Dünən Kürdəmir icra hakimiyyəti YAP Kürdəmir rayon təşkilatı ilə birgə rayonun "Gənclər evi"ndə müstəqilliyimizin 20 illiyinə həsr olunan dəyirmi masa keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə tər çiçəklər qoyublar.
Sonra iştirakçılar və qonaqlar "Gənclər evi"nin foyesində "Müstəqil Azərbaycan-20", "Heydər Əliyev yolu ilə", "Azərbaycan müstəqillik yolunda", "Milli qəhrəman Mübariz İbrahimov" adlı sərgilərə baxıblar. Dəyiri masanı rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Əbülfət Mikayılov açaraq, müstəqil ölkəmizin son 20 ildə keçdiyi çətin və şərəfli yola bağlı fikirlərini bildirib. Sonra "Müstəqillik yollarında" adlı sənədli film nümayiş etdirilibdir.
Tədbirdə Xınıslı kənd tam orta məktəbinin direktoru İnqilab Məmmədov "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir", rayon təhsil şöbəsinin müdir müavini Əsgər Hüseynov "Heydər Əliyev ideyaları milli müstəqilliyimizin mənəvi güc mənbəyidir", şəhər 1 saylı tam orta məktəbinin müəllimi, ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi Lamiyə Baloğlanova "Heydər Əliyevin vətənpərvərliyi müstəqil Azərbaycan gəncliyi üçün örnəkdir", Carlı kənd tam orta məktəbinin müəllimi, Yazıçılar Birliyinin üzvü Abduləziz Xanəhmədoğlu "Heydər Əliyev Azərbaycanın müstəqillik simvoludur", rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzularında çıxışlar ediblər. Çıxış edənlər 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını xalqımızın həyatında tarixi bir hadisə kimi dəyərləndirmiş, o vaxt ölkəmizin üzləşdiyi ciddi problemlərdən, erməni təcavüzündən, düşmən qüvvələrinin Azərbaycanı parçalamaq kimi məkrli niyyətlərindən söz açıblar. Çıxış edənlər belə bir ağır zamanda xalqın istək və təkidi ilə ikinci dəfə ali siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi əbədi və dönməz etdiyini bildirdilər.
Dəyirmi masada çıxış edən rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov 20 ildə Azərbaycanın keçdiyi şərəfli tarixə həsr olunmuş məruzə ilə çıxış edib: "1991-ci il oktyabrın 18-də Azərbaycan dövlətinin suverenliyi rəsmən bəyan edilsə də, ilk illərdə müstəqilliyimizi qoruyub saxlamaq onu qazanmaqdan çətin oldu. Belə ki, bir tərəfdən xarici düşmənlər, digər tərəfdən isə ölkə daxilində gedən hakimiyyət davası Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Məhz belə bir çətin vaxtda Ümummilli Liderimiz Heydər Əliyev öz xilaskarlıq missiyası ilə, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və ölkədə yaranmış xaos və özbaşınalıqlara qısa vaxt ərzində son qoydu. Prezident İlham Əliyev Ulu Öndərin başladığı işləri uğurla davam etdirdi. Avropaya sürətlə inteqrasiya edən Azərbaycan məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün regionda lider dövlətə çevrilmişdir".
Aytən Səmədova