın fiziki-coğrafi xəritəsi, dr.H.Kiepertin 1854-cü ildə Berlində nəşr etdirdiyi Qafqaz ərazilərinin xəritəsi, eləcə də, Gilyermo del İslenin, N.Sansonun (1724), Fridrix de Vitin (1775), Antonio Zattanın (1785) və digərlərinin xəritələri Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi sənədlərdir. Digər xəritələr qrupunu isə çar Rusiyası zamanı hərbi topoqrafik depoda və Əlahiddə Qafqaz Korpusunun Baş Qərargahı nəzdindəa tərtib edilmiş və İmperator Rus Coğrafiya Cəmiyyəti tərəfindən müxtəlif illərdə nəşr edilmiş Qafqaz və onun müxtəlif quberniya və uyezdlərini əks etdirən xəritələr təşkil edir. Bunlardan əlavə, İstanbul Baş Bakanlığı arxivindən Qafqaza aid Osmanlı xəritələrinin gətirilməsi də xalqımızın tarixi keçmişinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. XVII-XIX əsrin əvvəllərinə aid bu xəritələrdə Azərbaycanın tarixi coğrafiyası olduqca düzgün, obyektiv və dolğun əks olunub. Bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir. Araşdırmalar davam edir.
ZÜMRÜD